23 Dekabr 2024, Bazar ertəsi

Qədim yurd yerlərimizdən biri olan Rumusda zəhmət adamları ilə keçirdiyimiz bir gün

 

Naxçıvan şəhərində yerləşən marketlərdən birində bazarlıq edərkən 5, 10 və 15 kiloqramlıq toxunma kisələrdə qablaşdırılmış kartofun alıcısının çox olduğunu görüb onlara yaxınlaşdım. Bu kartof haranın məhsuludur? – deyə satıcıdan soruşdum.
– Üstündə “Rumus kartofu” yazılıb. Onu da deyim ki, çox keyfiyyətli, dadlı-tamlı kartofdu. Bir alan bir də alır. Özü də 4-5 kisə, – dedi.
Elə növbədə dayanan alıcılar da onun dediyi sözlərə şərik çıxdılar.
– Bəs bu kartofu marketlərə hansı şirkət gətirir?
– “Naxçıvan bağları”, – deyən satıcı digər müştəriləri yola salmağa başladı.
Üç-dörd nəfərdən sonra bir kisə kartof da mən aldım.
Elə həmin gün “Naxçıvan bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Elçin Bağırovun mobil telefonuna zəng vurub marketlərdə satışa çıxarılan “Rumus kartofu” haqqında məlumat verməyi xahiş etdim.
– Sabah görüşüb gedərik Rumusa, orada nə lazımdırsa sizə məlumat verərəm.
Ertəsi gün görüşüb onun “Mitsubishi” markalı maşını ilə düşdük yola.

– Elçin müəllim, maşından görürəm ki, hazırlıqlı gəlmisiniz. Dağlara qalxacağıq?
– Elədir ki, var. Düz 3 saatlıq yol gedəcəyik, – deyib maşını Naxçıvan-Culfa magistralına yönəltdi.
– Culfa rayonuna gedirik? – deyə soruşdum.
– Xeyr. Ordubada gedirik. Qədim yurd yerlərimizdən biri olan Rumusa. Beləcə, təqribən, bir saat yol getdikdən sonra magistral yoldan sola dönüb Vənənd kəndi istiqamətində, üzü dağlara doğru irəlilədik. Bu istiqamətdə yerləşən Xanağa, Ağrı, Dizə, Vənənd, Başkənd, Anaqut, Dırnıs, Kələki kəndlərindən keçdik. Yol kənarında qoyulmuş məlumatlandırıcı və istiqamətləndirici lövhədə Unus sözünü oxuyan kimi:
– Elçin müəllim, Unusda kartof əkib Rumus niyə yazırsınız? – deyib onun üzünə baxdım.
– Səbir et. Düzdür, bu kənd Unusdur. Ancaq bu kənddən sonra hələ Pəzməri kəndi var.
Təqribən, 20-25 dəqiqədən sonra çatdıq Pəzməriyə. Kəndin çıxışında maşını saxlayıb gücləndirilmiş iş rejiminə keçirdi.
– Hə, dostum Dilicanın dolanbaclarını heç qalxmısan? – deyib güldü.
– Cəmi bir dəfə, – dedim.
– İndi həmin dolanbaclara bənzər yolla bir yox, üç dağ aşacaq, 18 kilometr də yol gedəcəyik, – deyib maşını işə saldı.
Qaya darvazadan keçib, dağların sinəsinə qıvrılmış avtomobil yolu ilə yüksəkliyə qalxırıq.
– Elçin müəllim, sarı torpaq sürüşkən olur. Xüsusən yağışlı havalarda bu yolda maşın sürmək təhlükəli olar, – deyib istər-istəməz yüksəklikdən dərəyə baxdım. Avtomobildə hansısa nasazlıq yaranarsa, bu, səfərimizin sonunun nə ilə nəticələnəcəyini düşündüm. Elə nə düşündüyümü üzümdən oxuyan Elçin müəllim:
– Qorxma, bu yollara yaxşı bələdəm. Yay mövsümü hər gün olmasa da, günaşırı bu yolu gedib-gəlmişəm.
Beləcə, birinci dağın sinəsinə sığınan yolla növbəti dağa qalxmaq üçün dərəyə endik. Maşını saxlayan Elçin müəllim:
– Burada bir bulaq var. Eynən Narzan suyudur, – deyib maşından düşdü. Bulağın suyundan içdik.
– Sudan nə dadı gəlir?
– Dəmir, – dedim.
– Elədir ki, var. Bu suyu laborator analizə vermişəm. Tərkibində dəmir çoxdur. Yolçu yolda gərək, – deyib maşına tərəf yönəldi.
Düzü, yüksəkliyə qalxmaq məni bir balaca qorxutmuşdu. Ona görə də soruşdum:
– Yenə yüksəkliyə qalxacağıq?
– Hələ iki dağ da aşacağıq, – dedi.
Özümü qınadım. Əşi, sənin burda nə işin var, – deyə fikirləşdim. Sonra da özümü məzəmmət etdim. Axı otaqda oturmaqla, təbii ki, yaxşı yazı hazırlamaq çətin olar. İkinci dağı da aşıb üçüncü dağın zirvəsinə qalxdıq. Elçin müəllim maşını saxlayıb mobil telefonunu götürüb nə isə axtardı.
– Hə... budur, – deyib telefonu mənə tərəf tutdu.
– Dəniz səviyyəsindən düz 2500 metr yüksəklikdəyik, – dedi. Sonra da maşından düşüb qarşı tərəfdəki dağın sinəsində yerləşən yeri göstərərək dedi:
– Bu da qədim yurd yerlərimizdən biri olan Rumus kəndi. Aldığım məlumata görə, kənddə 70-ə yaxın ev olub. Anarxiya, xaos, özbaşınalıq illərində digər dağ və sərhəd kəndləri kimi, Rumus kəndi də gözdənuzaq, könüldəniraq düşüb. Sosial problemlər üzündən yolsuz, işıqsız, qazsız qalan kənd sakinləri şəhərə və yaxud da aran kəndlərinə köçüblər.
Ətrafa yayılan mal-qaranı, qoyun-quzu sürüsünü göstərib, – bəs bunlar kimindir? – deyə soruşdum.
– Yaz-yay fəslində yaylağa qalxan fermerlərindir.
Kəndin ortasında yerləşən iki bərpa olunmuş evi göstərib, – bəs o evlərdə kimlər yaşayır? – dedim.
– Bu evlərin birində bizim işçilər, digərində isə çobanlar yaşayır. Kəndin ətrafında, dağın sinəsində şumlanmış yastanlıqları göstərərək, – bu da bizim əkin yerlərimizdi. Torpağın münbitliyinə, məhsuldarlığına söz ola bilməz – dedi.
– Elçin müəllim, düz dünyanı ötürüb bu dağın başında kartof əkmək haradan ağlınıza gəlib?
– Əslən ordubadlı olan, hazırda Naxçıvan şəhərində yaşayan dostum Vahid müəllim bələdçilik etdi. Dedi ki, bu torpaqda əkilən kartofun məhsuldarlığına, dad-tamına söz ola bilməz. Bizim kollektiv də təşəbbüs göstərdi. Onu da deyim ki, təşəbbüsümüz dövlət tərəfindən yüksək qiymətləndirildi. Hərtərəfli köməklik göstərildi. Bu qədim yurd yerimizə sıldırım qayalar üzərindən elektrik verilişi xətti çəkildi. Avtomobil yolu kürənib təmizləndi. Gediş-gəliş üçün əlverişli şərait yaradıldı. Tək bizim kollektiv deyil, yaylağa qalxan zəhmət adamları, fermerlər, arıçılar da bu qayğıdan bəhrələndi. Bu qədim yurd yerimizə üz tutanların sayı artdı.
Söhbətləşə-söhbətləşə qalxdıq kəndə. Payız şumu qaldırılmış əkin sahələrinə yük avtomobili ilə üzvi gübrə daşıyan iki gənclə salamlaşdıq.
– Bizim işçilərdir, yaz əkininə indidən hazırlıq görürük.
Əkin sahələrini, yastanları bir-bir gəzdik. Hətta yığım zamanı şırımda qalan kartofdan götürüb közdə kabab edib, bir qismət çörək də kəsdik. Təsərrüfatla məşğul olan Hüseyn kişinin samovar çayından içdik. Çay süfrəsinə qonaq olan gənclərdən biri:
– Elçin müəllim, yazda mən də kartof əkmək istəyirəm, – dedi.
– Bəs neçə illərdir niyə əkmirdin?
– Nə bilim, – deyib çiyinlərini çəkdi. – Sizin işinizi görüb həvəsləndim, – dedi.
– Bu cür münbit torpaqları boş qoymaq olmaz. Bizim traktordan istifadə edin. Şum xərcini mən ödəyəcəyəm. Üstəlik, toxumluq kartofu da pay verəcəyəm. Təki torpağı boş qoymayın, – deyib gənc oğlanı daha da həvəsləndirdi.
Beləcə, Rumusa üz tutan, bu kəndin torpağından bəhrələnən zəhmət adamları ilə xudahafizləşib dağ yamacları ilə çəkilmiş avtomobil yolu ilə qayıtdıq “Naxçıvan bağları” MMC-nin Böyükdüz kəndində yerləşən istixana kompleksinə. Naxçıvan-Sədərək magistralından sola dönüb istixana kompleksinə yaxınlaşanda baxdıq ki, kompleksin yaxınlığında şumlanmış, səliqə ilə şırımlanmış geniş bir sahədə qızğın iş gedir.
– Elçin müəllim, əhali sizdən faraş tərəvəz məhsulları gözləyir, siz hələ də açıq havada əkin aparırsınız?
Xeyli güldü.
– Əkin sahələrində pomidor, xiyar sovuşan kimi, istixanada iyul ayında əkdiyimiz pomidor şitillərinin ilk məhsullarını artıq bazara çıxarmışıq. Kollektivimiz təkcə faraş tərəvəz məhsulları yetişdirməklə kifayətlənmir. Yay mövsümündə açıq havada yetişdirilən məhsullarla bazarı təmin edirik. İndi əkin aparılan bu ərazidə 5 hektar pomidor, 1 hektar xiyar əkmişdik. Məhsul bol oldu. Təsəvvür edin, pomidorun hər kiloqramını 20, xiyarı isə 10 qəpikdən satdıq. Məhsul eyni vaxtda yetişdiyindən bazarın tələbatından artıq olan hissəsini xüsusi texnologiya ilə odda qaynatmadan tomat istehsal edib 1 və 2 kiloqramlıq taralara qablaşdırdıq. 0,5, 1, 2 və 3 kiloqramlıq taralarda isə pomidor, xiyar, bibər turşusu bağladıq. Yəni yetişdirilən məhsulun israf olunmasının qarşısını aldıq. Məhsul toplandıqdan sonra torpağa üzvi gübrə verib, şumlayıb, şırım çəkdik. Hazırda bu əraziyə ilk dəfə olaraq gələn ilin məhsulu üçün min bir dərdin dərmanı sayılan sarımsaq əkirik. Dövlət dəstəyi ilə kifayət qədər toxum da tədarük etmişik, – deyib soyuducu anbara tərəf yönəlib qapını açdı. Səliqə ilə düzülmüş kisələri göstərərək dedi:
– Bax bu tədarük etdiyimiz “Rumus kartofu”, bu əkinə hazırladığımız, yəni qabığı soyulmuş sarımsaq, bu da sarımsaq qabıqları.
– Elçin müəllim, kartofu, sarımsağı başa düşdük. Bəs sarımsaq qabıqlarını niyə saxlayırsınız?
– Hə... Məsələ burasındadır ki, sarımsaq qabıqlarını müəyyən müddət mayedə saxlayır və həmin mayedən dərman kimi əkin sahələrində istifadə edirik. Özü də yaxşı nəticə verir.
– Deməli, sarımsağın qabığı da müalicəvi əhəmiyyətə malikdir?
– Əlbəttə, bu əhəmiyyətli sahəni genişləndirmək istəyirik. Artıq Rumusda, Babək rayonunun Şıxmahmud, Şahbuz rayonunun Gömür kəndlərində də sarımsaq əkini­­ keçirmişik.
İstixanaya daxil olduq. Payız fəsli olmasına baxmayaraq, kompleksin daxilində həmişəki kimi elə yaz-yay fəsli idi. Necə deyərlər, gül gülü çağırırdı. Bir tərəfdə pomidor kollarından asılan qızarmış pomidor salxımları, bir tərəfdə çiçəkləyən pomidor, xiyar kolları, digər tərəfdə isə yenicə əkilmiş çiyələk şitilləri. İstər-istəməz komplekslə bağlı maraqlı bir əhvalatı Elçin müəllimə danışdım.
– Xaricdən gəlmiş iş adamı ilə Naxçıvan-Sədərək magistralında gedərkən o, istixana kompleksini göstərib:
– Bura nə zavodudur? – deyə soruşdu.
– Zavod deyil. İstixana kompleksidir.
– Nə?
– Niyə təəccüblənirsiniz, istixana kompleksidir.
– Kəskin kontinental iqlim şəraiti olan Naxçıvanın yayı həddən artıq isti, qışı da şaxtalı keçir. Yəni faraş tərəvəz məhsulları yetişdirmək üçün işıq, qaz sərfi digər ölkələrə nisbətən 2 dəfədən çox olur. Bu da, təbii ki, məhsulun maya dəyərinin artmasına təsir edir. Bütün bunlara baxmayaraq, siz bunu etmisiniz, – deyib naxçıvanlı qətiyyətinə heyran olduğunu bildirdi.
– Qonaq düz deyib, elədir. Amma dövlət qayğısı, təşəbbüskarlıq olan yerdə qarşıya qoyulan hər bir məqsədə nail olmaq olar. Mənim əvvəllər kənd təsərrüfatı ilə heç bir əlaqəm olmayıb. Moskvada ali təhsil alıb doğma Naxçıvanımıza qayıtdıqdan sonra dövlət orqanlarında çalışırdım. Sonuncu iş yerim də, elə o dövrün dili ilə desək, Nazirlər Soveti olub.
– Bəs niyə sonuncu?
– Elə o sonuncunun maraqlı bir tarixçəsi var. 90-cı illərin əvvəlləri idi. Bir gün bizə dedilər ki, ştatların ixtisar olunması ilə bağlı məktub gəlib. İş yoldaşlarımız yığışıb məsləhətləşdik ki, çətin dövrdür, qadınlar qalsın, biz ərizə yazıb işdən gedək. Elə də etdik. Həmin vaxtdan yoldaşlarla birlikdə kiçik biznes fəaliyyətinə başladıq. Naxçıvanda yaradılan əlverişli biznes mühiti digər sahibkarlar kimi, bizim də fəaliyyətimizi genişləndirməyə, yeni istehsal sahələri yaratmağa geniş imkanlar açdı. 2013-cü ildə istixana kompleksi qurub faraş tərəvəz məhsulları yetişdirməyə, daxili bazarı tələbata uyğun yerli tərəvəz məhsulları ilə təmin etməyə cəhd göstərdik. Təbii ki, cəhd etmək istəkdir. Bu istəyin reallaşması üçün dövlət dəstəyi əsas şərtdir. Biz də sahibkarlığa göstərilən dövlət qayğısından bəhrələndik. Naxçıvan şəhərində və Kəngərli rayonunun Böyükdüz kəndində ümumi sahəsi 6 min 200 kvadratmetr olan istixana kompleksi yaratdıq. Burada müasir texnoloji avadanlıqlar tətbiq olunmaqla, suvarma, isitmə, soyutma və havalandırma sistemləri quruldu. Bir sözlə, faraş tərəvəz məhsulları yetişdirmək üçün əlverişli şərait yaradıldı. İstixana komplekslərinin yaradılmasına nə az, nə çox, düz 5 milyon 250 min manat vəsait sərf olundu ki, bunun da 4 milyon manatı Sahibkarlığa Kömək Fondundan, qalan 1 milyon 250 min manatı isə daxili imkanlar hesabına ödənildi. Nəticədə, nəinki daxili bazarın faraş tərəvəz məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənildi, hətta “Naxçıvan bağları” MMC tələbatdan artıq olan məhsullarını Bakı bazarına çıxarmaq imkanı da qazandı. Bu mövsümdə isə məhsullarımızı Rusiya bazarına çıxmağı planlaşdırırıq.

 

Artıq hava qaralmaqda idi. Söhbətimizi yekunlaşdırıb, sahibkara uğurlar arzulayıb, işiniz avand, ruzi-bərəkətiniz bol olsun, – deyib üz tutduq redaksiyaya. Təbii ki, son illərin quruculuq ərməğanları olan Naxçıvan-Sədərək magistral yolunun kənarında, Böyükdüz massivində ucaldılan, Duzdağın ətəyinə naxışlar salan Naxçıvan Sement Zavodunun, dörd zavodun bir ünvanı – Naxçıvan Sənaye Kompleksinin, Duzdağın sinəsində qərar tutan duz istehsalı müəssisələrinin, yol kənarında sıralanmış yaşıllıq zolaqlarının və bir vaxtlar zülmətə qərq olmuş Naxçıvanın yerində ucaldılan, qədimliyi saxlanılmaqla yeniləşən, müasirləşən Naxçıvanın, yol kənarlarında, park və xiyabanlarda quraşdırılan sayrışan ulduzları xatırladan elektrik lampalarının yaratdığı ecazkar mənzərəni seyr edə-edə.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR