22 Dekabr 2024, Bazar

“Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan avtomobil yollarının yenidən qurulmasına başlanılmışdır. Bu istiqamətdə işlər ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı”na uyğun olaraq, ölkəmizdə, eləcə də muxtar respublikamızda yol-nəqliyyat kompleksinin yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir hissəsini də magistral yolların yenidən qurulması təşkil edir. Artıq muxtar respublikamızda magistral yolların çoxu yenidən qurulmuşdur. Naxçıvan-Sədərək, Naxçıvan-Culfa magistral yolları, həmçinin Naxçıvan dairəvi avtomobil yolu, Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi avtomobil yolu, Çeşməbasar-Boyəhməd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Yol infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər cari ildə də uğurla davam etdirilir. Hazırda uzunluğu 59,2 kilometr olan Naxçıvan-Şahbuz-Batabat avtomobil yolu yenidən qurulur. 
Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunda ahəngdar iş prosesi hökm sürür. Ağırtonnajlı maşınlarla torpaq daşınır, inşaatçılar tərəfindən körpü və selötürücülər tikilir, yol yatağı bərkidilir, asfalt-beton örtük salınır. Bir sözlə, hər bir inşaatçı öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır, görülən işin keyfiyyətinə ciddi fikir verir. “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisi Rəhim Əhmədov bildirdi ki, layihəyə əsasən, Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun Naxçıvan-Şahbuz hissəsi 4 zolaqlı olmaqla uzunluğu 31,8 kilometr, eni 17,2 metr, Şahbuz-Batabat hissəsi isə ikizolaqlı olmaqla uzunluğu 27,4 kilometr, eni 9 metr olacaq. Avtomobil yolunda 9 ədəd monolit körpünün, 297 ədəd selötürücünün tikintisi nəzərdə tutulmuşdur. Hazırda avtomobil yolunun Naxçıvan-Şahbuz hissəsində yol yatağı genişləndirilmiş, yola laborator analizdən keçirilmiş inşaat materialları tökülüb bərkidilmişdir. Həmçinin 43 sel­ötürücü salınmış, 1 körpüdə inşaat işləri başa çatdırılmış, 4 körpüdə isə tikinti işləri davam etdirilir.

Mühəndis Qadir Babayevin dediklərindən: “Son illər muxtar respublikamızda yol təsərrüfatının yenidən qurulmasında əsas amil olan keyfiyyətli asfalt istehsalı üçün möhkəm zəmin yaradılmış, müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, qum-çınqıl karxanaları istifadəyə verilmişdir. “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin maddi-texniki bazası möhkəmləndirilmişdir. İstehsal olunan betonun keyfiyyətlə obyektlərə çatdırılması, sel­ötürücülərdə və körpülərdə inşaat işlərinin vaxtında aparılması üçün xüsusi betonvuran maşınlardan səmərəli istifadə olunur”. Söhbətimizə qoşulan iş icraçısı Bəylər Sultanov qeyd etdi ki, istehsal olunan asfaltın vaxtında yerlərə çatdırılması və asfalt-beton örtüyünün keyfiyyətlə salınmasında mühüm rol oynayan müasir mexanizmlərlə təminat diqqət mərkəzində saxlanılmışdır. Ağırtonnajlı yük avtomobilləri ilə daşınan asfalt-beton kompyuterlə idarəetmə mərkəzi ilə təmin olunmuş xüsusi mexanizmlərə boşaldılır və asfalt örtüyünün qalınlığı müasir tələblər səviyyəsində qurulur. Artıq Naxçıvan-Şahbuz avtomobil yolunun Naxçıvan-Xalxal istiqamətində 15 kilometr məsafədə yolun ikizolaqlı hissəsinə asfalt-beton örtük salınmışdır. Bu istiqamətdə işlər davam etdirilir.
Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun yenidən qurulmasını Şahbuz rayon sakinləri minnətdarlıq hissi ilə qarşılayır, bu quruculuq tədbirini onlara göstərilən davamlı dövlət qayğısının nəticəsi hesab edirlər.
Sələsuz kənd sakini Vilayət Nəsirov: – Son illər muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərindən Şahbuz rayonuna da xeyli pay düşmüş, ayrı-ayrı yaşayış məntəqələrində təhsil, səhiyyə, mədəniyyət müəssisələri, kənd mərkəzləri tikilib istifadəyə verilmişdir. Hazırda inşası davam etdirilən Naxçıvan-Şahbuz-Batabat avtomobil yolu hər bir rayon sakini kimi, məni də sevindirir. Çünki bu layihələrin həyata keçirilməsi bölgə iqtisadiyyatının inkişafında mühüm rol oynamaqla yanaşı, yük və sərnişindaşıma xidmətinin yüksək səviyyədə aparılmasına, maşın və mexanizmlərin tez sıradan çıxmasının qarşısının alınmasına, avtomobillərin istismar müddətinin uzadılmasına səbəb olacaq.
Daylaqlı kənd sakini Şəmsi Novruzov Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun yenidən qurulmasından sonra ərazisi dağlıq və dağətəyi zonadan ibarət olan Şahbuz rayonunun turizm imkanlarından istifadə etməyə geniş imkanlar açılacağını, nəticə etibarilə, muxtar respublikamıza gələn qonaqların rahatlığının təmin olunacağını bildirdi.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR