22 Dekabr 2024, Bazar

Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti milli dövlətçilik təcrübəsinə əsaslanmaqla respublikamızın inkişafını təmin edəcək bütün sahələrin hərtərəfli yüksəlişinə istiqamətlənmişdir. Bu bir həqiqətdir ki, Azərbaycan məhz ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə inkişaf etdirdiyi və zirvələrdən zirvələrə qaldırdığı bir ölkədir. Ulu öndərimiz hələ keçmiş SSRİ zamanından ölkəmizi müstəqillik dövrü üçün tam hazır vəziyyətə gətirmişdir. 1969-1982-ci illərdə yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılmışdır. 213 iri sənaye müəssisəsi işə salınmış, bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tutmuşdur. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ilin iqtisadi inkişafına bərabər idi.

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən istər keçmiş ittifaq, istərsə də müstəqillik dövründə Azərbaycanın bütün regionları kimi, Naxçıvan Muxtar Respublikasına da pay düşmüşdür. Ulu öndərimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə bu istiqamətdə çox böyük işlərin əsası qoyulmuşdur. İqtisadiyyatın bütün sahələrində insanlar üçün sağlam fəaliyyət mühitinin yaradılması amilinə yer verən dahi rəhbər Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi 1991- 1993-cü illərdə məhz yeni iqtisadi şərait üçün zəruri olan addımlar atmışdır. Bu dövrdə bir çox siyasi uğurlarla birlikdə, iqtisadi nailiyyətlərin də əsası qoyulmuşdur. Bazar iqtisadi sisteminin əsas inkişaf qanunlarının ilk dəfə məhz Naxçıvan Muxtar Respublikasında dahi rəhbəri­miz tərəfindən bərqərar olunması, köhnədənqalma təsərrüfat formalarının yeniləri ilə əvəz edilməsi, bir sözlə, yeni iqtisadi şərait üçün yararlı olan mexanizmlərin təmin edilməsi məhz ulu öndər Heydər Əliyev kimi dahi siyasətçinin müdrik fəaliyyəti nəticəsində mümkün ola bilərdi. Bu inkişaf proseslərinin yaratdığı əlverişli mühit nəticəsində son 17 ildə sürətli intibah dövrünü yaşayan Naxçıvan Muxtar Respublikası bütövlükdə ölkəmizin milli iqtisadi inkişafında qürurverici yer tutmaqdadır.

Ötən müddət ərzində atılmış məqsədyönlü addımlar muxtar respublikanın hər bir yaşayış məntəqəsinin inkişafına, müasirləşməsinə geniş imkanlar açmışdır.
Müdrik siyasətdən doğan hərtərəfli uğurlar bütövlükdə ölkəmizin regionda lider, dünyada isə qətiyyətli söz sahibi bir ölkəyə çevrilməsi ilə nəticələnmişdir. Yanaşmamızı müasir dünya gerçəkliyi, xüsusilə də Avropa məkanına daxil olan bir sıra ölkələrin iqtisadi böhran keçirməsi istiqamətində ifadə etsək, onda açıq şəkildə görünər ki, Azərbaycan Respublikası və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası davamlı və dayanıqlı intibah dövrünü yaşamaqdadır. Yəni bir tərəfdə aparıcı Avropa ölkələrində iqtisadi böhranlar nəticəsində yaranan kütləvi işsizlik hallarına, digər tərəfdə isə ölkəmizin inkişaf və nailiyyətlərinə diqqət etsək, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən ideyalarının ölkəmizdə uğurla həyata keçirildiyinin bir daha şahidi olarıq.
Ulu öndərimizlə başlanan uğurlu dövlətçilik və inkişaf siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsi, xüsusən də 2004-2008-ci illəri əhatə etməklə birinci mərhələdə, 2009-2013-cü illəri əhatə etməklə ikinci mərhələdə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə yoxsulluğun həddi 6 faizə enmişdir. Təbii ki, bunlar ölkəmizin iqtisadi qüdrətinin durmadan artmasının ən bariz təsdiqi və sübutudur.
Azərbaycanda 1994-cü ildən neft sektorunun, 1995-ci ildən isə qeyri-neft sektorunun inkişafı bütün regionlarımızda özünü göstərməkdədir. Naxçıvan Muxtar Respublikası da böyük inkişaf yolu keçmişdir. Son 18 ilə yaxın bir dövrdə əldə olunan uğurlar dahi rəhbərimizin 90 illik yubileyinə möhtəşəm töhfədir. Fikrimizi statistik rəqəmlərlə əsaslandıraq: Naxçıvan Muxtar Respublikasında Ümumi Daxili Məhsul istehsalı 2012-ci ildə 2 milyard 103 milyon 424 min manata çatmışdır. Bu göstərici 2013-cü ilin yanvar-mart aylarında 415304,3 min manat həcmində olmuşdur.
Ulu öndərimiz bütün siyasi fəaliyyəti dövründə Naxçıvan Muxtar Respublikasını daim inkişaf etdirəcək ideyalar irəli sürmüş, bu tarixi ərazinin təhlükəsizliyi üçün çalışmışdır. Ulu öndərimizin yaşatdığı və əmanət qoyduğu Naxçıvan Muxtar Respublikası 1995-ci ildən etibarən özünün intibah dövrünə qədəm qoymuşdur. Bunu 1995-2012-ci illərdə böyük zəhmətin uğurlu nəticəsi olan müxtəlif təyinatlı və gözoxşayan yaraşıqlı obyektlərin tikilməsində görürük. Fikrimizi faktlarla ifadə etsək görərik ki, göstərilən müddət ərzində Naxçıvanda 283 elm və təhsil ocağı, 195 ümumtəhsil məktəbi, 323 mədəniyyət, 202 səhiyyə, 37 idman obyektləri, 456 inzibati bina, 84 qəsəbə və kənd mərkəzləri, 642 mənzil təsərrüfatı üzrə obyekt, 351 kommunal infrastruktur obyekti, 163 nasos stansiyası, 382 subartezian quyusu, 136 körpü, 486 məhdud fiziki imkanlı, məcburi köçkün, qaçqın və şəhid ailələri, təbii fəlakətdən zərərçəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün ev, 5788 istehsal, xidmət və digər infrastruktur obyektləri istifadəyə verilmişdir.
Yuxarıdakı faktlardan da görünür ki, muxtar respublikada geniş vüsət almış sosial-iqtisadi inkişaf tədbirləri bütün sahələrin tarazlı yüksəlişinə təkan vermiş və sözün həqiqi mənasında, inkişafın Naxçıvan modeli yaradılmışdır.
İqtisadiyyatın kənd təsərrüfatı sahəsində də özünü göstərən bu irəliləyiş məhsul istehsalının artmasına əsaslı stimul olmuşdur. “Naxçıvan Muxtar Respublikasında aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 28 yanvar tarixli Sərəncamına uyğun olaraq, hər il müxtəlif adda və təyinatda gətirilən kənd təsərrüfatı texnikaları məhsul istehsalının artırılmasına birbaşa xidmət etməkdədir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 116 ədədi 2013-cü ilin yanvar-mart ayları olmaqla, cəmi 995 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. “Naxçıvan Muxtar Res­publi­kasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı”nın, “2008-­2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın, “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul olunması regionun hərtərəfli inkişafını təmin etmişdir.
Bütün bunların nəticəsində muxtar respublikamızda yaradılmış əlverişli, sağlam və dayanıqlı iqtisadi mühit hər birimizin gündəlik həyatında özünü göstərməkdədir.
Bir sözlə, Naxçıvan Muxtar Respublikası ümummilli liderimiz Heydər Əliyevin görmək istədiyi şəkildə inkişaf etdirilir.

Cavadxan QASIMOV
iqtisad üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR