Son illərdə muxtar respublikamızda özəl sektorun inkişaf etdirilməsinə yaradılmış şərait çoxsaylı kiçik sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına səbəb olub. Bu sahədə aparılan islahatların nəticəsidir ki, hazırda muxtar respublikamızda kənd təsərrüfatından tutmuş özəl tibb müəssisələrinədək, un məmulatı sexlərindən dərman bitkilərinin istehsalına kimi xeyli sayda kiçik və böyük sahibkarlıq subyektləri fəaliyyət göstərir. Bu sahədə çalışan qadınlarımızın sayı da az deyil. Onlara hərtərəfli dövlət qayğısı göstərilir. 2000-2016-cı illər ərzində Sahibkarlığa Kömək Fondu tərəfindən yüngül və yeyinti sənayesi, xidmət sektorunun müxtəlif sahələri üzrə fəaliyyət göstərən qadın sahibkarlara 1 milyon 500 min manat həcmində kredit verilib.
Dahilərdən biri deyib ki, təsadüfün hökmü böyük olur. Bir təsadüf nəticəsində tanış olduğum ağbirçək xanım da muxtar respublikamızda aktiv fəaliyyəti ilə diqqətçəkən sahibkar qadın Elmira Əliyevadır. O, qədim Naxçıvan elində və hətta onun hüdüdlarından kənarda da böyük hörmətə, şöhrətə malik oftalmoloqdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu, Əməkdar həkim, SSRİ cərrahiyyə əlaçısı, ali kateqoriyalı göz həkimi Elmira həkim 45 ildir ki, bu sahədə “külüng çalır”, insanlara nur bəxş edir. O bildirir ki, hər peşənin, hər sənətin öz yolu var. Bu yol xidmət yoludur, xalqa, Vətənə bağlılıq yoludur. Həkimlərin qarşısında yalnız bir yol var: insan həyatının keşiyində dayanmaq... İnsan orqanizminin ən incə, ən ülvi, ən titrəyiş yeri gözüdür. Elə buna görə də göz həkimləri daha dəqiq, hər an ehtiyatlı, səbirli olmalıdır. Bu yol nə qədər zəhmətli olsa da, sonu işıqlı, sevincli bir yoldur. Həkim bütün ömrü boyu bu cür yanar hisslə yaşayır. Tanrının mənə bəxş etdiyi ömür payımda insanlara nur paylamaq nəsibim olub. Bunun üçün özümü bəxtəvər sayıram. Təqaüdə çıxdıqdan sonra işlərimi davam etdirmək, xalqıma, elimə-obama daha da yararlı olmaq üçün göz klinikası açmaq qərarına gəldim. Elə bu məqsədlə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etdim və dövlət dəstəyi ilə bu klinika fəaliyyətə başladı.
“Hilal” Məhdud Məsuliyyətli Cəmiyyətinin göz klinikası 1999-cu ildən fəaliyyət göstərir. Klinikada göz müayinəsi, müalicəsi və göz əməliyyatları aparılır. Bundan başqa, fizioterapiya, laboratoriya şöbələri muxtar respublika sakinlərinə yüksək dərəcədə xidmət göstərir. Mən bir həkim kimi göz bəbəyim qədər sevdiyim Naxçıvanımda insanlar üçün düzgün müalicə və müayinənin qüsursuz şəkildə aparılmasını təmin etməyə səy göstərirəm. El-obamın insanlarının gözlərinə nuru başqa ölkələrdə yox, məhz Naxçıvanda axtarmalarını təmin etməyə var gücümlə çalışır, öz Vətənimə, xalqıma xidmət etdiyim üçün qürur duyuram.
Elmira həkim qadın sahibkarlara, xüsusilə tibb sahəsinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirir və qeyd edir ki, qazandığımız uğurlar sahibkarlığa göstərilən dövlət qayğısının nəticəsidir.
Fəaliyyəti ilə tanış olduğum digər sahibkar xanım isə öz işinə böyük hörmətlə yanaşan qəhrəman ana, həyatının 35 ilini təhsilin inkişafına həsr edən, hazırda təqaüddə olan Rüxsarə Ağayevadır. Ailə təsərrüfatını kiçik müəssisəyə çevirən bu xanım öz ailəsi ilə bərabər, 7 nəfərə də qazanc qapısı açıb.
Şərur rayonu muxtar respublikanın ən böyük bölgəsi olsa da, burada Rüxsarə Ağayevanın lavaş sexini tanımayan yoxdur. Rayonun Cəlilkəndində fəaliyyət göstərən lavaş sexinin adını çəkən kimi, hamı bu ünvanı sənə nişan verə bilər. Hələ lavaş sexinə çatmamış bişən lavaşın ətri adama gəl-gəl deyir, desək, yanılmarıq. Axı biz naxçıvanlılar çörəyin bu növünü daha çox sevirik. Elə Azərbaycan mətbəxində də lavaş deyəndə, öncə, Naxçıvan yada düşür. Biz də bu lavaşın ətrinə gedib çatdıq Rüxsarə xanımın lavaş sexinə. Hal-əhval tutduqdan sonra sahibkar xanım bizi müəssisə ilə tanış etdi və bildirdi ki, 2014-cü ildə dövlət dəstəyi ilə fəaliyyətə başlayan müəssisənin avadanlıqları İran İslam Respublikasından gətirilib. Hazırda Cəlilkənd və ətraf kəndlərin camaatının çörəyə olan ehtiyacını ödəməyə çalışırıq. Yaşlı adamlar yaxşı xatırlayarlar: 90-cı illərin çətin vaxtları dəyirmanda üyütməyə taxılımız, çörək bişirməyə unumuz, süfrəyə qoyacaq çörəyimiz yox idi. Naxçıvan çox çətin günlər keçirirdi. Torpaqlar yiyəsiz qalmışdı, əkib-becərən yox idi. Müharibə və blokada sınağa çəkmişdi bu qədim yurdu. Ulu öndər Heydər Əliyevin gəlişi naxçıvanlıları çətin vəziyyətdən çıxardı.
Allah razı olsun dövlətimizdən. İndi öz torpaqlarımızı əkib-becərib, bol məhsul əldə edib, taxılı öz dəyirmanlarımızda bərəkətli una çevirib, çörəyimizi özümüz bişirməyə hər cür şərait yaradıb. Artıq çörək almaq üçün rayon mərkəzinə getməyimizə ehtiyac yoxdu. Necə deyərlər, taxılımız bərəkətli torpaqlarımızdan, duzumuz Duzdağımızdan, çörəyimiz də öz təndirimizdəndir.
Bəli, bütün bu könülaçan işlər bir daha sübut edir ki, Azərbaycan qadını ölkəmizin, eləcə də muxtar respublikamızın tərəqqisinə öz töhfəsini verir, doğma yurdumuzun daha da çiçəklənməsi naminə həyatın müxtəlif sahələrində, eləcə də sahibkarlığın inkişafında əzmkarlıqla çalışır.
Ramiyyə ƏKBƏROVA