Kəngərli rayonunun Təzəkənd və Xıncab kəndlərində təcrübə məqsədilə tütün əkininə başlanılıb. Əkinlər “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı tərəfindən həyata keçirilir.
Tütün şırım üsulu ilə əkilir və indiyədək Təzəkənddə 7 hektar, Xıncabda isə 1 hektar sahədə əkin keçirilib, suvarma və becərmə işləri görülüb. Həmin sahələrdə Virciniya, Oriental və İzmir tütün sortlarından istifadə olunub.
Bu tədbirlər həmin yaşayış məntəqələri əhalisinin məşğulluğunun təmin edilməsinə öz müsbət təsirini göstərir. Tütün yetişdirilməsi ilə əlaqədar “Cahan Tobacco” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 20 nəfər işlə təmin olunub.
“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqından aldığımız məlumata görə, aparılan tütün əkinləri müsbət nəticə verərsə, əkinlər muxtar respublikanın müxtəlif bölgələrində də həyata keçiriləcək.
Qeyd edək ki, Xıncab kəndində bu il mart ayının 10-dan başlayaraq xüsusi tütün istixanaları yaradılıb. Hazırda tütün şitillərinin sahələrə köçürülməsi işi davam etdirilir. Əkin üçün məhz bu kəndlərin ərazisinin seçilməsinin səbəbi burada torpaqların tütünçülük üçün əlverişli olması ilə bağlıdır.
Xəbərlər şöbəsi