23 Dekabr 2024, Bazar ertəsi

2016-cı il avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə “Naxçıvanqaz” İstehsalat Birliyinin qarşısına da mühüm vəzifə və tapşırıqlar qoyulub. Həmin vəzifələrin icrası ilə bağlı istehsalat birliyində görüləcək işlərə dair tədbirlər planı hazırlanıb və plana uyğun olaraq müəssisə payız-qış mövsümünə keçidlə əlaqədar öz işini daha da gücləndirib.
Mövsümə hazırlıqla bağlı “Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən istehlakçılara göstərilən xidmətin keyfiyyəti, həmçinin xidmətə nəzarət daha da gücləndirilib, istehlakçıların təbii qazla fasiləsiz və təhlükəsiz təmin olunması üçün lazımi tədbirlər görülüb. Belə ki, qaz istismarı idarələrinin xidməti ərazilərində – rayon mərkəzlərində, kənd yaşayış məntəqələrində qaz xətləri və bu xətlər üzərində quraşdırılmış tənzimləyici şkaflar, siyirtmələr təftiş edilib, korroziyaya uğramış borular dəyişdirilib. Muxtar respublikanın qaz təsərrüfatı şəbəkəsi ərazilər üzrə qaz analizatorları vasitəsilə yoxlanılaraq, aşkarlanan qaz sızmaları texniki-təhlükəsizlik qaydalarına uyğun olaraq aradan qaldırılır. Bu istiqamətdə işlərin icrası davam etdirilir. Bundan əlavə, payız-qış mövsümünə uyğun olaraq qəza təmiri üçün ehtiyat bazasına aid polad və polietilen borular, çilingər alətləri, köməkçi avadanlıqlar, işçi heyətinin peşə yönümü üzrə geyim formaları da normaya uyğun bərpa olunub, həmçinin birlik üzrə maşın və mexanizmlərin, qaynaq avadanlıqlarının texniki vəziyyəti yoxlanılıb. Birliyin mütəxəssisləri tərəfindən sosial obyektlərin, idarə və təşkilatların, yaşayış binalarının qazanxanalarına texniki baxış keçirilən zaman mövcud problemlər araşdırılaraq nöqsanlar aradan qaldırılıb.

Qeyd edək ki, “Naxçıvanqaz” İstehsalat Birliyi və onun yerli idarələri qaz itkisinə səbəb olacaq nöqsanları aradan qaldırmaq məqsədilə bu sahəni tam nəzarətə götürüb. Birliyin 104 nömrəli qaynar xətti fəaliyyət göstərir. Gün ərzində həmin qaynar xəttə müxtəlif xarakterli çağırışlar daxil olur. Çağırışlar daxil olan anda birliyin qəza-dispetçer xidmətinin əməkdaşları hadisə yerinə gedir, bütün işlər təlimata uyğun yerinə yetirilərək təhlükəsiz və keyfiyyətli təbii qazın nəqli bərpa olunur. “Naxçıvanqaz” İstehsalat Birliyinin fəaliyyəti dövründə, yəni 2005-ci ilin payızından 1 noyabr 2016-cı il tarixədək aparılmış məqsədyönlü işlərin nəticəsi kimi, ümumilikdə, muxtar respublika üzrə təbii qazdan 84 min 873 əhali abonentinin, 2 min 23 qeyri-əhali abonentinin istifadə etməsi təmin olunub.
Qeyd edək ki, muxtar respublikanın qaz təsərrüfatı infrastrukturunun təkmilləşdirilməsi istiqaməti üzrə qaz şəbəkəsinin müəyyən hissələrinin yenidən qurulması, istehlakçıların qaz təchizatı təminatının daha da yaxşılaşdırılması, yaşayış sahələrində yeni fərdi evlərin və sosial inzibati obyektlərin qazlaşdırılması, təbii qazdan səmərəli istifadə edilməsi, təbii qaz istehlakçılarına nümunəvi xidmətin göstərilməsi “Naxçıvanqaz” İstehsalat Birliyinin və birliyə tabe strukturların başlıca vəzifələrindəndir. Həyata keçirilən tədbirlər payız-qış mövsümündə əhalinin dayanıqlı və təhlükəsiz mavi yanacaqla təmin olunmasına imkan verir.

“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR