Sədərək rayonu bu gün inkişafının yeni mərhələsinə qədəm qoyub. Muxtar respublikamızda nail olunmuş sürətli sosial-iqtisadi inkişaf bu sərhəd yaşayış məntəqəsini də əhatə edib, rayon mərkəzi olan Heydərabad qəsəbəsi müasir şəhər görkəminə qovuşub. Son illər rayonda geniş həcmdə kompleks tikinti-quruculuq tədbirlərinin aparılması bölgənin ayrılmaz həyat ritminə çevrilib.
Həmin tədbirlərin davamı kimi bu ilin aprel ayından başlayaraq Sədərək kəndində rayon Mədəniyyət və Turizm Şöbəsinin inzibati binasının yenidən qurulmasına başlanılıb. Binada şöbə və rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi fəaliyyət göstərəcək, tədbirlər zalı və digər xidməti otaqlar yaradılacaq. İnşaat işləri “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivinə həvalə edilib.
İş icraçısı Vəli Hüseynovdan aldığımız məlumata görə, binanın vaxtında istifadəyə verilməsi üçün inşaatçılara hərtərəfli şərait yaradılıb, obyekt kifayət qədər texnika və işçi qüvvəsi ilə təmin edilib. İlkin yenidənqurma işləri zamanı zirzəmi ilə birlikdə iki mərtəbədən ibarət olan binaya bir mərtəbə əlavə edilib, dam örtüyü vurulub, fasadın arxitektura quruluşu yenilənib. Hazırda binada suvaq işləri aparılır, fasadın üzlənməsi üçün obyektə tikinti materialları gətirilir. Yenidənqurma işləri başa çatdıqdan sonra ərazidə genişmiqyaslı yaşıllaşdırma işləri aparılacaq, gülkarlıqlar salınacaq, müasir işıqlandırma sistemi qurulacaq. Obyektdə yerli tikinti materiallarından istifadəyə üstünlük verilir, görülən işlər yüksək zövqlə, peşəkarlıqla və müasir memarlıq elementlərindən istifadə edilməklə yerinə yetirilir.
İnşaatçıların əzmkarlığı belə deməyə əsas verir ki, Sədərək Rayon Mədəniyyət və Turizm Şöbəsinin yeni inzibati binası nəzərdə tutulan vaxt ərzində təhvil veriləcək.
Səbuhi Hüseynov