22 Dekabr 2024, Bazar

İlkin mərhələdə ticarət və xidmət obyektlərinin özəlləşdirilməsi ilə başlanan özəlləşdirmə prosesi getdikcə iqtisadiyyatın digər sahələrini, o cümlədən yeyinti və yüngül sənaye, tikinti, nəqliyyat sahələrini də əhatə etmişdir. Dövlət əmlakının özəlləşdirilməsi həyata keçirilən iqtisadi islahatların başlıca istiqamətlərindən biridir. Ötən illər ərzində dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradılmış və müvafiq Dövlət proqramları təsdiq olunmuşdur.
Özəlləşdirmənin başlıca məqsədi təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması, investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi, əhalinin həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılmasından ibarət olmuşdur.

Dövlətin iqtisadi siyasətinin əsas məqsədlərinə uyğun olaraq, muxtar respublikamızda da özəlləşdirmə prosesi uğurla həyata keçirilməkdədir. 2000-ci ilin avqust ayında “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Naxçıvan Muxtar Respublikası dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Pro­qramı”nın qəbul edilməsi ilə özəlləşdirmənin ikinci mərhələsinə start verilmişdir. Bu məqsədlə dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi və özəlləşdirilməsi, cəmiyyətlərin fəaliyyətinin bərpası, yeni istehsal və xidmət sahələrinin qurulması, müəssisə, təşkilat və obyektlərin, nəqliyyat vasitələrinin, torpaq sahələrinin özəlləşdirilməsi, dövlət mülkiyyətində olan obyektlərin icarəyə verilməsi, dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadəsinə nəzarət olunması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilməkdədir.
Naxçıvan Muxtar Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesi başlandığı dövrdən indiyədək 4 minə yaxın kiçik müəssisə və obyekt, 1 milyon kvadratmetrdən artıq torpaq sahəsi özəlləşdirilmiş, bütün bunlara görə 4 milyon manatdan çox vəsait daxil olmuşdur.
Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi və özəlləşdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 55 dövlət müəssisəsi səhmdar cəmiyyətə çevrilmiş, 41 səhmdar cəmiyyət özəlləşdirilmiş, 35-nin fəaliyyəti bərpa edilmişdir.
Fəaliyyəti bərpa edilmiş səhmdar cəmiyyətlərdə müasir dövrün tələblərinə cavab verən yeni texnoloji avadanlıqlar quraşdırılmış, 2 cəmiyyətdə mehmanxana xidməti, 4 cəmiyyətdə kənd təsərrüfatına aqrotexniki xidmət, 1 cəmiyyətdə məişət xidməti, 2 cəmiyyətdə broyler təsərrüfatı, 3 cəmiyyətdə taxıl emalı və taxıl məhsullarının, 4 cəmiyyətdə tikinti və tikinti materiallarının, 19 cəmiyyətdə sənaye məhsullarının istehsalı sahələri yaradılmışdır. Bu istehsal və xidmət sahələri üzrə, ümumilikdə, 2 mindən çox yeni iş yeri açılmışdır.
Dövlət əmlakından səmərəli istifadə edilməsi məqsədilə dövlət mülkiyyətində olan obyektlərdə monitorinqlər aparılmış və həmin obyektlərin icarəyə verilməsi təmin edilmişdir. İcarədə olan 136 qeyri-yaşayış və torpaq sahələri üzrə dövlət büdcəsinə bu ilin ilk 3 ayında 15 min manatdan çox icarə haqqı ödənilmişdir.
Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunmasına nəzarəti təmin etmək məqsədilə nizamnamə kapitalında dövlət payı olan səhmdar cəmiyyətlərdə hər il mütəmadi olaraq inventarizasiya aparılır.
Dаşınmаz dövlət əmlаkının qоrunub sахlаnılmаsının səmərəliliyinin аrtırılmаsı, müvаfiq infоrmаsiyа bаzаsının fоrmаlаşdırılmаsı məqsədilə 2013-cü ilin I rübündə ümumi sаhəsi 27.791,2 kvadratmetr оlаn 16 müəssisə və оb­yеktə tехniki pаspоrt və 1 smeta hаzırlаnmış, 1 müəssisədə qiymətləndirmə aparılmışdır. Ümumilikdə, muxtar respublika üzrə indiyə qədər 1694 obyekt texniki pasportla təmin edilmişdir.
Bir sözlə, iqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi muxtar respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə əsaslı zəmin yaratmışdır. Muxtar respublikamızda iqtisadi islahatların tərkib hissəsi kimi dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinin uğurla həyata keçirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin bərqərar olunmasına və insanların həyat tərzinə böyük təsir göstərmişdir. Özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaqdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin müasir dövrün tələblərinə uyğun şəkildə bundan sonra da davam etdirilməsi muxtar respublika iqtisadiyyatının daha sürətlə inkişafına imkan yaradacaq, dövlət əmlakından səmərəli istifadəni təmin edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR