23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət diqqət mərkəzində saxlanılır. Ötən illər ərzində cəmiyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, ABŞ, Almaniya, İngiltərə, Polşa, İtaliya, Türkiyə istehsalı olan, beynəlxalq standartlara uyğun laboratoriya avadanlıqları alınıb quraşdırılıb. Laboratoriyada mütəmadi olaraq yerli və idxal məhsullarından nümunələr götürülərək təhlillər aparılıb. 

Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin bir hissəsini də yerli istehsal və idxal məhsullarının orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji və toksikoloji göstəricilərinin yoxlanması təşkil edir.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığımız məlumata görə, 2016-cı ilin ilk 10 ayı ərzində 879 halda hüquqi və 1224 halda fiziki şəxslər tərəfindən daxil olmuş 121 mal çeşidini əhatə edən 2103 halda mal nümunəsi laboratoriya analizindən keçirilib və 2375 halda səyyari laboratoriya təhlilləri aparılıb. Aparılmış laboratoriya təhlilləri 1480 yerli istehsal və 623 idxal məhsulunu əhatə edib. Nəticədə, 2085 hаldа məhsulun kеyfiyyət göstəricilərinin nоrmаtiv-tехniki sənədlərin tələblərinə cаvаb vеrdiyi, 18 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib. Məhsulların keyfiyyətində yaranmış nöqsanların aradan qaldırılması üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Bundan əlavə, qeyd olunan dövrdə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqına 6225,58 ton sement, 8,51 ton travertin və mərmər, 12044,041 ton mebel dəsti, 1,365 ton döşək, 49,6 ton gips məmulatı, 74,678 ton astar suvaq məhsulu, 2820,685 ton məsaməli beton və 7325,58 ton sement istehsalı üçün klinker yarımfabrikatı məhsullarının Gürcüstan, Türkiyə və İrana ixracı üçün 61 halda, “Təchizat” Açıqtipli Səhmdar Cəmiyyətinə 357,258 ton iribuynuzlu heyvan dərisinin Türkiyə Respublikasına ixracı üçün 12 halda, “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə qablaşdırılmış bitki çayları, alkoqollu içkilər və mürəbbə məhsullarının Yaponiyada keçiriləcək sərgiyə aparılması üçün 15 halda, “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə Belarus Respublikasına ixrac edilmiş 3 ədəd avtomobilə 1 halda, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinə 100 min 256 litr “Sirab” mineral sularının Türkiyə Respublikasına ixracı üçün 5 halda, “Ləzzət Biskvit Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin 49,0085 ton vafli məhsulunun Gürcüstana ixracı üçün 2 halda, “Babək Şərab-2 Yeddilər ASK” Məhdud Məsuliyyətli Cəmiyyətinə 1402,4 litr meyvə araqlarının Bakı şəhərindəki beynəlxalq hava limanından ixracı üçün 2 halda olmaqla, cəmi 98 halda mənşə sertifikatı verilib.
Məlumatda bildirilir ki, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi qida sınaq laboratoriyasının İSO 17025 standartı üzrə beynəlxalq akkreditasiyasının aparılması üçün Latviya Respublikasının beynəlxalq akkreditasiya orqanı olan LATAK-la müqavilənin bağlanması təmin edilib. Bağlanmış müqaviləyə əsasən, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi qida sınaq laboratoriyasının İSO 17025 standartı üzrə beynəlxalq akkreditasiyası istiqamətində yekun audit yoxlamaları keçirilib, LATAK-T- 492-00-2014 nömrəsi ilə qeydiyyata alınıb və İSO/İEC 17025:2005 standartı üzrə akkreditasiya sertifikatlaşdırılıb.
Cari ilin 24-25 noyabr tarixlərində isə mərkəzdə LATAK ekspertləri tərəfindən 2016-cı ilin İSO 17025 standartı üzrə audit yoxlamalarına başlanılıb. Hər il keçirilən audit yoxlamalarında əsas məqsəd standartların tələblərinə uyğun analizlərin, sənədləşmə işlərinin düzgün aparılması və mütəxəssislərin hazır­lıq səviyyəsinin yoxlanılmasıdır.
Laboratoriya əməkdaşlarına mütəmadi olaraq İSO 17025 standartı üzrə ixtisasartırma kurslarının keçirilməsi də diqqət mərkəzində saxlanılır. Belə ki, hazırda “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi qida sınaq laboratoriyasında kimyəvi və mikrobioloji laboratoriya təhlilləri üzrə Türkiyə Respublikasının “KarmaLab” şirkətindən dəvət olunmuş mütəxəssislər tərəfindən təkmilləşdirmə kursları keçirilir. 2016-cı ilin 19-25 noyabr tarixlərində keçirilən kurslar bu gün başa çatır. Sonda laboratoriya əməkdaşlarına sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, muxtar respublikada ilk beynəlxalq akkreditasiyalı laboratoriya olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi qida sınaq laboratoriyası regionumuzda istehsal edilən və ya muxtar respublikaya idxal olunan qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin edir, istehsalçı müəssisələrin xarici ölkələrə məhsul ixracını asanlaşdırır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR