23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 30 iyul tarixli “Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi yanında “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” Sərəncamı ilə fəaliyyətə başlayıb. Həmin gündən muxtar diyarımızda poçt müəssisələri bütün növ xidmətlərin təşkili üçün müasir texnologiyalarla təmin edilib, xidmətin səviyyəsi günü-gündən yüksəldilib.

Artan tələbat və yeni texnologiyaların bütün sahələrdə tətbiqi əhaliyə xidmət göstərən poçt bölmələrinin də yenilənməsini, avtomatlaşdırılmasını və yeni poçt bölmələrinin yaradılmasını zərurətə çevirib. Bu günlərdə Naxçıvan şəhərinin “Çənlibel” məhəlləsində əhalinin sıxlığı nəzərə alınaraq yeni – 17 nömrəli poçt bölməsi yaradılıb və istifadəyə verilib. Naxçıvan şəhərindəki 5 nömrəli poçt bölməsi isə əsaslı şəkildə yenidən qurularaq əhaliyə xidmət göstərməyə başlayıb. Hər iki poçt bölməsindəki işçi kompüterlər “Naxçıvanpoçt”un Məlumat Hesablama Mərkəzi şəbəkəsinə qoşularaq lazımi avadanlıqlarla təmin olunub.

Qeyd edək ki, hazırda “Naxçıvanpoçt” MMC 1 mərkəz, 7 filial və 164 poçt bölməsi ilə muxtar respublikamızda poçt xidməti göstərir. Bütün növ xidmət haqlarının yığılması üçün muxtar respublikada, ümumilikdə, 157 poçt məntəqəsi avtomatlaşdırılıb, burada 156 ədəd POS-terminal quraşdırılıb.
Məlumat üçün bildirək ki, “Naxçıvanpoçt” MMC tərəfindən hazırda mavi yanacaq, elektrik enerjisi, su, rabitə xidməti haqları, bələdiyyə, Yeni Azərbaycan Partiyası üzvlük, Dövlət Sosial Müdafiə Fondunun sığorta haqlarının və Dövlət Yol Polisi tərəfindən qeyd olunan cərimələrin qəbulu davam etdirilir. Bu xidmət haqlarını vətəndaşlarımız quraşdırılan POS-terminallardan istifadə etməklə də ödəyə bilir. Eyni zamanda elektrik enerjisi, sudan istifadə haqları və internet ödənişini onlayn ödəyə bilərlər. “Naxçıvanpoçt” MMC-nin kompüter şəbəkəsinin Mərkəzi Bankın Hökumət Ödəniş Portalına qoşulmasından sonra bu sistemə daxil olmuş bütün bank-maliyyə sektorunun və digər qurumların ödənişlərinin poçt məntəqələrində yığılması həyata keçirilir. Naxçıvan şəhərində qaz və elektrik sayğaclarının smartkarttipli sayğaclarla dəyişdirilməsindən sonra poçt bölmələrində həmin kartların yüklənməsi işinin təşkili üçün Naxçıvan Şəhər Rabitə İdarəsinin texniki binasında qoyulmuş server şəbəkəyə qoşulub. Eyni zamanda Naxçıvan şəhərində poçt bölmələri yeni kompüter və kart oxuyucu­lar ilə təmin edilib.
“Naxçıvanpoçt” MMC tərəfindən baratların, bağlamaların qəbulu və ödənişi, dövri mətbuatın abunə və satışı həyata keçirilir. Cəmiyyətin rayon filiallarının mərkəzi poçt şöbələrində elektron imza kartının verilməsinin təşkil edilməsi üçün müvafiq şəbəkə qurulub, “Elektron İmzanın Sertifikat Xidməti Mərkəzi” yaradılıb və lazımi avadanlıqlarla təmin edilib.
Eyni zamanda “Naxçıvanpoçt” MMC-nin nəzdində İtirilmiş əşyaların sahibinə çatdırılması xidməti, cəmiyyətin www.naxcivanpoct.az internet saytında “İtirilən əşyaların qeydiyyatı” bölməsi və xidmətin 225 nömrəli “qaynar xətt”i də fəaliyyət göstərir. İtmiş əşyaların sahibinə çatdırılması xidmətinin fəaliyyəti üçün bütün poçt bölmə və məntəqələrində lazımi şərait yaradılıb.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR