23 Dekabr 2024, Bazar ertəsi

“İşgəsu” massivi artıq həm də istirahət üçün gözəl məkandır


İcrası uğurla başa çatan “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatına şərait yaradıb. Bu şərait balıqçılıq təsərrüfatının inkişafı üçün də geniş imkanlar açıb. 2009-cu ildə Şahbuz rayonundakı “İşgəsu” massivində “Forel” balıqçılıq təsərrüfatının həyata vəsiqə qazanması həmin imkanlardan səmərəli istifadənin nəticəsidir və muxtar respublikada iqtisadi cəhətdən xeyli gəlirli olan balıqçılığın inkişafına öz töhfəsini verir. 

 Bu günlərdə həmin təsərrüfatda olduq. Balıqçılıq təsərrüfatının rəhbəri Nurlan Xəlilov bildirdi ki, Sahibkarlığa Kömək Fondundan 30 min manat kredit götürərək fəaliyyətə başlayıblar. İlk olaraq əraziyə su xətti çəkilib, iki kaptaj vurulub. Hündürlüyü 1 metr 20 santimetr, eni 3, uzunluğu 25 metr olan 10 hovuz tikilib. Bu hovuzlarda ən qiymətli balıq növü olan forel balıqları yetişdirilir. Vaxtında yemlərinin verilməsi, hovuzların təmizliyinin, suyun temperaturunun diqqətdə saxlanması balıqlar arasında itkinin olmaması və vaxtında normal çəkiyə çatdırılması ilə nəticələnib. Sahibkar bildirir ki, forellər, təxminən, 7-8 aya böyüyür, soyuq aylarda bu, bir az sürətlənir. Balıqların normal çəkisi 180-220 qram olur. 

Təsərrüfatçı təcrübəsinin nəticəsində balıqların sayı getdikcə artır. Ona görə də hazırda hovuzların sayı 15-ə çatdırılıb. Hovuzlarda 600 mindən çox balıq yetişdirilir. İstehsal edilən məhsulun satışı üçün də heç bir çətinlik yoxdur. Təsərrüfatın Şahbuz şəhərindəki bazarda mağazaları var. Mağazanın qarşısında kiçik hovuz düzəldilib. Bununla da, alıcılara daim burdan təzə balıq ala bilmək imkanı yaradılıb. Naxçıvan şəhərindəki mağazalara isə 900 qram-1 kiloqram çəkidə qablaşdırılaraq verilir.
Burada bir məqama da toxunaq. Balıqçılıq üçün əvvəlcə qonşu ölkələrdən kürülər gətirilirdisə, bu gün artıq buna ehtiyac yoxdur, təsərrüfatın özündə kürü almaq üçün şərait yaradılıb. Bölgənin təmiz havası, suyu burada balıqçılığın inkişaf etdirilməsinə marağı artıran amillərdən biridir. Odur ki, təsərrüfatda çay kənarında eni 20 metr, uzunluğu müxtəlif ölçü­lərdə olan 6 hovuz tikilib. Bu hovuzlarda sazan, çay balığı, ağ balıq, sudak və karas yetişdirilir. Sazan istehsalını genişləndirmək sahibkarın perspektiv planıdır. Bunun üçün hər cür imkanlar olduğunu bildirən Nurlan Xəlilov deyir ki, hazırda bu hovuzlarda 1 milyondan artıq balıq yetişdirilir. Və bu balıqlar təbii şəkildə qidalanırlar. Hovuzlarda 9 kiloqrama qədər çəkisi olan balıqlar var.
Təsərrüfatda ikinövbəli iş rejimi tətbiq edilib. Ərazidə sanitariya-gigiyena qaydalarına ciddi əməl olunması diqqət mərkəzində saxlanılır. Bütün bunlar yüksəkkeyfiyyətli məhsul istehsalında mühüm rol oynayır.
Bəli, bir vaxtlar qamışların boy verdiyi ərazidə bu gün, sözün əsl mənasında, cənnətməkan yaradılıb. Sazan balıq saxlanan hovuzların ətrafları maili şəkildə daşla hörülüb. İki hovuzun üzərində körpü salınıb. Körpünün üstündə istirahət üçün şərait yaradılıb. Həmçinin hovuzlara enmək üçün pilləkənlər quraşdırılıb. Bu pillələrlə enib suyun içərisində qayıqla gəzmək olar. Suyun ortasında quraşdırılan fəvvarələr, hovuzboyu əkilən rəngbərəng güllər, həmişəyaşıl tinglər, meyvə ağacları insanın ovqatını təzələyən amillərdir.
Ərazini gəzdikcə, yaradılan gözəlliyə baxdıqca qəlbimizi qürur qarışıq sevinc hissləri bürüyürdü. Çünki burada tikilən ikimərtəbəli restoran, restoranın həyətində düzülmüş xalqımıza məxsus qədim məişət əşyaları, uşaqlar üçün əyləncə yerləri, həmçinin müştərilərin istəyinə uyğun sifariş vermək məqsədilə tikilən kiçik, fəvvarəli hovuzda üzən balıqlar, burada restoran üçün bəslənən müxtəlif quşlar dövlət qayğısının təcəssümü, zəhmətin, əməksevərliyin bəhrəsi kimi diqqət çəkir. 3 kiçik villa, 3 taxtadan düzəldilmiş yüksək şəraitli katejlər insanların dincəlməsi üçündür. Havası insana dinclik, sakitlik gətirən söyüd ağaclarının altında düzəldilən, ətrafı həsirlə örtülən 11 yemək yeri, ərazinin baş tərəfində rahatlığı ilə müştəriləri razı salan, yaraşığı, gözəlliyi ilə insanı cəlb edən 4 otaqlı VİP-də yaradılan şərait də valehedicidir.
Söyüd ağaclarının altında açıq havada toy, nişan, ad günləri keçirmək üçün 360 nəfərlik yerin inşa olunması şahbuzlulara böyük töhfədir. Lakin təkcə bu rayondan deyil, elə Naxçıvan şəhərindən də gəlib burada şənlik məclisləri quranlar olur.
Ərazidəki müxtəlif meyvə ağacları – alma, alça, ərik, badam, hətta həmərsin, yemişan, böyürtkən buraya füsunkarlıq bəxş edir. Yaşıllıqda yaradılan bulaqlar, kiçik zooparkda saxlanılan quş və heyvanlar da əraziyə marağı artırır. Burada balaca stadion da tikilib. Üstəlik, qonaqların, turistlərin ehtiyacı olarsa, maşınların yuyulması xidməti də göstərilir.
Şübhəsiz, hər yaradılan sahibkarlıq obyekti həm də əhalinin məşğulluğu baxımından əhəmiyyətə malikdir. Elə burada çalışan 20 nəfər ailəsinin rifahını yaxşılaşdırmaq imkanı qazanıb.
Və yeri gəlmişkən vacib bir məqama da toxunmaq istərdim ki, “İşgəsu” massivindəki balıqçılıq təsərrüfatının ətrafında görülən işlər, yaradılan istirahət guşəsi böyük təbiət abidəsi olan Şahbuzun turizm potensialının genişləndirilməsində də özünəməxsus rol oynayır. Buraya xüsusən yay aylarında respublikanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən gəlib dincələnlər də var. Gələn qonaqlar burada bir daha muxtar respublikamıza məxsus milli mətbəx nümunələrimizlə, yerli istehsal məhsullarımızla tanış olurlar. Həmçinin onlar təkcə təbiətimizlə, milli yeməklərimizlə tanış olmur, xalqımıza məxsus qonaqpərvərliyimizdən də məmnun qalırlar.
Bir məsələni də qeyd edək ki, haqqında bəhs etdiyimiz istehsal müəssisəsində qazanan təkcə sahibkar deyil, həm də muxtar respublika sakinləridir. O mənada ki, onlar bu məhsulları daha başqa ölkələrdən deyil, məhz muxtar respublikada fəaliyyət göstərən belə müəssisələrdən almaq imkanı əldə ediblər. Regionumuzun iqlim şəraiti burada ekoloji cəhətdən sağlam olan məhsulların yetişdirilməsinə, istehsalına imkan verir. Bu isə sağlamlıq üçün ən vacib şərtdir. Və istər “İşgəsu” massivində, istərsə də muxtar respublikanın digər yerlərində yaradılan belə ünvanlar həm də o mənada əhəmiyyət kəsb edir ki, insanlar daha istirahət üçün digər yerlərə üz tutmurlar.

 Hafizə Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR