22 Dekabr 2024, Bazar

Qarğıdalı taxıllar fəsiləsinə aid olan birillik dənli bitkidir. Onun vətəni Mərkəzi və Cənubi Amerikadır. İlkin vaxtlar onlardan az tapılan bəzək bitkisi kimi istifadə olunmuşdur. Çox keçmədən Fransa, İtaliya və Portuqaliyada ondan qiymətli ərzaq və yem bitkisi kimi istifadə edilmişdir. XVI əsrdə isə onun yayılma arealı genişlənərək Şimali Afrika, Hindistan və Çinə gedib çıxmışdır. Rusiyaya XVII əsrdə gətirilmiş və oradan da Azərbaycana yayılmışdır. Qeyd edək ki, qarğıdalı dünyada əkilən dənli bitkilər arasında buğdadan sonra ikinci yeri tutur. 

Bu bitki­nin dünya miqyasında yayıldığı ərazi çox böyükdür. O, tropik ərazilərdən başlamış Skandinaviya ölkələrinə qədər yayılmışdır. Dünya əkinçilik sistemində onun dən üçün becərilən ərazisi 129 milyon hektara bərabərdir. Dünyada qarğıdalı əkinlərinin 23 faizi Amerikanın payına düşür. Bu ölkədə ümumi dən istehsalının 60 faizini qarğıdalı təşkil edir. Braziliyada 12,4 milyon hektara, Hindistanda 5,8 milyon hektara, Argentinada 3,2 milyon hektara bərabər olan qarğıdalı əkinləri ölkəmizdə, o cümlədən muxtar respublika ərazisində də özünəməxsus yerlərdən birini tutur. Belə ki, 2009-cu ildə muxtar respublikamızda dən üçün əkilən bu bitkinin əkin sahəsi 723,6 hektara bərabər olmuş və sahələrdən 2865,4 ton məhsul yığılmışdır. 2012-ci ildə isə dən üçün qarğıdalı əkini sahəsi 845 hektara çatdırılaraq həmin sahələrdən 3382 ton məhsul istehsal olunmuşdur.

Bu bitkinin xalq təsərrüfatında istifadə istiqamətləri çoxsahəlidir. Onun dənindən un, yarma və konserv (şəkərli qarğıdalı) hazırlanır. Sənayedə qarğıdalı dənindən nişasta, etil spirti, şəkər, bal, yağ, E vitamini, askorbin və qlütamin turşuları alınır. Bitkinin gövdəsindən və yarpağından kağız, linoleum, süni probka, plastik kütlə və başqa məmulatlar da hazırlanır. Qarğıdalı dəni qaramal və quş üçün ən qiymətli yemdir. Bir kiloqram quru dəndə 1,34 yem vahidi və 78 qram həzm olunan protein vardır. Dənindən həm də qarışıq yem istehsalında istifadə olunur. Bu bitkidən çox keyfiyyətli silos alınır. Qarğıdalı silosu yaxşı həzm olunmaqla yanaşı, həm də pəhriz xüsusiyyətinə malikdir. Bir sələf bitkisi kimi də qarğıdalının əhəmiyyəti böyükdür. Ölkəmizin cənub rayonlarında bu bitkinin gecikmiş və ya təkrar səpinləri eyni sahədən bir ildə iki dəfə və daha artıq məhsul yığmağa imkan verir. Qarğıdalı 9 botaniki qrupa (bərk, dişə bənzər, nişastalı, partlayan, şəkərli, nişastalı-şəkərli, yarımdiş, mumabənzər və pərdəli) bölünür. Azərbaycanda bərk qarğıdalı sortu daha çox əkilir. Qarğıdalı dənində 60-70 faiz karbohidrat, 9-12 faiz zülal, 4-6 faiz yağ olur. 
Qarğıdalı yağı təbabətdə ödqovan dərman kimi, habelə qanda xolesterinin miqdarını aşağı saldığı üçün ateroskleroz xəstəliyinin profilaktika və müalicəsində, çörək-bulka sənayesində, salat, mayonez və marqarin hazırlanmasında işlədilir. Bundan əlavə, yaşıl gövdəsindən, dənindən heyvandarlıqda qiymətli, qüvvəli və şirəli yem kimi istifadə edilir. Qarğıdalı şaxtaya, xüsusən payız şaxtalarına daha həssasdır. Havanın temperaturu 30 dərəcədən aşağı olduqda bitkilərin inkişafı dayanır. Uzun müddət belə temperatur olduqda yarpaq və gövdə saralıb quruyur, ondan hazırlanmış silos öz keyfiyyətini itirir. Qarğıdalı quraqlığa nisbətən dözümlü bitkidir. Bir sentner quru kütlə əmələ gətirmək üçün 20-30 ton su tələb edir ki, bu da vələmir və arpaya nisbətən azdır. Lakin yüksək məhsul almaq üçün o, daha çox su tələb edir. İnkişafın ilk mərhələsində hektara suyun orta sutkalıq sərfi 30-40 kubmetr, süpürgələmədən mum yetişməsinə qədər olan dövrdə isə 80-100 kubmetrə çatır. Ona görə də qarğıdalıdan 35-40 sentner dən məhsulu və ya 350-400 sentner yaşıl kütlə almaq üçün yay aylarında yağıntının miqdarı 260-300 millimetr olmalı, yaxud da suvarılmalıdır. Süpürgələməyə 10 gün qalmış və süpürgələmədən 20 gün keçdikdən sonra rütubətliliyin olmaması məhsuldarlığı xeyli azaldır.
Qarğıdalı torpağa tələbkar bitkidir, həddindən artıq şoranlaşmış və turş torpaqlar bu bitki üçün yararsızdır.
Qeyd edək ki, qarğıdalıya aqrotexniki qulluq göstərməklə yüksək məhsuldarlığa nail olmaq mümkündür. Bu qaydalar barədə bir qədər məlumat vermək istəyirik. Payızlıq dənli bitkilər yığılan kimi sahə diskli malalarla 8-10 santimetr dərinlikdə üzlənir. 20-30 gün keçdikdən sonra ön kotancıqlı kotanlarla 25-27 santimetr dərinlikdə şum edilir. Əgər qarğıdalı gecyığılan sələflərdən sonra səpilərsə, o zaman diskli mala ilə kök və gövdə qalıqları xırdalanmalı və torpaq 27-30 santimetr dərinlikdə şumlanmalıdır. Payız şumu qar sularından əmələ gələn rütubəti özündə saxlayır, zərərverici və xəstəliklərin qarşısını qabaqcadan alır, torpağı su və külək eroziyasından qoruyur. Torpağı dərin şumladıqda alaq bitkiləri (xüsusən kökümsov gövdəlilər) məhv olur. Yazda sahəyə çıxmaq mümkün olduğu vaxtdan başlayaraq, 10-12 santimetr dərinlikdə birinci, qarğıdalı toxumu səpilməzdən qabaq isə 8-10 santimetr dərinlikdə ikinci kultivasiya çəkmək lazımdır.
Qarğıdalını çox erkən müddətdə soyuq torpağa səpmək toxumların cücərmə qabiliyyətini azaldır. Belə olduqda dən şişir və temperatur çatışmadığından cücərti vermir. Bu zaman daha aşağı temperaturda cücərə bilən alaq otları cücərir və sahələri örtür. Səpin müddətlərində müəyyən dəyişiklik ola bilər ki, bu da hava şəraitinin dəyişilməsi ilə əlaqədardır. Çünki istilər gözlənildiyindən tez və ya gec düşə bilər. Ən optimal müddət aprelin ikinci ongünlüyündən sonradır.
Əkinlərə elə qulluq etmək lazımdır ki, torpaqda həmişə lazımi qədər istilik, hava, rütubət və həll edilmiş maddələr olsun. Qarğıdalının mexanikləşdirilmiş becərilməsində alaqlara qarşı mübarizə tədbiri olan malalamanın xüsusi əhəmiyyəti vardır. Ümumiyyətlə, qarğıdalı səpinlərinə 2-3 dəfə su vermək və alaqlanma dərəcəsindən asılı olaraq, o qədər də kultivasiya çəkmək lazımdır. Əkin qatında rütubət torpağın tam sututumunun 60-75 faizi səviyyəsində saxlanılmalıdır. Birinci kultivasiyanı 8-10 santimetr, ikincini 6-8 santimetr, üçüncünü isə 5-6 santimetr dərinlikdə aparmaq daha yaxşıdır. Alaqlara qarşı mübarizə məqsədilə bitkinin 3-4 yarpaq fazasında 2,4 D amin duzu (hər hektara 2-2,5 litr), hektofermin (1,5-2 litr), akelon 50 faizli (4-6 kiloqram), dialen 40 faizli (2-3 kiloqram) hesabı ilə herbisidlərin birindən istifadə etməklə, 300 litr suda həll edib çiləmə aparmaq lazımdır.
Qarğıdalı qida maddələrinə tələbkar bitkidir. Bu bitki bütün vegetasiya müddətində torpaqdan qida maddələri alır. Lakin inkişaf mərhələləri üzrə qida maddələrinin mənimsənilməsi bərabər olmur. Torpaqdan aldığı bütün qida maddələrinin üçdə bir hissəsini cücərməyə başladığı gündən süpürgə əmələ gələn müddətə kimi mənimsəyir.
İnkişafının ilk dövrlərində qarğıdalı azot və fosfora daha çox tələbkar olur. Bu dövrdə azotu fosfora nisbətən daha çox mənimsəyir. Çox turş torpaqlarda qarğıdalı yaxşı inkişaf etmir. Onun normal inkişafı üçün torpaq mühitinin reaksiyası neytrala yaxın olmalıdır. Azot, fosfor və kalium gübrələrinin bütün formaları qarğıdalıya verilə bilər. Qarğıdalı bitkisinin hansı məqsəd üçün becərilməsindən asılı olaraq, gübrə normaları müəyyənləşdirilir. Bu bitki silos və ya yaşıl kütlə almaq məqsədilə becərilirsə, onda əkin sahəsinin hər hektarına təsiredici maddə hesabı ilə 120-140 kiloqram azot, 90 kiloqram fosfor və 60-90 kiloqram kalium verilməlidir. Yaşıl kütlə və ya silos kütləsi almaq, bəzən isə hətta dən almaq məqsədilə aralıq bitkisi kimi taxıl biçini başa çatdıqdan sonra səpinləri aparılır ki, bunlar da təkrar əkinlər adlanır. Bu zaman dənli taxıl bitkilərinin məhsulu yığılan kimi fosfor və kalium gübrələrinin illik normalarının hamısı, azotun isə 30 faizi səpinqabağı, 70 faizi isə yemləmə şəklində verilir.
Muxtar respublikada qarğıdalı əkinlərinə düzgün aqrotexniki qulluq göstərmək məqsədilə müasir standartlara cavab verən texnikaların gətirilməsi torpaq mülkiyyətçilərinin kənd təsərrüfatı işlərinin yüngülləşdirilməsinə imkan verəcəkdir. Bu məqsədlə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə muxtar respublikaya “Sampo” markalı qarğıdalıbiçən kombayn gətirilmişdir. Bu texnikanın köməyi ilə qarğıdalı sahələri vaxtında biçiləcək və torpaq mülkiyyətçilərinin bol məhsul əldə edəcəklər.

Rasim HACIYEV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR