22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda son illərdə həyata keçirilən irimiqyaslı layihələr müxtəlif istiqamətləri əhatə edir. Bu layihələrin gerçəkləşdirilməsi nəticəsində region sakinlərinin maddi-rifah halı xeyli dərəcədə yaxşılaşmışdır. Əhalinin içməli suya olan tələbatının ödənilməsi və kanalizasiya sistemlərinin tikintisi isə bu sahədə olan problemlərin aradan qaldırılmasında mühüm əhəmiyyət daşıyan layihədir. Bu baxımdan 2012-ci ilin may ayından icrasına başlanılan “Sədərək rayonunun içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi mühüm əhəmiyyət kəsb edir.
Görülən işlərin gedişi barədə bizə tikintinin baş mühəndisi Mehmet Fırat ətraflı məlumat verdi. Öyrəndik ki, rayon ərazisində hər birinin tutumu 12 min 500 kubmetr olan iki su anbarı tikiləcək. Aşağıda mənbə və yuxarıda supaylayıcı adlanan həmin anbarlarda artıq təməl işlər başa çatdırılmış və sütunların qaldırılmasına başlanılmışdır. Rayondaxili kanalizasiya şəbəkəsinin uzunluğu 135 kilometr, su şəbəkəsinin uzunluğu isə 115 kilometr olacaqdır. İndiyədək 14 kilometr uzunluğunda kanalizasiya xətti və 13,5 kilometr uzunluğunda su xətti çəkilmişdir. Hazırda su və kanalizasiya xətlərinin çəkilişi rayonun “Qırmızı körpü”, “Qaraağac yolu” adlanan ərazilərində, Sədərək-Qaraağac kəndləri arasında davam etdirilir. Hələlik 10 kilometr uzunluğunda ana xətdə diametri 500 və 400 millimetr olan plastik borularla, əsas xətdə 3 kilometr uzunluğunda diametri 300 millimetrlik borularla kanalizasiya xətlərinin tikintisi başa çatdırılmış, Qaraağac kəndində diametri 300 millimetr olan 2 kilometrlik, Sədərək kəndinin mərkəzində isə diametri 200 millimetr olan 800 metrlik kanalizasiya xətlərinin çəkilişinə başlanılmışdır.

Rayon ərazisində hərəsi 3,5 kilometr uzunluğunda su xətlərinin çəkilişi yekunlaşdırılmışdır. Ümumiyyətlə, aşağıdakı mənbədən – su anbarından yuxarıya – supaylayıcı anbara qədər 7 kilometr uzunluğunda boru xətlərinin çəkilişi tamamlanmışdır. Həmçinin yuxarıdakı yüksəklikdə olan “Əjdahan” adlanan su anbarından Sədərək kəndinə paylamaq üçün bu günədək 5 kilometr məsafədə diametri 400, 280 və 225 millimetr olan plastik boru xətləri çəkilmişdir. Həmin əsas su boru xəttinin 2 kilometrliyində diametri 280 millimetrlik və 1200 metr uzunluğunda 90 və 93 millimetrlik su xətlərinin çəkilişi isə davam etdirilir.
Baş mühəndis onu da bildirdi ki, aşağıda anbarı su ilə doldurmaq üçün hər biri 84 metr dərinliyində 15 subartezian quyusu qazılmışdır. Həmin quyuların suyu qardaş Türkiyə Respublikasının İstanbul şəhərində analizdən keçirilmiş və müəyyənləşdirilmişdir ki, içməyə tam yararlıdır. Hər beş quyu bir transformator şəbəkəyə qoşulmuş, ikisinin isə quraşdırılmasına hazır­lıq görülür. Hər quyu saniyədə anbara 8 litr su vuracaqdır. Layihənin 2014-cü ilin axırlarında başa çatdırılması nəzərdə tutulmuşdur. Ümumiyyətlə, rayonda ən azı yarım əsr ərzində su təchizatına və kanalizasiya xəttinə ehtiyac duyulmayacaqdır. Çünki çəkilən borular 100 il ərzində istismara yararlı olacaqdır.
Layihəyə əsasən, rayonda 3200 ədəd ev birləşməsi qoyulacaq və o qədər də su sayğacı quraşdırılacaqdır. Yaxın vaxtlarda bu işə də start veriləcəkdir.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR