Ölkənin müstəqil, sağlam milli iqtisadiyyatı onun zəngin ehtiyatları ilə yanaşı, həm də həmin ehtiyatların iqtisadi dövriyyəyə cəlb olunmasından asılıdır. Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən milli sahibkar təbəqəsi bu ehtiyatların maddi rifaha çevrilməsində mühüm rol oynayaraq iqtisadiyyatın əksər sahələrində geniş çeşiddə əmtəə və xidmətlər istehsalı üzrə çoxşaxəli inkişafın təmin olunmasına öz töhfəsini verir. Rəqabət mühiti şərtlərində sahibkarlara dəstək verilməsi, ümumilikdə, işgüzar fəallığın artırılmasına yönəlmiş fəaliyyət baxımından onların bir ictimai birlik ətrafındakı könüllü ittifaqının yaradılması mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası 2006-cı ildən bəri fəaliyyət göstərir. Konfederasiyanın ətrafında muxtar respublikada fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən ibarət çoxlu sahibkar birləşmişdir. Könüllülük əsasında belə bir təşkilatda birləşən sahibkarlarımızın məqsədi, şübhəsiz ki, Naxçıvan Muxtar Respublikasının hazırkı intibah dövründə regionun sosial-iqtisadi inkişafında daha da yaxından iştirak etmək, daxili bazarda məhsul bolluğu yaradıb daha keyfiyyətli xidmətlər təşkil etməkdir. Sahibkarlıq fəaliyyətinə başlamaq istəyən iş adamlarına düzgün yön verməyi əsas vəzifələrindən biri hesab edən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası sahibkarların hüquqlarını qorumağa, icra orqanları, bələdiyyələr və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq apararaq yaradılmış şəraitdən maksimum istifadə olunmasına köməklik göstərməyə çalışır.
Naxçıvan Muxtar Respublikasında özəl sektorun inkişafı asan olmamışdır. Blokadanın yaratdığı çətinliklər naxçıvanlı iş adamlarına öz layihələrini reallaşdırmaqda böyük problemlər yaratmışdır. Bəzi məsələlərdə bu çətinliklər hələ də hiss olunmaqdadır. Bundan əlavə, bazar iqtisadiyyatı şəraitində uğurlu fəaliyyət göstərə bilmək üçün biznesə yeni başlayan sahibkarlar metodoloji dəstəyə də ciddi ehtiyac duyurlar. Rəqabəti düzgün qiymətləndirmək, bazarı, real tələbatı və dövlətin yeritdiyi iqtisadi siyasət prioritetlərinə görə fəaliyyət növünü seçmək bir sıra hallarda vacib məsələlər kimi qarşıda durur. Məhdud resurslar şəraitində iqtisadi imkanların qiymətləndirilməsi, bazara lazımi əmtəə və xidmətlərin çıxarılması ideyasını reallaşdırmaq üçün sahibkara, ilk olaraq, informasiya təminatının verilməsi tələb olunur. Söz yox ki, işgüzar fəaliyyət üçün tələb olunan investisiya və innovasiya imkanları zəruri informasiya olmadan yaradıla bilməz. Ona görə də ölkədə və regionda sahibkarlığın inkişafını onlara göstərilən dövlət qayğısı olmadan təsəvvür etmək çox çətindir. Bu sahədə müəyyən problemlər hələ qalsa da, Sahibkarlar Konfederasiyası mövcud şəraitdə sahibkarları maraqlandıran əsas məsələlərdən biri olan bazar imkanlarının tapılıb düzgün qiymətləndirilməsində onlara öz köməyini göstərməyə çalışır. Çünki sahibkarlıq fəaliyyətinin bu əsas məqamı sahibkarın işgüzar dünyagörüşünün artırılması olmadan mümkün deyildir. Bu baxımdan sahibkarların sərgi və yarmarkalarda, konfrans və digər işgüzar görüşlərdə iştirakının təmin olunması xüsusilə vacibdir. Ona görə də Sahibkarlar Konfederasiyası Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi ilə birgə sahibkarların vaxtaşırı görüşlərini keçirir, eləcə də ölkəmizin paytaxtında və xarici ölkələrdə keçirilən tədbirlərdə iştirakını tövsiyə edir. Artıq naxçıvanlı sahibkarlar qonşu ölkələrlə yanaşı, Avropa və Asiyanın çoxlu biznes qurumları ilə sərbəst əlaqələr saxlayır, sərgi və forumlara dəvətlər alırlar.
Muxtar respublikada sahibkarların işinə, onların müvəffəqiyyətinə böyük diqqət göstərilir. Çünki hər bir uğurlu biznes layihəsi son nəticədə regionun daxili bazarının bolluğu, əhalinin rifahı deməkdir. Bu isə, bütövlükdə, dövlətin həyata keçirdiyi regional inkişaf siyasətinin mühüm bir hissəsidir. Bu gün Naxçıvan Muxtar Respublikasında istehsal olunan Ümumi Daxili Məhsulda özəl bölmənin tutduğu yer, 304 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi, son dövrlər ərzində on minlərlə yeni iş yerlərinin yaradılması və muxtar respublika iqtisadiyyatının investisiya cazibədarlığının artırılması kimi faktlar məhz ölkəmizdə qarşıya qoyulmuş çoxşaxəli inkişaf strategiyasının sözdə deyil, işdə dəstəkləndiyi bir regional inkişaf modelinin uğurlu göstəricilərindəndir. Təsadüfi deyil ki, cari ilin mart ayının 5-də “Duzdağ” hotelinin tədbirlər zalında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşündəki nitqində demişdir: “Muxtar respublikada həyata keçirilən iqtisadi islahatların əsas məqsədi olan güclü sahibkarlar təbəqəsinin formalaşmasına nail olmaq üçün dövlət orqanları bundan sonra da lazım olan köməkliyi göstərəcəkdir. İndi bizim qarşımızda bir vəzifə var. O da sahibkarlıq strukturlarında fəaliyyəti gücləndirməklə ölkəmizin, eləcə də muxtar respublikamızın iqtisadi qüdrətini daha da artırmaqdan, bununla yanaşı əhalinin rifah halını daha da yaxşılaşdırmaqdan ibarətdir”.
Hazırda naxçıvanlı sahibkarların və region iqtisadiyyatına investisiya qoyan digər iş adamlarının qarşısında bir məqsəd vardır: idxaldan asılılığı mühüm bir ölçüdə azaldılmış bir regionda daxili bazarın tələbatlarının ödənilməsi ilə yanaşı, ixracyönümlü məhsulların istehsalının da genişləndirilməsinə, regiona xarici turistlərin səfərləri hesabına valyuta gəlirlərinin artırılmasına çalışmaq.
Əli CABBAROV