Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən elektrik stansiyalarında, yüksək və aşağı gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında ilboyu əsaslı və cari təmir işləri aparılır.
Oktyabr ayında da bu tədbirlər davam etdirilmiş, muxtar respublikanın şəhər və kəndlərində 2 yeni transformator yarımstansiyası quraşdırılmış, 6 kilometr uzunluğunda yeni elektrik verilişi xətti çəkilmiş, 3 kilometr uzunluqlu hava elektrik verilişi xətti kabel xətti ilə əvəz edilmişdir. Bu dövrdə Naxçıvan, Şərur və Culfa transformator təmiri sexlərində 11 transformator təmir edilərək şəbəkələrə qaytarılmışdır.
Muxtar respublikada bütün işlədicilərin istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün elektron sayğaclar qoyulmuş, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilmiş, Naxçıvan şəhərində 570 smartkarttipli sayğac quraşdırılmışdır. Elektrik enerjisindən sayğacdankənar istifadə edilməsinin qarşısının alınması üçün mütəmadi reydlər keçirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika
Agentliyinin mətbuat xidməti