Muxtar respublikamızın strateji əhəmiyyətli məhsula – taxıla olan tələbatının daxili imkanlar hesabına ödənilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər Şərur rayonunda da öz bəhrəsini vermiş, ötən ilin payızında cari ilin məhsulunun əsası qoyulmuş, 7425 hektar sahədə payızlıq taxıl əkini keçirilmişdir. Hər hektar sahə üçün sərf edilən yanacaq və motor yağlarına görə torpaq mülkiyyətçilərinə 40 manat vəsaitin ödənilməsi təmin edilmişdir. Hazırda yaşıl örpəyə bürünmüş taxıl zəmilərinə aqrotexniki qulluq göstərilir, gəmiricilərə qarşı mübarizə tədbirləri aparılır. Bu isə bol məhsul yetişdiriləcəyindən xəbər verir.
Yaz əkini kampaniyasının mütəşəkkil keçirilməsi üçün hərtərəfli hazırlıq işləri görülmüş, məhsuldar toxum sortları alınmış, kənd təsərrüfatı texnikaları mövsümə hazır vəziyyətə gətirilərək sahələrə çıxarılmışdır. Rayonun əkin atlasının mahiyyəti ilə bağlı ayrı-ayrı yaşayış məntəqələrində torpaq mülkiyyətçiləri ilə görüşlər keçirilmiş, maarifləndirici söhbətlər aparılmış, yerli şəraitə uyğun bitkilərin əkilməsi diqqət mərkəzində saxlanılmışdır. İndiyədək 5100 hektar sahədə şum qaldırılmış, 260 hektar sahədə yazlıq arpa, 375 hektar sahədə paxlalı, 80 hektarda bostan bitkiləri, 1120 hektar sahədə tərəvəz, 350 hektar sahədə qarğıdalı, 12 hektarda günəbaxan, 1260 hektar sahədə isə çoxillik ot əkini keçirilmişdir.
İqlim şəraiti kartofçuluğun inkişafı üçün əlverişli olan rayonda bu sahəyə maraq xeyli artmışdır. Sahibkarlara güzəştli şərtlərlə kredit və kənd təsərrüfatı texnikalarının verilməsi cari ilin ötən dövründə də uğurla davam etdirilmiş, məhsuldarlığın artırılmasında mühüm rol oynayan keyfiyyətli toxum sortu alınıb gətirilərək torpaq mülkiyyətçilərinə paylanmışdır. 710 hektar sahədə kartof əkini aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq olunan “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, bu il rayon ərazisində əlavə olaraq daha 4 hektar sahədə meyvə tingləri əkilmişdir. Bir sözlə, yazın ilk günlərindən əkin sahələrinə çıxan Şərurun torpaq mülkiyyətçiləri cari ilin bol məhsulunun əsasını qoymaq üçün əzmkarlıqla çalışırlar.
Cəfər ƏLİYEV