23 Dekabr 2024, Bazar ertəsi

Ötən yay Nəhəcir kəndi ilə bağlı hazırlanmış və Naxçıvan Tele­viziyasının efirində yayımlanan videomaterialda kənd sakinlərindən biri təəssüratlarını belə ifadə etmişdi: “Dağların başına boyunbağı kimi dolanan yolları qət edib Nəhəcirə gəlmək daha əvvəlki kimi müşkül məsələ deyil. Sovet dönəmindən bəri bu ucqar dağ kəndinin uzun illər yığılıb qalan sosial problemləri də həll edilib”. Bu fikirlər özlüyündə bir çox çalarları ifadə edirdi. Hansı ki bu iki cümlədə Nəhəcirin bugünkü növrağı əks olunmuşdu. 


Əsrarəngiz Naxçıvan təbiəti

Səhər mehindən dəniz kimi dalğalanan taxıl zəmiləri, bu yal-yamacdakı alaçıqlarda köç salanlar, çiçəklər, al-əlvan rəngə boyanmış dağ yamacları insana xoş anlar yaşadır, onun ruhunu və təəssüratını zənginləşdirirdi. Çobanlar, sözün əsl mənasında, yuxularına haram qatıb sabahı bu çöllərdə açmışdılar. Mal-qara örüşə çıxarılıb, yerbəyer edilmişdi. Bu an Aşıq Ələsgərin təbiət mövzusunda qələmə aldığı “Yaylaq” şeiri yadıma düşür. Ustad aşıq yaylağın timsalında doğma Azərbaycan təbiətinə dərin məhəbbətini şirin poetik dillə, rəngarəng bədii vasitələrlə belə ifadə edirdi:

Gözəllər seyrəngahısan,
Görüm səni var ol, yaylaq!
Açılsın gülün, nərgizin,
Təzə mürgüzar ol, yaylaq!

Həqiqətən də, doğma yurdun təbiətini olduğu kimi oxucuya çatdırmaq üçün coşqun təbiətli bir şair olmaq lazımdır. Bəlkə də, Naxçıvan təbiətinin zənginliyindən, füsunkar gözəlliklərindən ilham alan Məmməd Araz, İslam Səfərli kimi şairlərimizin qələmindən süzülən poetik ifadələr və əzəmətli monumentlərə bənzəyən dağları, axar-baxarlı dərələri, kükrəyib daşan çayları kağız, kətan üzərinə köçürən Bəhruz Kəngərli kimi rəssamlarımızın fırçasından canlanan əsrarəngiz əl işləri ərsəyə gəlib.

Günəş ətrafa yenicə boylanarkən qırmızılıqdan üfüqlərdəki dağ silsiləsi kimi görünən buludlar əlvan rəngə boyanırdı. Söhbət dağdan düşmüşkən, sağ tərəfimizdə Naxçıvanın simvolu olan Haçadağ, irəlidə isə Nəhəcir və Əshabi-Kəhf dağları mərd, mətin və sayıqlığı ilə zamana meydan oxuyur. Özünəməxsus rəng çalarları olan Naxçıvan dağları dan yeri söküləndə bir başqa aləm olur. O dağlar ki Günəşi hamıdan qabaq salamlayırlar. Dəniz səviyyəsindən yüzlərlə metr hündürlükdə yerləşən bu təbiət abidələrinin başı çox vaxt qarlı-dumanlı olur.

Baltutan barmaq yalayar…

Nəhəcir kəndinin əkinəyararlı torpağı az olduğu üçün burada, əsasən, arıçılıq və maldarlıq geniş yayılmış təsərrüfat sahələridir. Kəndin həndəvərində də ətraf kənd­lərdən gətirilmiş neçə-neçə arı ailələrinə rast gəlmək mümkündür. Çünki bol məhsul əldə etmək üçün köçəri arıçılıq mütləqdir. Nəhəcirli Əli Tarverdiyevi bu tərəflərdə hər kəs təcrübəli arıçı kimi tanıyır. Müsahibimizin sözlərinə görə, erkən yazda qışlamadan çıxmış arı ailələri xüsusi qayğı tələb edir. Bu mənada, arıların yeri məkanından asılı olaraq may-iyun aylarında dəyişdirilməlidir. Arandakı sahibkarlar arılarını, əsasən, ucqar dağ kəndlərinə köçürürlər. Nəhəcirin zəngin təbiəti də bu baxımdan xüsusilə fərqlənir. Kərəm Ələkbərovun isə 30-a yaxın arı ailəsi var. Onun sözlərinə görə, dağ-dərələrdə bitən gül-çiçəyin nektarından hasilə gələn Nəhəcir balının dadı bir başqadır. Elə ötən il Naxçıvan şəhərində keçirilən “Arıçılıq məhsulları – bal” festivalına nəhəcirli arıçılar da öz məhsullarını çıxarmış, yaxşı qazanc əldə etmişlər.

* * *

Nəhəcirdə üz tutduğumuz ilk ünvan kənd məktəbi oldu. Çünki təhsil hər bir ölkənin parlaq gələcəyini müəyyənləşdirən amildir. Zamanında mənəvi təzyiqlərə məruz qalan, bütün çətinliklərə sinə gərərək məktəbdarlığın əsasını qoyan Məhəmməd Tağı Sidqi, Mirzə Cəlil kimi dahilərin torpağında bu gün ən müasir təhsil infrastrukturu yaradılıb. Son illər Naxçıvanda 200-dən çox məktəb binası tikilib və ya əsaslı şəkildə yenidən qurulub.
Haşiyə: Hazırda Babək rayonunun Payız və Gərməçataq kənd­lərində də yeni sosial obyektlər inşa olunur, təhsil infrastrukturu yenilənir.
Müsahibimiz Yaşar Quliyev deyir ki, indi Nəhəcir kənd tam orta məktəbi şəraitinə görə muxtar respublikanın digər təhsil ocaqlarından fərqlənmir. Naxçıvan şəhərindən, rayonun Zeynəddin və Kültəpə kənd­lərindən olan və təyinat əsasında burada çalışan müəllimlər məktəbdəki uğurların memarları sırasındadırlar. Baş memar isə şəksiz ki, dövlətimizdir. Kənd dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşdiyi üçün əməkhaqqı və pensiyalar 10 faiz artımla ödənilir. Məlumat üçün deyək ki, cari ilin aprel ayında keçirilən qəbul imtahanlarında 4 məzundan 3-ü uğurlu nəticə əldə edib. Təcrübəli Yaşar müəllimin oğlu Xəyal da atasının yolunu davam etdirərək məktəbdə onunla çiyin-çiyinə çalışır, gələcəyimiz olan gəncləri intellektli, vətənpərəvər, milli və mənəvi dəyərlərə bağlı ruhda tərbiyə edir.
2011-ci ildə Ali Məclis Sədrinin iştirakı ilə kənd və xidmət mərkəzləri, eləcə də müasir yol istifadəyə verilib. Kənd ağsaqqalı Yusif Muradov deyir ki, ötən əsrin sonlarında ölkəmizdə, o cümlədən muxtar respublikamızda olduğu kimi, Nəhəcirdə də vəziyyət ürəkaçan deyildi. Ümummilli lider Heydər Əliyevin Naxçıvana gəlişi, bu yurdu işğal təhlükəsindən xilas etməsi və ən nəhayət, xalqın təkidli tələbi ilə ikinci dəfə ölkəmizdə siyasi hakimiyyətə qayıdışı xalqın ümidlərini doğrultdu. Ulu öndərin ideyalarına sadiqliyin nəticəsidir ki, bu gün muxtar respublikanın bütün yaşayış məntəqələri müasirləşir, yeni görkəm alır. Nəhəcirdə elə ev yoxdur ki, şəxsi avtomobili olmasın. Hər gün Naxçıvan şəhərinə marşrutlar işləyir.
İkinci Dünya müharibəsi veteranı Kazım Hacıyev isə mövzuya başqa bir aspektdən yanaşır. Deyir ki, bu yaxınlarda faşizm üzərində qələbənin 72-ci ildönümü geniş qeyd olundu. Bununla bağlı veteranlarla görüş keçirildi, onlara hədiyyələr təqdim edildi. Dövlət başçısının müvafiq sərəncamı ilə mənə də min manat məbləğində birdəfəlik maddi yardım verildi. Pulsuz minik avtomobili ilə təmin olunmuş, eləcə də orden və medallarla təltif edilmişəm. Ötən əsrin 90-cı illərindən fərqli olaraq bu gün müstəqil Azərbaycan dövləti tərəfindən illər öncə göstərdiyimiz rəşadətə yüksək qiymət verilir.
Əlverişli coğrafi mövqeyi, gözəl təbiəti, özünəməxsus mətbəxi, eləcə də yüksək qonaqpərvərliyi ilə seçilən Nəhəcir yerli və xarici turistlərin maraq dairəsindədir. İndi birmənalı şəkildə demək olar ki, rayonun hər yerində, həmçinin ucqar dağ kənd­lərində infrastrukturun yenilənməsi kənd turizminin inkişafı üçün zəmin yaradıb. Kənd evlərində yaşayıb istirahət etmək, şəhər mühitindən uzaqlaşmaq, ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə qidalanmaq qonaqların da üstünlük verdiyi istirahət növüdür. İndi bu kənddə müasir yol, sürətli internet, təmiz dağ havası, buz bulaqlar, hündür dağ zirvələri, eləcə də mineral bulaqlar mövcuddur. Söhbət mineral bulaqlardan düşmüşkən qeyd edək ki, Nəhəcir dağının ətəyində yerləşən Şorsu bulağı öz müalicəvi əhəmiyyətinə görə seçilir. Yaxın-uzaq ellərdən gələnlər astma, mədə-bağırsaq və dəri xəstəliklərinin müalicəsində müstəsna rol oynayan bu sudan istifadə edirlər.

* * *

Gəzən ayağa daş dəyər, deyiblər. Nəhəciri dolanıb kənd adamları ilə söhbətimizi davam etdiririk. Muxtar respublikada kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı ilə bağlı dövlət proqramlarının qəbul edilməsi və icrası, torpaq mülkiyyətçiləri üçün yaradılan şərait, onlara göstərilən dövlət qayğısı bu kəndin adamlarını da doğma torpağa, təsərrüfata bağlayıb. Həsən Əhmədov 150,Vidadi Ələkbərov 80 baş xırdabuynuzlu heyvan saxlayır. Rasim Abbasov və Yunis Yaqubov isə 35 hektarda taxıl əkini aparıb. Müsahibimiz Rizvan Abbasov bildirir ki, son illərdə taxılçılığın inkişafına göstərilən dövlət dəstəyi təsərrüfatçıların bu əkin növünə marağını artırıb. Əldə olunan məhsulun bazarı olduğundan əkinlərin miqyası hər il artır. Həyətyanı sahələrdən də bu il bol məhsul tədarük olunacağı istisna deyil.
Müstəqillik illərinin bəhrəsini bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində görmək mümkündür. Min bir zəhmətlə əldə olunmuş sabitlik nəticəsində Naxçıvanın istər ucqar dağ və sərhəd, istər aran, istərsə də mərkəzində hansı yurd yerinə üz tutsaq, belə inkişaf və tərəqqini müşahidə edəcəyik. Elə Nəhəcirdəki kimi...

Muxtar RZAZADƏ
“Şərqin səhəri” qəzetinin redaktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR