22 Dekabr 2024, Bazar

Gömrük xidməti ilə biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən “Məsləhət şurası”nın xarici iqtisadi fəaliyyət iştirakçıları ilə növbəti görüşü olub. Görüşdə tabeli gömrük idarələrinin rəisləri, yük və maliyyə-tarif şöbələrinin rəisləri, həmçinin əlaqəli dövlət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda sahibkarlığın inkişafı üçün yaradılan münbit şəraitdən danışıb. Qeyd olunub ki, muxtar respublikada iqtisadi təhlükəsizliyin təmin edilməsi, daxili bazarın qorunması, ixracın stimullaşdırılması iqtisadi inkişafın əsas istiqamətləri kimi müəyyənləşdirilib. Gömrük orqanları tərəfindən bu sahədə görülən işlər, ümumilikdə, regionda yeni istehsal sahələrinin yaradılması və inkişafını, əhalinin sosial-rifah halının yüksəlməsini, daxili bazarın xarici təsirlərdən müdafiəsi ilə stimullaşdırılmasını təmin edib.

Xarici iqtisadi fəaliyyət sahəsində qarşıya çıxan problemlərin qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində həll oluna biləcəyini önə çəkən komitə sədri vurğulayıb ki, infrastrukturun yenilənməsi, yeni məcəllənin qüvvəyə minməsi ilə gömrük sistemində qanunvericiliyin təkmilləşdirilməsi, “bir pəncərə” prinsipinin tətbiqi, xidmətlərin elektron qaydada həyata keçirilməsi rəsmiləşdirməni asanlaşdırmaqla yanaşı, həm də sürətləndirib.
Komitənin Statistika və informasiya texnologiyaları şöbəsinin rəisi, gömrük xidməti kapitanı Emin Eylazov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin bu ilin fevralında istifadəyə verilən rəsmi internet portalı haqqında məlumat verib. Sayt üzərindən müraciətlər üçün yaradılan imkanlar və göstərilən elektron xidmətlər ətraflı təhlil olunub.
Komitənin Gömrük nəzarətinin təşkili şöbəsinin rəisi, gömrük xidməti mayoru Zaur Bağırov daxili bazarın qorunmasında xarici iqtisadi fəaliyyətin tənzimlənməsi mexanizminin rolundan danışıb. Qeyd olunub ki, iş adamları daxili bazarın konyukturunu dərindən və mütəmadi izləyərək bazarda xüsusilə xalq istehlakı məhsullarının qıtlaşmasına və qiymət qalxmalarına yol verməməli, mal idxal etməzdən əvvəl gömrük orqanları ilə məsləhətləşmələr aparmalıdırlar.
Dövlət Gömrük Komitəsinin Audit şöbəsinin rəisi, gömrük xidməti polkovniki Tofiq Hüseynov rəsmiləşdirmə əməliyyatlarının təkmilləşdirilməsi və qarşıya çıxan problemlərin aradan qaldırılması yollarından danışıb. Qeyd olunub ki, hələ də bəzi hallarda hüquqi və fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların vaxtında bəyan edilməməsi, rəsmiləşdirmə zamanı mal-müşayiət sənədlərinin tam olmaması, bağlanmış müqavilələrin beynəlxalq norma və prinsiplərə uyğun gəlməməsi, malların dəyərinin düzgün bəyan edilməməsi, müvəqqəti saxlanca qoyulan malların vaxtında rəsmiləşdirilməməsi kimi problemlərə rast gəlinir.
Cari ildə biznes fəaliyyəti zamanı yol verilən nöqsanlardan danışan komitənin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin rəisi, gömrük xidməti mayoru Əli Əliyev cari ilin birinci rübündə hüquqpozma faktlarının sayında artım müşahidə olunduğunu önə çəkərək tətbiq olunan, eləcə də qanunvericilikdə nəzərdə tutulan cərimə və cəzalar barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Abbas Babayev gömrük orqanları tərəfindən iş adamlarına göstərilən diqqətin muxtar respublikanın iqtisadi imkanlarının genişlənməsinə stimul verdiyini vurğulayıb.
Sonra xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin iştirakı ilə diskussiya olub.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR