Suvarma mövsümünü mütəşəkkil keçirmək, torpaqların dayanıqlı su təminatı və su itkisinin qarşısını almaq su təsərrüfatı işçilərinin qarşısında duran əsas vəzifələrdəndir. 2016-cı ilin oktyabr ayında bu məsələ diqqətdə saxlanılmış, 18 kilometr magistral kanal, 35 kilometr ara arxlar, 4 kilometrə yaxın kollektor lildən təmizlənmiş, yeni su xətləri çəkilmişdir.
Yaşayış məntəqələrini və əkin sahələrini sel sularının zərərli təsirindən qorumaq məqsədilə 5 kilometr məsafədə selə qarşı istiqamətləndirici bənd tikilmiş, Əlincəçayın Gülüstan kəndindən keçən hissəsində 2580 metr istiqamətləndirici bənd salınmışdır. Bu dövrdə Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin 117 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma şəbəkəsi istifadəyə verilmiş, Naxçıvan-Şərur avtomobil yolunun kənarındakı yaşıllıqların qrunt sularından təmizlənməsi məqsədilə açıq drenaj qazılmışdır.
Ötən ay muxtar respublikanın yaşayış məntəqələrində 3 kilometrdən çox yeni içməli su xətti çəkilmiş, 6 kilometrdən çox içməli su xətti təmir edilmişdir. Culfa rayonunun Saltaq kəndinin əhalisinin içməli su təminatını yaxşılaşdırmaq məqsədilə Əlincəçay vadisində yeni kaptajın tikintisi başa çatdırılmış, Şərur rayonunun Arbatan kəndinin içməli su təminatını yaxşılaşdırmaq üçün müxtəlif diametrli borularla 2400 metr yeni içməli su xətti çəkilmişdir.
Kəhrizlərin təmir bərpası oktyabr ayında da diqqətdə saxlanılmış, 7 kəhrizdə bərpa işləri davam etdirilmişdir. Suvarma və içməli su mənbəyi kimi istifadə olunan 68 subartezian quyusunda isə təmir işləri aparılmışdır.
“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi çərçivəsində Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun tikintisi davam edir. Naxçıvan şəhərinin Tumbul kəndində içməli su və kanalizasiya xətlərinin tikintisi başa çatdırılmışdır. Babək rayonunun Şıxmahmud kəndində isə müxtəlif diametrli borularla 4 min metrə yaxın su xətti çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidməti