Qədim və zəngin tarixi keçmişə malik olan Naxçıvan çoxsaylı abidələri ilə tanınır. Onlardan muxtar respublikanın müxtəlif bölgələrində yerləşən imamzadələr xüsusilə seçilir. Sənətkarlıq və memarlıq baxımından yüksək zövqlə işlənən bu tarixi tikililər müstəqillik illərində hərtərəfli qayğı ilə əhatə olunublar. Onların bərpası və elmi əsaslarla tədqiq olunmasının qayğısına qalınıb. Məlumat üçün deyək ki, əvvəlki illərdə Naxçıvan şəhərində və Şərur rayonunun Xanlıqlar kəndində yerləşən imamzadələrdə bərpa işləri aparılıb.
Artıq may ayından etibarən Babək rayonunun Nehrəm kəndindəki “İmamzadə” türbəsində də bu işlər davam etdirilir. Hazırda türbənin fasadında yenidənqurma işləri aparılır. Türbə, təkyə və yardımçı binalardan ibarət olan böyük kompleksin ətrafında yaşıllıqlar salınacaq, işıqlandırma sistemləri qoyulacaq. Kompleksin özəyini təşkil edən türbənin içərisindəki qəbrin üstü sənduqə formasındadır. Əhali arasında yayılan rəvayətə görə, qəbirdə şiələrin yeddinci imamı Musa Kazımın oğlu Seyid Əqil dəfn olunub.
Görülən işlər nehrəmlilərin böyük sevincinə səbəb olub. Kənd sakini Hacı Əli Salahov və Tofiq Abutalıbov bildirdilər ki, Nehrəm milli və mənəvi dəyərlərə sıx bağlı bir yurd yeridir. Ötən ilin noyabr ayında Ali Məclis Sədrinin iştirakı ilə kəndimizdə daha bir məscid binası istifadəyə verildi. “İmamzadə”nin bərpa olunması isə islami dəyərlərə verilən yüksək qiymətin daha bir ifadəsidir. Ümumilikdə isə dini-mədəni və tarixi-memarlıq kompleksi olan bu tikilinin bərpası ölkə mədəniyyətinə və bəşər sivilizasiyasına verilən bir töhfədir.
İşlər yekunlaşdıqdan sonra həm ziyarətgah, həm də tarixi abidə kimi bu türbə Naxçıvana gələn yerli və xarici turistlərin ən çox üz tutacaqları məkanlar sırasında olacaq.
Muxtar RZAZADƏ