23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən aldığımız məlumata görə, 18 hektara yaxın ərazidə inşa olunan yeni infrastruktur “bir dayanacaq” prinsipinə uyğun qurulan, yük xətti və anbarlardan, sərnişinlərin keçid zallarının da yerləşdiyi inzibati binadan, yoxlama-baxış sistemləri bölməsindən və rüsumsuz ticarət mağazasından ibarət müasir gömrük kompleksidir.
Gömrük nəzarəti və rəsmiləşdirilməsinin texnoloji sxeminə uyğun olaraq giriş-çıxış zolaqları bir-birindən ayrı nəzərdə tutulub. Üç zolaqla sərnişin və minik, iki zolaqla yük nəqliyyat vasitələri hərəkət edəcək.
Sərnişin keçid zalları kompleksin ortasında – üçmərtəbəli inzibati binanın birinci mərtəbəsindədir. Gömrük nəzarəti zonasında sərnişinlərin hərəkəti üçün tunellər yaradılacaq, yaşıl və qırmızı kanallar formalaşdırılacaq.

Yük xətti, əsasən, rəsmiləşmə zalı və anbar binasından ibarətdir. Tranzit və idxal istiqamətində gələn və əks istiqamətdə hərəkət edən avtonəqliyyat vasitələrinin hərəkəti bir-birindən ayrı nəzərdə tutulub. Yük xətti üzərində iritonnajlı avtomobillərlə daşınan yüklərə gömrük nəzarətini həyata keçirməkdən ötrü X-Ray rentgen nəzarət-yoxlama kompleksi qurulub.
Qanunvericiliyə əsasən, gömrük nəzarətindən güzəştli qaydada keçməli olan şəxslərə xidmətin göstəriləcəyi binada və yeməkxanada, anbar və rəsmiləşdirmə zalının tikinti işləri artıq yekunlaşdırılıb. Hal-hazırda inzibati binanın, o cümlədən keçid zallarının tikintisi davam etdirilir. Kompleksin ərazisində əlavə yardımçı binalar da inşa olunacaqdır.
Qeyd edək ki, Sədərək gömrük sərhəd-buraxılış məntəqəsində xidmətin səmərəli təşkili üçün lazımi iş şəraitinin yaradılması istiqamətində görülən işlər Azərbaycan gömrük sistemində həyata keçirilən ən genişmiqyaslı layihələrdən biridir. Yeni gömrük kompleksinin istifadəyə verilməsi ilə Naxçıvanın Qərbə açılan qapısı modern görkəmə qovuşacaq, burada gömrük nəzarəti və rəsmiləşdirilməsinin müasir tələblər səviyyəsində həyata keçirilməsi təmin olunacaq, muxtar respublikanın əlverişli tranzit imkanlarından və turizm potensialından səmərəli istifadə imkanları üçün əlavə stimul yaranacaqdır.
Xatırladaq ki, Naxçıvanda gömrük infrastrukturunun yenidən qurulması və maddi-texniki bazanın müasir tələblər səviyyəsində formalaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində digər gömrük orqanlarının infra­strukturu da tam müasirləşdirilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR