Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlara yeni layihələrin təqdimatı və ilin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov çıxış edərək muxtar respublikada özəl sektora göstərilən dövlət qayğısından və hazırkı hərtərəfli sosial-iqtisadi inkişaf prosesində özəl bölmənin üzərinə düşən yeni vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, yola salmaqda olduğumuz 2012-ci ili sahibkarlarımız üçün uğurlu hesab etmək olar. Heydər Əliyev siyasətinin Naxçıvanda uğurla davam etdirilməsi öz bəhrəsini verməkdədir. Hazırda Naxçıvanda daxili bazarın tələbatlarının ödənilməsi, yerli ehtiyatlar və iqtisadi imkanlar, eləcə də reallaşdırılan layihələr hesabına özəl sektora aid sənaye, kənd təsərrüfatı, tikinti, emal sənayesi, mebel və dizayn, səhiyyə xidmətləri və iqtisadiyyatın onlarla müxtəlif sahələrində mühüm inkişaf səviyyəsi əldə olunmuş, muxtar respublikada istehsal olunan Ümumi Daxili Məhsulda özəl bölmənin payı 87 faizə çatmışdır. Əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi, ölkəmizdə regional inkişafa verilən dəstək müqabilində yeni uğurlu layihələr hazırlamaqla muxtar respublikanın və ölkəmizin iqtisadi qüdrətinin daha da artırılmasına töhfələr verilməsi qarşımızda qoyulmuş ən vacib məsələlərdəndir.
Bildirilmişdir ki, iqtisadi inkişafın səviyyəsinin yüksəldilməsi mövcud bazar iqtisadiyyatı şəraitində hər bir sahibkarın həyata keçirdiyi biznes layihəsinin uğurundan çox asılıdır. Muxtar respublikanın rayon mərkəzlərində, kənd yaşayış məntəqələrində kiçik sahibkarlıq subyektlərinin yaradılması yolu ilə yeni resursların iqtisadi dövriyyəyə cəlb olunması diqqət mərkəzindədir. Bu baxımdan kəndlərdə müxtəlif kənd təsərrüfatı məhsullarının emalı üzrə kiçik müəssisələrin yaradılması aktual hesab olunur. Bunun muxtar respublikada mövcud imkanların daha yaxşı qiymətləndirilməsi və yeni iş yerlərinin yaradılması ilə daimi məşğulluğun təmin olunmasına da öz töhfəsini verəcəyi gözlənilir. Ona görə Naxçıvan Muxtar Respublikasında əlverişli biznes mühiti yaradılmış və sahibkarlara dövlət maliyyə dəstəyi göstərilməkdədir. Hazırda muxtar respublikada 1074 layihə reallaşdırılmışdır ki, bu layihələrin həyata keçirilməsinə 88 milyon manat dövlət maliyyə dəstəyi göstərilmişdir.
Yığıncaqda yekun vurulan ildəki ümumi fəaliyyət, nöqsan və çatışmazlıqlar təhlil olunmuş, qarşıdakı dövrdə yeni layihələr istiqamətində işə başlayacaq sahibkarlara biznes planları tərtib olunarkən bütün vacib məqamlara diqqət edilməsi, öz işlərini bazarın tələbatları əsasında qurmaları tövsiyə olunmuş, həmçinin sahibkarlara təqdim olunan yeni layihələr haqqında məlumatlar verilmişdir.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılmış, hazırlanmış yeni layihələr yazılı formada sahibkarlara təqdim olunmuşdur.
Əli CABBAROV