23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada bu sahə ilə məşğul olan sahibkarlar və əhali tərəfindən minnətdarlıqla qarşılanıb. 

Dövlət proqramı ilə yaxından tanış olarkən yadıma cari ilin oktyabr ayının 15-16-sı tarixlərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Arıçılıq məhsulları – bal” festivalı düşdü. Burada görüşüb həmsöhbət olduğum tarix üzrə fəlsəfə doktoru Asəf Orucov bildirdi ki, Naxçıvanda qədim zamanlardan günümüzə qədər təsərrüfatın aparıcı sahələri sayılan əkinçilik və maldarlıqla yanaşı, başqa yardımçı təsərrüfat sahələri inkişaf etdirilib. Belə təsərrüfat sahələrindən biri də arıçılıqdır. Muxtar respublikanın təbii-coğrafi iqlimi, zəngin floraya malik olması arıçılığın geniş yayılmasına imkan verib. Bu sahənin Naxçıvanda nə vaxtdan yarandığı elmə dəqiq məlum olmasa da (çünki arxeoloji qazıntılar nəticəsində bu haqda heç nə aşkar edilməyib), ərazidə vəhşi çöl arılarının və arıçılıqla bağlı coğrafi adların (Ballıqaya, Pətəklik, Pətəkqoyulan) bu gün də mövcud olması burada qədim dövrdən arıçılığın inkişaf etdiyini göstərir.

Naxçıvan Dövlət Universitetinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədovun da arıçılığın keçdiyi yol barədə maraqlı fikirləri var. Arıçılıqla bağlı bu yazını hazırlayarkən onunla da görüşüb həmsöhbət olduq. Elsevər Əsədova görə, tarixi qaynaqlar göstərir ki, Naxçıvanda arıçılıq vəhşi arı balı toplamaq, meşə arıçılığı və mütərəqqi arıçılıq kimi inkişafın bütün mərhələlərini keçib. Şahbuz rayonundakı Ballıqaya, Ordubad rayonundakı Arıtəpə və digər ərazilər bu yerlərin qədim arıçılıq məskənləri kimi məşhurlaşdığının göstəricisidir.
XIX əsr rus tədqiqatçısı V.Q.Qriqoryevin məlumatlarına görə, həmin yüzilliyin 30-cu illərində Ordubad dairəsində əhalinin əksəriyyəti arıçılıqla məşğul olub. Tədqiqatçı N.N.Şavrov yazırdı ki, Ordubad qəzasında 3500 arı ailəsi saxlanılıb. Həmin dövrdə K.A.Qorbaçev Ordubad ərazisində 2 arı cinsinin olması haqqında məlumat verib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Əyyub Abdullayev deyir ki, son illər digər təsərrüfat sahələri kimi, muxtar respublikamızda arıçılığın inkişafına da böyük qayğı göstərilir. Bu da Naxçıvanda arı ailələrinin sayının artırılmasına şərait yaradıb. Əgər muxtar respublikada 2000-ci ildə 12 min 620 arı ailəsi vardısa, hazırda arı ailələrinin sayı 70 mindən çoxdur. Muxtar respublikanın mövcud bitki örtüyü burada 100 mindən çox arı ailəsi saxlamağa imkan verir və onlardan bir il ərzində 2000 tondan artıq əmtəəlik bal toplamaq mümkündür.
Qayıdaq dövlət proqramına. Proqramın qəbul edilməsi hansı zərurətdən yaranıb? Bununla bağlı proqramda oxuyuruq: Dövlət proqramının əsas məqsədi muxtar respublikada yerli və ənənəvi arı cinslərinin yetişdirilməsi, arı ailələrindən yüksək məhsul götürülməsi üçün köçürülmə ərazilərində zoobaytar qaydalarına əməl edilməsi, xəstəliklərə qarşı vaxtında mübarizə aparılması və məhsul istehsalının artırılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsidir.
Arıçılıq təsərrüfatlarında elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi üçün sahibkarlar arasında maarifləndirmə işlərinin aparılması, bal və digər arıçılıq məhsullarının emalı və qablaşdırılması müəssisələrinin yaradılması, şan vərəqi hazırlayan və arıçılıq avadanlıqları istehsal edən yeni müəssisələrin yaradılmasının dəstəklənməsi, tələbatdan artıq istehsal edilən arıçılıq məhsullarının ixracının stimullaşdırılması, arı xəstəliklərinin qarşısının alınması üçün zoobaytar tədbirlərin genişləndirilməsi, heyvandarlıq-arıçılıq sahələri üzrə əczaxanaların yaradılmasının dəstəklənməsi bu məqsədə nail olunmasında başlıca vəzifələrdir. Həmin vəzifələrin yerinə yetirilməsi kənd əhalisinin məşğulluğunun artırılmasında mühüm rol oynayacaq.
Dövlət proqramının icrasından muxtar respublika əhalisinin arıçılıq məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsi, arıçılıq məhsulları istehsalı sahəsinə investisiya qoyuluşunun artımına nail olunması, arı ailələrinin sayının 100 minə çatdırılması, arıçılıq sahəsində mütəxəssislərin hazırlanması kimi mühüm nəticələr gözlənilir.
Dövlət proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında mütəmadi olaraq 14 istiqamət üzrə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Proqramın icrasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Baytarlıq Xidməti, Dövlət Statistika Komitəsi, Dövlət Baş Sığorta Agentliyi, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan Muxtar Respublika Arıçıları” İctimai Birliyinin, yerli icra hakimiyyətləri və bələdiyyə orqanlarının üzərinə mühüm vəzifələr düşür.
Yeni perspektivlər vəd edən bu dövlət proqramı ilə bağlı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və “Naxçıvan Muxtar Respublika Arıçıları” İctimai Birliyi ilə əlaqə saxladıq.
Kənd Təsərrüfatı Nazirliyinin baş məsləhətçisi Vəli Novruzov bildirdi ki, dövlət proqramında nazirlik tərəfindən də bir sıra vəzifələrin həyata keçirilməsi nəzərdə tutulub. Yerli arı genofondunun mühafizəsi və arı xəstəliklərinin yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi, Naxçıvan şəhərində və rayon mərkəzlərində heyvandarlıq-arıçılıq sahələri üzrə əczaxanaların yaradılması arıçılığın inkişafında mühüm rol oynayacaq. Arıçılıqda yüksək nəticələrə nail olunmasında arıçılıq üzrə mütəxəssislərin hazırlanması da vacib məsələdir. Həmçinin arıçılıq təsərrüfatlarında elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi barədə sahibkarların məlumatlandırılması, yaşıllaşdırma işlərində balyığma mənbəyi hesab olunan ağac və kol əkinlərinin genişləndirilməsi, muxtar respublikada balyığma mənbələrinin aşkar edilməsi, yem bitkilərinin çiçəkləmədən sonra biçilməsinə nəzarətin təşkili də nazirlik qarşısında duran vəzifələrdir.
“Naxçıvan Muxtar Respublika Arıçıları” İctimai Birliyinin sədri Vaqif Məmmədov deyir ki, muxtar respublikanın arıçıları bu sahənin inkişaf etdirilməsinə qayğını hələ 2008-ci ildə görüblər. Həmin il adıçəkilən ictimai birlik yaradılıb. Bu birlik muxtar respublika arıçıları üçün metodik mərkəz rolunu oynayır. Müntəzəm olaraq arıçılar bir araya gələrək arıçılığın inkişaf etdirilməsi üçün müasir texnologiyaları öyrənir, fikir mübadiləsi aparırlar.
Vaqif Məmmədovun sözlərinə görə, bu gün muxtar respublikada 70 mindən artıq arı ailəsi var. Regionda 4 mindən artıq insan 20-dən çox arı ailəsi saxlayır. Pro­qramda arıçıların maarifləndirilməsi qarşıya başlıca vəzifə kimi qoyulub. Bunu nəzərə alaraq Naxçıvan şəhərindəki peşə məktəbində bu sahəyə maraq göstərən gənclər üçün kurs təşkil edilib. Gələcəkdə bu kursların fəaliyyəti davam etdiriləcək, kurslara muxtar respublikada arıçılıqla məşğul olan insanlar cəlb ediləcəklər. Yaradılan şərait belə deməyə əsas verir ki, qarşıya qoyulan vəzifələri yerinə yetirə biləcəyik.
Bir neçə arıçı ilə də görüşdük. Ordubad rayonunun Bist kəndində yaşayan Tahir Tahirov uzun illərdir ki, arıçılıqla məşğul olur. Deyir ki, mövsüm vaxtı arı ailələrini muxtar respublikanın ucqar yaşayış məntəqələrinə aparır. Belə ünvanların təmiz havası, suyu, gül-çiçəyi keyfiyyətli bal istehsalında mühüm rol oynayır. Şahbuz rayonunun Sələsüz kənd sakini Kamal Məmmədov isə bildirir ki, arı çox zərif məxluqdur, diqqətcillik, qayğı istəyir. Onun məhsulu isə hər dərdin dərmanıdır, təbabətdə geniş istifadə olunur. Bir çox xəstəliklər balla müalicə edilir. Bundan əlavə, baldan məişətdə şirniyyat məhsullarının hazırlanmasında da geniş istifadə olunur. Bu gün də, keçmişdə də baldan hazırlanmış Ordubad paxlavası, ballı tort hər yerdə şöhrət qazanıb.
Naxçıvan şəhərində həmsöhbət olduğum bir neçə sakin bu proqramın vaxtında qəbul edilmiş dövlət sənədi olduğunu yüksək dəyərləndirdi. Namiq Fərzəliyev və Mətanət Cabbarova adıçəkilən proqramın muxtar respublikada daha keyfiyyətli bal məhsullarının istehsalının həcminin artırılmasına stimul olacağını dilə gətirdilər. Bildirdilər ki, bu, insanların seçim etməsinə, daha keyfiyyətli məhsul almasına imkan verəcək.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR