Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament və icra hakimiyyəti orqanlarının nümayəndələri, sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. Foruma Rusiyanın 9 subyektindən 250-dən çox, Azərbaycan tərəfdən isə 300-dək olmaqla, ümumilikdə, 600-ə yaxın iştirakçı qatılıb.
Regionlararası forumda qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanan, ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyədə olduğu, dövlət başçılarının siyasi-iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verdiyi, prezidentlərin, dövlət rəsmilərinin və iş adamlarının çoxsaylı qarşılıqlı səfərlərinin bu böyük önəmin göstəricisi olduğu vurğulanıb.
Forum ticarət əlaqələrinin inkişafında, iş adamları arasında işgüzar əlaqələrin genişlənməsində, həmçinin yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadığından tədbirə Naxçıvan Muxtar Respublikasının nümayəndə heyəti də qatılıb.
Forumda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov, muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Dizayn Holdinq” Kommersiya Şirkətlər İttifaqının, “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Nəqşicahan Holdinq” LTD Şirkətlər Qrupunun, “Nur-Qida” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorları, “Naxçıvan Avtomobil Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin və “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində ikitərəfli görüşlər zamanı “Nəqşicahan Holdinq” LTD Şirkətlər Qrupunun direktoru “İstochnik” mehmanxanasının və “Dərbənd 2000” turizm şirkətinin rəhbərlərinə Naxçıvan Muxtar Respublikasının turizm potensialı ilə bağlı məlumatlar verib və əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
“Əməkdaşlıq körpüsü” adlandırılan forum Azərbaycan ilə Rusiya arasında iqtisadi əlaqələrin geniş spektrini əhatə edən işgüzar diskussiyalar, imzalanan mühüm sənədlər və iş adamlarının faydalı görüşləri ilə əlamətdar olub.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti