Müasir dövrdə rabitənin iqtisadi inkişafda oynadığı rol şəksizdir. Bu sahənin inkişafı, iqtisadiyyatın digər sahələri ilə inteqrasiyası ümumi inkişafa təkan verən amillərdəndir. Bu baxımdan rabitə infrastrukturunun inkişaf etdirilməsi, sabit və mobil telefon, internet xidmətləri kimi sahələrdə modernləşdirmə aparılması, bu sahədə beynəlxalq standartların və innovasiyaların tətbiq olunmasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacib məsələlərdəndir. 2013-cü ilin Azərbaycanda “İnformasiya-Kommunikasiya Texnologiyaları ili” elan olunması, habelə son illərdə informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlər, Azərbaycanın öz rabitə peykini orbitə buraxaraq kosmik ölkələr klubuna daxil olması, bütün mobil rabitə operatorları üzrə 3G xidmətinin istifadəyə verilməsi, 2012-ci ildən bir operator üzrə 4G xidmətlərinə başlanılması, televiziyada rəqəmsal yayımlara keçilməsi istiqamətində görülən işlər, beynəlxalq roaminq və tarif unifikasiya sahəsində regional və qlobal səviyyədə aparılan əməkdaşlıqlar qısa müddət ərzində öz bəhrəsini verməkdədir. Artıq Azərbaycanda son üç il ərzində İKT sektoru hər il ikiqat həcmdə artmaqdadır. Son 10 ildə bu sahəyə 2,5 milyard ABŞ dolları həcmində sərmayə qoyulmaqla ölkə əhalisinin 70 faizi internet istifadəçisi, onların 50 faizi isə genişzolaqlı internet istifadəçisi olmuşdur. Beləliklə, 2020-ci ildə Azərbaycanda İKT sektorunda gəlirlərin həcminin 8-9 milyard ABŞ dolları olacağı gözlənilir.
Dünən Naxçıvan şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi üzrə Regional Rabitə Birliyinin (RRB) İqtisadiyyat Komissiyasının 31-ci iclasında bu barədə geniş söhbət açılmışdır. Moldovanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təmsilçisi Eleonora Vasilakinin sədrliyi ilə keçirilən iclasda Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin rabitə sahəsi üzrə Baş direktorunun müavini Natalya Zorya Regional Rabitə Birliyinin 2012-ci ildə həyata keçirdiyi tədbirlərin nəticələri ilə bağlı məlumat vermişdir. Birliyə üzv olan ölkələrdə İKT sektoru üzrə reytinq göstəricilərinin ildən-ilə artdığını vurğulayan N.Zorya Azərbaycanın ön sıralarda olduğunu qeyd etmişdir.
Tədbirdə dünyada rabitə sahəsində inqilabi dəyişikliklərin baş verdiyi, bu istiqamətdə Azərbaycanda da sürətli inkişafın müşahidə edildiyi, ən yeni texnologiyaların tətbiqi üçün zəruri infrastrukturun və iqtisadi inkişaf səviyyəsinin mövcud olduğu vurğulanmışdır. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə şöbəsinin sektor müdiri Fuad Əhmədov ölkəmizdə informasiya cəmiyyətinin və İKT sektorunun inkişafının iqtisadi aspektlərindən danışaraq, ümumilikdə, bu sahə üzrə görülən işlərdən söz açmışdır. Ölkəmizdə İKT sektorunun inkişaf dinamikasını əks etdirən əsas göstəriciləri də qeyd edən sektor müdiri nəzərdə tutulan və həyata keçirilən milli və regional layihələr, Yüksək Texnologiyalar Parkının yaradılmasında “start-up”lara dəstək məqsədilə həyata keçiriləcək işlər, eyni zamanda “vahid pəncərə” sisteminin tətbiqi, elektron xidmətlər və sair sahələrdə reallaşdırılacaq tədbirlər barədə də məlumatı iclas iştirakçılarının nəzərinə çatdırmışdır.
Sonra Regional Rabitə Birliyinə üzv ölkələrin nümayəndələrinin məruzələri dinlənilmişdir. İclasda rəqəmli yayım üzrə tətbiq edilən xidmətlərin tənzimlənməsi qaydaları, stasionar və operatorlararası mobil rabitə xidmətləri, nömrə daşınması üzrə verilənlər bazasının qurulması və xüsusiyyətləri, “LRIC” modeli əsasında stasionar və mobil şəbəkələrdə çağırışların tariflərinin hesablanması kimi məsələlər müzakirə edilmişdir.
İclasın sonunda RRB-nin işçi orqanlarının, o cümlədən strukturlarının effektiv fəaliyyəti və işinin optimallaşdırılması, eyni zamanda daha da təkmilləşdirilməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı qərar qəbul olunmuşdur.
Qeyd edək ki, “Beynəlxalq standartlara uyğun olaraq, elektrorabitə informasiya-kommunikasiya texnologiyaları indikatorlarının unifikasiyası” mövzusunda keçirilən üçgünlük seminar öz işini dünən başa çatdırmışdır.
Əli CABBAROV