Muxtar respublikamızın dilbər guşələrindən biri olan Ordubad ötən illərdə bu bölgəyə davamlı dövlət qayğısı hesabına müasir Azərbaycan rayonuna çevrilib. Hazırda Ordubad rayonunun Üstüpü kəndində kompleks quruculuq tədbirləri aparılır.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları kənddə zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət 340 şagird yerlik məktəb binasının və kənd mərkəzinin tikintisində çalışırlar.
Məktəb binasının zirzəmisində, birinci mərtəbəsində beton işləri yekunlaşdırılıb. Yeni binada müəllim və şagirdlərin ixtiyarına işıqlı sinif otaqları, kimya, biologiya, fizika laboratoriyaları, elektron lövhəli sinif, kompüter otağı, hərbi və şahmat kabinələri, idman zalı, bufet veriləcək.
Kənd mərkəzi binasının birinci mərtəbəsində isə qəlib işləri aparılır. Yaxın günlərdə burada xidmət mərkəzinin inşasına da başlanılacaq.
Kənddə digər abadlıq işlərinin də aparılması, kənddaxili yollara asfalt salınması nəzərdə tutulub.
Xəbərlər şöbəsi