Özünün yeni inkişaf mərhələsini yaşayan Şərurda son illər həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri, reallaşdırılan iqtisadi layihələr bölgəyə böyük yeniliklər gətirib, insanların həyat səviyyəsi xeyli yüksəlib. Rayon mərkəzi, bölgənin kəndləri füsunkar bir gözəlliyə qovuşub, yenilənib, müasirləşib. Kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər bəhrələrini verib. Kənd yaşayış məntəqələrində müasir infrastruktur yaradılıb.
Hazırda bölgənin daha üç yaşayış məntəqəsi – Ərəbyengicə, Qarahəsənli və Ələkli kəndləri, sözün həqiqi mənasında, yeniləşmə mərhələsindədir. Arazqırağı zonada yerləşən bu yaşayış məntəqələrində iki ay əvvəl genişmiqyaslı tikinti-quruculuq tədbirlərinə başlanılıb. Bu tədbirlər çərçivəsində yeni obyektlərin tikintisi və ya mövcud obyektlərin yenidən qurulması, kəndarası yolların genişləndirilməsi, yol kənarlarındakı köhnə palçıq hasarların sökülməsi, yerində daşdan divar hörülməsi və suvanması, elektrik, qaz və rabitə xətlərinin yenilənməsi nəzərdə tutulub.
Hazırda Ərəbyengicə kəndində üçmərtəbəli, 192 şagird yerlik məktəb binası, həkim ambulatoriyası, Qarahəsənli kəndində 198 şagird yerlik iki mərtəbədən ibarət orta məktəb binalarının, hər iki yaşayış məntəqəsində kənd və xidmət mərkəzlərinin inşası sürətlə davam etdirilir.
Bu obyektlərin tikintisi Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinə həvalə olunub.
Rayonun Ələkli kəndinə də quruculuq tədbirlərindən pay düşüb. Burada da kompleks quruculuq tədbirləri həyata keçirilir, üç mərtəbədən ibarət 216 şagird yerlik orta məktəb binası, kənd və xidmət mərkəzləri, musiqi məktəbi üçün binalar inşa olunur. Tikinti işlərini “Artay” LTD-nin inşaatçıları həyata keçirirlər.
Tikilən bütün obyektlər mərkəzləşdirilmiş istilik sistemi ilə qızdırılacaqdır. Görülən işlər zamanı keyfiyyət amili və yerli inşaat materiallarından istifadə diqqət mərkəzində saxlanılır. Obyektlər lazım olan tikinti materialları ilə təchiz edildiyindən boşdayanma hallarına yol verilmir. İnşaatçılara yaradılan şərait bütün işlərin vaxtında yekunlaşdırılacağına inam yaradır.
Elman MƏMMƏDOV