23 Dekabr 2024, Bazar ertəsi

Zavodda premium sinfə aid olan “NAZ-Lifan-820” modelinin istehsalına başlanılıb

Mobil telefonuma gələn zəng məni işdən ayırdı. Yaxın dostum Mahir idi.
– Səsini eşidək, ay Mahir. Nə yaxşı bizi yada salmısan?
– Bir dostumun səhhətində problem yaranıb. İnternetdən öyrənib ki, Culfada yerləşən Darıdağ Arsenli Su Müalicəxanasında müalicəsi mümkündür.
– Bəs nə vaxt gələcəksiniz?
– Gəlmişik, Bakıdayıq. Sabah Naxçıvana gələcəyik.
– Çıxıb qarşılayacağam, – deyib xudahafizləşdik.
Ertəsi gün onları Naxçıvan Beynəlxalq Hava Limanında qarşıladım. Elə çıxış qapısındaca dayanıb nəfəsini dərdi. Uzaqdan şəhəri seyr etdi. Ətrafda yaradılan səliqə-sahmana işarə edərək:
– Naxçıvan cənnətməkana dönüb, – dedi.
Sonra da dayanacaqda sıra ilə düzülmüş taksiləri göstərərək:
– Bu avtomobillər, yəqin ki, Fransa istehsalıdır, – deyə soruşdu.
– Xeyr. Naxçıvan istehsalıdır. “NAZ-Lifan” markalı avtomobillərdir.

– Naxçıvanda avtomobil istehsal olunur? – deyə təəccüblə soruşdu.
– Əlbəttə, Naxçıvan sən görən 90-cı illərin Naxçıvanı deyil. Büsbütün dəyişib, inkişaf edib. İndi sən soruş, Naxçıvanda nə istehsal olunmur? Sabah gəzərik, özün də şahidi olarsan. Buyurun, gedək, – deyib qonaqları maşına dəvət etdim. Elə bu vaxt Mahir dayanıb xeyli güldü. Yanındakı qonağı göstərərək:
– Soruşur ki, bu taksi sürücüləri digər şəhərlərdə gördüyümüz kimi müştəri tapmaq üçün qarşımıza niyə çıxmadılar?
– Burada qayda belədir. Taksi sürücüsü müştəriyə yox, müştəri münasib bildiyi taksiyə yaxınlaşır. Onların göstərdiyi xidmətə də söz ola bilməz.
– Onda müalicəxanaya gedib-gəlmək üçün bu taksilərin xidmətindən istifadə edək.
– Mən özüm sizə xidmət edərəm, – deyib israr etdim.
– Yox, sən işində ol. Bizə görə narahat olma, – dedi.
– Onda gərək üzərində 5 rəqəmi yazılmış taksilərə yaxınlaşaq, – dedim.
– Niyə?
– Ona görə ki, 5 rəqəmi ilə işarələnmiş taksilər Culfa istiqamətində taksi xidməti göstərirlər.
– Maraqlıdır, – deyən Mahirlə taksilərə yaxınlaşdıq. Mahir maşınlardan birinə əyləşib, o tərəf, bu tərəfə döndü. – Rahatdır, – dedi. Sonra da sürücünü söhbətə tutdu:
– Neçə ilin maşınıdır, keyfiyyəti necədir?
– Maşınımızın keyfiyyətinə söz ola bilməz. Naxçıvan-Culfa istiqamətində gündəlik olaraq sərnişindaşıma xidməti ilə məşğul oluram. Deyərdim ki, hər hansı bir avtomobilin keyfiyyətini yoxlamaq, ona zəmanət vermək istəyiriksə, həmin avtomobillə taksi xidməti göstərilsin. Onda həmin avtomobilin keyfiyyəti haqqında söz demək olar. Bu mənada, “NAZ-Lifan” sınaqdan çıxmış avtomobillər sırasındadır. Beş ildir ki, bu avtomobillə taksi xidməti göstərirəm. 900 min kilometrdən artıq məsafə qət etmişəm. Heç bir problem yaranmayıb. Əvvəllər deyərdilər: xaricdə istehsal olunan avtomobillərin yağını, benzinini tök, sür. İndi bu deyim “NAZ-Lifan” markalı avtomobillərə aiddir. Keyfiyyətinə və rahatlığına söz ola bilməz. Buyurun, özünüz də bunun şahidi olun.
Beləcə, düz on gün Mahir və xaricdən gələn qonaqları “NAZ-Lifan”ın xidmətlərindən istifadə etdilər. Sonra da sürücünün sözlərinə şərik çıxdılar:
– Doğrudan da, “NAZ-Lifan” markalı minik avtomobilinin rahatlığına və göstərilən xidmətə söz ola bilməz, – deyib razılıqlarını bildirdilər.
Hər gün muxtar respublikamıza gələn yüzlərlə xarici turistə xidmət göstərən bu avtomobilləri istehsal edən zavodda hansı yeniliklər var? – deyə üz tutduq Naxçıvan Avtomobil Zavoduna. İstehsal sahəsi, satış salonu, anbar və inzibati binadan ibarət olan zavodun 2472 kvadratmetrlik ərazisində Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb.
Müəssisədə yığım sexi, anbar yaradılıb, yük boşaldılması üçün platforma, sınaq yolu və sınaq avadanlıqları quraşdırılıb.
Zavodun direktoru Musa Abdullayev oxucularımızı maraqlandıran sualları cavablandırdı, istehsal müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verdi.
– İstehsal prosesinin təkmilləşdirilməsi, “NAZ-Lifan” markalı avtomobillərin yeni modellərinin istehlakçılara təqdim olunması sahəsində görülən işlər barədə oxucularımıza məlumat verməyinizi xahiş edirik.
– İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən müəssisədə “NAZ-Lifan” markası ilə istehsal olunan avtomobillər ilk vaxtlar baqaj hissəsi salonda olan (xetçbek) “320” və baqaj bölməsi salondan kənarda yerləşən (sedan) “620” modellərindən ibarət idi. Bu avtomobillər ayrı-ayrı hissələrdən yığılıb sınaq meydançasına çıxarılırdı. Burada 2011-ci ildə yeni “NAZ-Lifan X-60” modelinin istehsalı üçün konveyer xəttində müəyyən dəyişikliklər aparılıb, 2012-ci ilin yanvar ayından etibarən isə “NAZ-Lifan X-60” modelinin kütləvi istehsalına başlanılıb. Həmçinin müəssisəyə təcrübə-sınaq məqsədilə 2012-ci ilin sonunda kiçik partiyada 6 nəfərlik mikroavtobus və 800 kiloqram yükgötürən avtomobillərin hissələri idxal olunub.
Artıq “NAZ-Lifan” markalı 6 nəfərlik mikroavtobusun “LF-6401” modeli, 800 kiloqram yükgötürən furqonlu avtomobilin “LF-5028” modeli və 800 kiloqram yükgötürən bortlu yük avtomobilinin “LF-1022” modeli satışa çıxarılıb. Məqsəd bazarı öyrənmək və gələcəkdə tələbat olarsa, kütləvi istehsala başlamaqdır. Bu istiqamətdə işlər uğurla davam etdirilib, 2013-cü ilin oktyabr ayında “NAZ-Lifan-620” model avtomobillər avtomatik sürət qutusu ilə təchiz edilərək satışa çıxarılıb. 2014-cü ildən isə “NAZ-Lifan” markalı avtomobillərin “330”, “630” və “720” modeli istehlakçılara təqdim olunub. 2010-cu ilin yanvar ayından fəaliyyətə başlayan Naxçıvan Avtomobil Zavodu hər il alıcılar qarşısına yeni modellərdə avtomobillərlə çıxıb. Bu günə qədər 5 minə yaxın avtomobil istehsal olunub. Bu il də ənənəyə sadiq qalaraq premium sinfə aid olan istər texniki göstəriciləri, istərsə də keyfiyyət baxımından daha komfortlu “NAZ-Lifan-820” modelinin kütləvi istehsalına başlanılıb ki, bu da alıcılar tərəfindən maraqla qarşılanıb. Dəyəri 32 min 500 manat qiymətləndirilən “NAZ-Lifan-820” modeli də daxil olmaqla, müəssisədə istehsal olunan bütün avtomobillərə bu ildən etibarən mühərrik və sürət qutusunun keyfiyyətinə əvvəlkindən fərqli olaraq 100 min kilometr və ya 3 il zəmanət verilir, avtomobillərin satışı nağd və ya sərfəli kredit şərtləri ilə aparılır.
– Müasir texnoloji avadanlıqlar işin bir tərəfidirsə, onları idarə edəcək mütəxəssislərin yetişdirilməsi də bu işi tamamlayan başqa bir tərəfidir. Bu sahədə hansı işlər görülüb?
– Müəssisədə 8 modeldə “NAZ-Lifan” markalı minik avtomobilləri istehsal edilir. İllik istehsal gücü 4-5 min ədəd minik avtomobili olan Naxçıvan Avtomobil Zavodu Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir.
İstehsal olunan avtomobillər Nəzarət şöbəsindən keçdikdən sonra satışa buraxılır. Zavod fəaliyyətə başlayan zaman ilkin mərhələdə istehsal prosesi xarici mütəxəssislər tərəfindən aparılırdısa, hazırda bu iş yerli mütəxəssislər tərəfindən həyata keçirilir.
– “NAZ-Lifan”ın daha münasib qiymətə satışı ilə bağlı hansı layihələr həyata keçirilir?
– Avtomobil Zavodunun fəaliyyətə başladığı dövrdən ötən müddət “NAZ-Lifan” markalı minik avtomobillərinin tanıdılması və sınaqdan çıxarılması mərhələsi olub. Hazırda istehsal olunan maşınların daha münasib qiymətə istehlakçılara təqdim edilməsi ilə əlaqədar layihələr hazır­lanır. Müəssisədə möhürləmə, qaynaq və boyama sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Bu isə ban hissələrinin sökülü vəziyyətdə gətirilməklə müəssisədə qaynaq olunmasına imkan verəcək. Hesablamalara görə, 1 konteynerə orta hesabla 6 avtomobil banı yerləşirsə, sökülü vəziyyətdə 150-200 avtomobil banı yerləşir ki, bu da daşınma xərcinin azalması deməkdir. İstehsal olunan avtomobillərin milliləşdirilməsi planlaşdırılır. Bunun üçün avtomobil hissələrinin 51 faizinin ölkəmizdə istehsal olunması şərtdir. Bu məqsədlə avtomobilin müəyyən hissələrinin ölkəmizdə, o cümlədən Naxçıvanda istehsal edilməsi nəzərdə tutulur.
Xaricdə istehsal olunan avtomobillərdən daha münasib qiymətə satışa çıxarılan “NAZ-Lifan” markalı minik avtomobillərinə tələbat ildən-ilə artır. Bu isə onu göstərir ki, “NAZ-Lifan” markalı minik avtomobilləri maşın bazarında artıq özünəməxsus yerə malikdir. Sevindirici haldır ki, yerli istehsala önəm verilir, Naxçıvanda ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda “NAZ-Lifan”lardan xidməti avtomobillər kimi istifadə olunur. İstər Sovetlər Birliyi dövründə Böyük Vətən müharibəsində və Çernobıl hadisələrinin nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslər, istərsə də Azərbaycan Vətən Müharibəsi iştirakçıları dövlət vəsaiti hesabına “NAZ-Lifan-320” markalı minik avtomobilləri ilə təmin edilir. Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillər ölkəmizin digər regionlarında da istehlakçılar tərəfindən rəğbətlə qarşılanır. Hazırda muxtar respublikamızda, Bakı, Sumqayıt, Gəncə, Neftçala, Xaçmaz və Quba şəhərlərində “NAZ-Lifan” markalı minik avtomobilləri ilə taksi xidməti göstərilir.
Biz də keyfiyyətli məhsulları ilə istehlakçıların rəğbətini qazanan kollektivə uğurlar arzulayıb, redaksiyamızın “NAZ-Lifan-320” markalı xidməti avtomobilinə əyləşib Naxçıvan Avtomobil Zavodunda gördüklərimizi oxucularımıza çatdırmaq üçün üz tutduq redaksiyaya.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR