22 Dekabr 2024, Bazar

“Nur qida” keyfiyyətli məhsul istehsal edir

Havaların istiləşməsi insanların sərin içkilərə, dondurmalara olan tələbatını da artırır. Hazırda ticarət obyektlərində müxtəlif çeşidli dondurmalar öz yerlərini alıb. Bunların içərisində muxtar respublikada istehsal olunan dondurmalar da çoxdur. Başqa yerlərdən muxtar respublikaya saatlarla yol gələn qidalar əvəzinə yerli istehsal məhsullarının ticarət obyektlərində xüsusi çəkisinin artması sahibkarlığa göstərilən qayğının ifadəsidir. Onu da qeyd edək ki, bu sahəyə diqqətin getdikcə artması  özünü dondurma istehsalında da göstərir.

Belə məhsul istehsal edən müəssisələrdən biri də Naxçıvan şəhərindəki “Nur qida” dondurma istehsalı müəssisəsidir. 2003-cü ildə yaradılan müəssisə Naxçıvan şəhərində ayrı-ayrı iş otaqları, istehsal sexləri, xammal və hazır məhsulların saxlanılması üçün soyuducu anbar, iaşə xidmətinin göstərilməsi üçün yeməkxana və digər yardımçı otaqlardan ibarət binada fəaliyyət göstərir.
Məlumdur ki, müasir texnoloji avadanlıqlar keyfiyyətli məhsul istehsalının təminatçısıdır. Bunu nəzərə alaraq müəssisədə müasir texnoloji avadanlıqlar quraşdırılıb. Bu isə keyfiyyətli məhsul istehsalına imkan verib. İstehsal olunan dondurma məhsullarının rəqabətə davam gətirməsi üçün yeni yollar axtarılması, qabaqcıl təcrübəyə geniş meydan verilməsi də keyfiyyətli məhsul istehsalında əsas amillərdəndir. Bu amillərin nəzərə alınması muxtar respublikanın ticarət obyektlərində “Nur qida” dondurma istehsalı müəssisəsinin məhsullarına olan tələbatı artırır. Müəssisədə hazır məhsulların ayrı-ayrı ünvanlara çatdırılması da diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə soyuducu kameralarla təmin olunmuş nəqliyyatdan istifadə edilir.

Bu günlərdə həmin müəssisədə istehsal prosesi ilə tanış olduq. Müəssisəyə qəbul edilən süd sterilizə və pasterizə olunduqdan sonra qamaqlazatordan keçirilərək dondurulur. Müxtəlif mərhələlərlə ayrı-ayrı dəzgahlardan keçərək istehsal olunan dondurma taralarda qablaşdırılır və üzərində tərkibi, istehsal tarixi və saxlanılma müddəti göstərilir. Yerli sahibkarlardan qəbul edilən xammal əsasında istehsal olunan dondurma 35 qramdan 1 kiloqramadək olan müxtəlif çəkilərdə və çeşidlərlə taralarda Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyata alınmış “Nur qida” əmtəə nişanı ilə muxtar respublikada fəaliyyət göstərən ticarət obyektlərində satışa çıxarılır. Onu da qeyd edək ki, müəssisədə sanitar-gigiyenik və texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur. 
Əziz oxucular, gəlin muxtar respublikada istehsal olunan dondurmalara üstünlük verək. Yazımızda fürsətdən istifadə edərək vətəndaşlara dondurma alarkən diqqətli olmağı tövsiyə edirik. İstehlakçılar dondurma alarkən mütləq etiket üzərində yazılanları diqqətlə oxumalıdırlar. Eyni zamanda dondurma alarkən onun forması, saxlanma şəraitinə diqqət yetirilməlidir. Donu açılmış dondurmanın təkrar dondurulması onda buz kristalların əmələ gəlməsinə səbəb olur ki, bu da onun keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır. Xarici görünüşcə dondurmada kəsmiyə bənzər yağlılıq, quma bənzər köpüklü­lük əlamətləri olmamalıdır. Belə dondurmaları istifadə etmək məsləhət görülmür. Dondurmanın iyi və dadı bu növ məhsula xas olmalı, kənar iy və dad verməməlidir. Kənardan gətirilən və saatlarla yol gələn dondurmaların əvəzinə muxtar respublikamızda istehsal olunan keyfiyyətli dondurmaları almaq daha məqsədəuyğundur. Necə deyərlər, hamı yerli mal alsın, xeyir Vətənə qalsın.

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR