İnsan həyatı, onun rifahı üçün bütün nemətlər vacibdir. Ancaq bunlar arasında elələri vardır ki, onların bir qismi istehlakının daimiliyi baxımından həmişə əhəmiyyətlidir. Qıt olduqda əsl problemlər yaradan ərzaq və enerji təminatı kimi sahələrin elə özünəməxsus xüsusiyyətləri vardır ki, burada aparılan düzgün planlaşdırma həyati təhlükəsizlik qədər əhəmiyyət daşıyır. Dünyada haqlı olaraq ərzaq və enerji təhlükəsizliyi kimi yanaşılan bu iki mühüm sahənin uğurlu fəaliyyəti iqtisadiyyatın digər sahələrinin də inkişafına təkan verir. Bu mövzu öz aktuallığı ilə, əslində, dövrümüzün insanlarına yaxşı tanışdır.
Enerji anlayışı kifayət qədər genişdir və bu barədə, demək olar ki, hər gün, hər yerdə və müxtəlif səviyyələrdə danışılır, müzakirələr aparılır. Təsərrüfatda və məişətdə müxtəlif enerji növlərindən istifadə etməklə insanlar həyatını asanlaşdıran, əl əməyini əvəz edən, soyuqda istiliyi, istidə sərin havanı təmin edən hər cür maşın və avadanlıqlar işlədir, enerjidən istifadə ilə yeni yollar, binalar tikilir, nəqliyyat, rabitə əlaqələri qurulur. Enerji ilə çörəyimiz bişir, gecələr şəhərimizin küçələri işıqlandırılır, məktəblər, xəstəxanalar işləyir, qəzet-jurnallar çap olunur, televiziya verilişləri aparılır… Bir sözlə, enerjinin gücü ilə insanın bütün həyatı dəyişir, onun quruculuq arzuları reallaşır desək, yanılmarıq. Ona görə də neçə əsrlər boyu dünyada bütün qlobal maraqların arxasında, əslində, enerji maraqlarının da gizləndiyi bu gün heç kəsə sirr deyil. Enerjidən asılı olmağın çətinliklərini Naxçıvanda kimdən soruşsan, şübhəsiz, hamının bu mövzuda danışmağa kifayət qədər məlumatı vardır. Çünki muxtar respublikamız son iki onillik ərzində keçdiyi çətin və mürəkkəb inkişaf yolu ilə enerji qıtlığına sinə gərib, bu yerlərin sərt qışında və isti yayında, sözün əsl mənasında, necə həyatda qalmağı uğurla sınaqdan çıxarmış, bu sahədə özünün təcrübəsini qazanmış unikal bir yerdir. Ona görə də bu gün bir çoxlarını düşündürən enerji təhlükəsizliyi məsələsinə bir daha qayıdarkən Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalı kimi vacib sahədə görülmüş işlərdən danışmağın və gələcəkdə görüləcək işlərə toxunmağın mühüm əhəmiyyəti vardır.
Elektrik enerjisi təminatı ilə bağlı məsələlər kifayət qədər mürəkkəbdir. Bu qiymətli nemətin istehsalı, istehlakı, habelə nəqli və satışı kimi texniki məsələlər digər sahələrdən, demək olar ki, tamamilə fərqlidir. Elektrik enerjisindən istifadə müasir insanın mədəni həyatını tamamilə dəyişdirdiyi kimi, ondan istifadə mədəniyyəti də mühüm bir anlayış kimi insanların düşüncəsinə hakim kəsilmişdir. Texnologiyanın bütün yeni nailiyyətlərinin məğzində məhz enerjiyə qənaət, daha az enerji sərfi ilə daha çox güc və səmərə güdülməsi, əslində, cəmiyyətdə məhdud resurslara yeni yanaşmanı, daha təmiz və saf ekoloji mühitdə yaşamağı formalaşdıran bir mədəniyyətdir. Həyatımızın hər addımında istifadə etdiyimiz elektrik enerjisinə bəzi köhnə yanaşmalarda kök salmış ”heç kimin malı” düşüncəsindən fərqli olaraq, hər kəsin rifahına xidmət edən, hamının həyatını asanlaşdıran ən vacib nemət kimi yanaşmaq, onun israfçılığına qarşı bir vətəndaş həssaslığı göstərmək dövrümüzdə bir mədəniyyət kimi qəbul olunmuşdur. Ona görə enerjiyə xərclənən hər manata dəyər verməklə hər bir enerji istehlakçısı öz mədəni səviyyəsini ortaya qoymalı, dövlətin bu sahəyə yatırdığı uzunmüddətli investisiyaların sosial əhəmiyyətinə düzgün qiymət verməyi bacarmalıdır.
Ölkəmiz enerji resursları ilə zəngindir. Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının səmərəli istifadəsi, yüksək texnologiyanın tətbiqi, onların dünya bazarına çıxarılması ilə respublikamızda qeyri-neft sektorunun sürətli inkişafı mümkün olmuş, yeraltı qara qızıl, sözün əsl mənasında, bütün ölkəmizə yayılmış yerüstü qızıla çevrilmişdir. Naxçıvan Muxtar Respublikasında da enerji təminatı məsələlərinin uğurla həll olunmasında, əsas etibarı ilə, üç amilin təsirini xüsusilə qeyd etmək lazımdır. Bunları qısaca olaraq uzun bir dövrdən sonra təbii qaz verilişinin bərpa olunması, Naxçıvanın öz daxili imkanları hesabına yeni enerji mənbələrinin istifadəyə verilməsi və enerji istehlakına yeni düşüncə ilə yeni yanaşma tərzinin formalaşması kimi xarakterizə etmək mümkündür. Bu mərhələləri uğurla keçən və blokada şəraitinin yaratdığı çətin vəziyyətdən çıxmaqla Naxçıvanda gözlənilən möcüzə qısa müddətdə baş verdi: muxtar respublika enerji idxalçısından enerji ixracatçısı mövqeyinə gəlib çatdı. Naxçıvan Muxtar Respublikasının elektrik təsərrüfatının modernləşdirilməsi, köhnəlmiş infrastrukturun sürətlə yenilənməsi, uçot sisteminin təkmilləşdirilməsi, enerji istifadəçilərinin sayğaclarla təchiz olunması və istifadə edilmiş enerjinin dəyərinin tam ödənilməsi qısa müddət ərzində öz müsbət təsirini göstərmişdir. İndi naxçıvanlı 10-15 il əvvəlki kimi yarıqaranlıq evlər, küçələrlə çoxdan vidalaşmış, qısaqapanmalarla transformator yarımstansiyalarının külünü göyə sovuran standartdan kənar elektrik işlədicilərini unutmuşdur.
Enerji təhlükəsizliyi probleminin Naxçıvan Muxtar Respublikası üçün özünəməxsus xüsusiyyətləri vardır. Əvvəllər, sovet dönəmində Cənubi Qafqaz regionunda vahid sistemdən enerji alan Naxçıvanın blokadaya düşməsi ilə regionun ilk çətinlikləri də elektrik enerjisinin kəsilməsi ilə başladı. İqtisadi və sosial həyatı iflic edən bu vəziyyət daha sonra enerji sektorunun sonrakı problemləri və meşə sahələrinin məhv olunması ilə davam etdi. O dövrdə getdikcə dağılan infrastruktur elektrik enerjisindən də son dərəcə israfçılıqla istifadəyə səbəb olurdu ki, bu da, öz növbəsində, məhdud olan bu resursu daha da qıt edir, insanların gündəlik həyatına öz mənfi təsirini göstərirdi.
Naxçıvanda enerji blokadasının yarılması üçün ilk addımlar 1990-cı illərin böhranlı dövrlərindən atılmağa başlanmışdı. Bu tarix 1991-ci ilin dekabrında ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində olduğu zaman Türkiyə Respublikasından muxtar respublikaya ilk elektrik enerjisi ötürülməsi ilə yazılmağa başlandı. Daha sonra 1992-ci ilin dekabrında İran İslam Respublikasından çəkilən enerji xətti, “Babək” yarımstansiyasında quraşdırılmış ümumi gücü 60 meqavat olan dizel-turbin qurğuları, 1993-cü ilin mayında Türkiyədən çəkilmiş 154 kilovoltluq ikidövrəli xətt bu salnamənin ilk səhifələrini təşkil edirdi. Beləliklə, artıq 1993-cü ildə xain ermənilərin blokadasına düşmüş Naxçıvanın elektrik enerjisinə olan tələbatı özünün Araz Su Elektrik Stansiyası ilə yanaşı, qonşu Türkiyədən alınan 63 meqavat, İrandan daxil olan 42 meqavat güclə qismən təmin olunurdu. İqtisadi sabitliyin təmin olunması ilə Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyinin ikinci mərhələsinə start verilmişdir. Bu mərhələdə artıq öz ehtiyatlarımızın səfərbər olunması ilə daxili tələbatın ödənilməsi və gələcəkdə Naxçıvanın enerji ixracatçısına çevrilməsi kimi gərgin işlər görüləcəkdi.
Muxtar respublikaya təbii qazın verilişi bərpa olunduqdan sonra Naxçıvan Modul Elektrik Stansiyası tikilmiş, Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası yenidən qurulmuşdur. Bundan sonra regionun enerji təminatı yaxşılaşdırılmış, əhali daimi və fasiləsiz elektrik enerjisi ilə təmin olunmuşdur. Ancaq qarşıya qoyulan əsas məqsəd tələbatın su elektrik stansiyaları hesabına ödənilməsi idi. Odur ki, muxtar respublikada bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.
Naxçıvanda enerji təhlükəsizliyi və onun davamlı olması bu gün ən yüksək səviyyədə diqqət mərkəzindədir. Hələ 2008-ci ildə ölkə başçısı cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında bu barədə demişdir: “Bu gün elə bir imkan yaranıb ki, biz Naxçıvandan Türkiyəyə elektrik enerjisi verilişinə nail olmuşuq. Vaxtilə bunu heç arzu etmək də mümkün deyildi. Bu gün isə reallıqdır. Naxçıvanda tikilən elektrik stansiyalarının və növbəti illərdə tikiləcək su elektrik stansiyalarının gücü elə olmalıdır ki, Naxçıvanda enerji təhlükəsizliyi tam şəkildə daxili resurslar hesabına təmin olunsun. Həmin stansiyalarda istehsal olunan elektrik enerjisi həm də ixrac ediləcək və muxtar respublikanın iqtisadiyyatına dəstək olacaqdır”.
Naxçıvanda enerji təhlükəsizliyi istiqamətində atılmış ən mühüm addım, şübhəsiz, regionun daxili enerji potensialından istifadə olunmasıdır. Naxçıvan zəngin hidroenerji ehtiyatlarına malik bir regiondur. Bu resursların istifadəyə cəlb olunması isə, əslində, regionun bütün istehsal infrastrukturunun da yenidən qurulmasıdır. Çünki enerji sənaye və kənd təsərrüfatı məhsulu istehsalının da vacib amilidir. İlk olaraq, Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası istismara verilmişdir. Sonra Gilançay üzərində Biləv Su Elektrik Stansiyasının tikintisinə başlanılmışdır. 22 meqavat gücündə olan su elektrik stansiyası qısa müddətdə istifadəyə verilmişdir. Bu yaxınlarda isə 20,5 meqavatlıq Arpaçay Su Elektrik Stansiyasının tikintisi başa çatdırılmış, stansiyada ilkin mərhələdə 17 meqavat gücü ilə elektrik enerjisi istehsalına başlanılmışdır. Hazırda Şərur rayonunda 1,4 meqavat gücündə “Arpaçay-2”, Ordubad rayonunda 36 meqavatlıq Ordubad Su Elektrik stansiyalarının tikintisi davam etdirilir. Bütün bunlar Naxçıvan Muxtar Respublikasının enerji sarıdan asılılığının tamamilə aradan qaldırılmasına və tələbatdan artıq istehsal edilmiş enerjinin qonşu ölkələrə ixrac edilməsinə imkan vermişdir. Bu istiqamətdə görülmüş işlər və həyata keçiriləcək yeni layihələr Naxçıvanın hidroenerji potensialından səmərəli istifadə edilməsi ilə gələcəkdə regionun ixrac potensialının daha da artırılması məqsədi güdür. Bu məqsədlərə çatmaq üçün isə muxtar respublikada hər cür təbii, texniki, maliyyə və insan resursları vardır.
Bu resursların səfərbər edilməsi ilə Naxçıvan Muxtar Respublikası gündən-günə inkişaf edən, qonşu ölkələrə də enerji ixrac edən güclü bir regiona çevrilmişdir. Bu, müasir Naxçıvanın gücü, onun iqtisadiyyatının bir göstəricisidir. Bunlara nail olmağın yolu isə görülən hər işə doğma münasibətdən keçir.
Əli CABBAROV