23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikamızda iqtisadiyyatın inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi müxtəlif növdə və çeşiddə məhsulların istehsalı üçün əlverişli şərait yaradıb. İstehsal yeri Naxçıvan olan  hər bir məhsulun keyfiyyətinə yüz faiz təminat verildiyi bir dövrdə bu məhsulların brend­ləşdirilərək satışa çıxarılması və ixrac olunması artıq günün tələbinə çevrilib. Yeni fəaliyyətə başlamış “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti də bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi istiqamətində mühüm işlər görür. 

Hər yeni biznes müəyyən ideyanın məhsuludur. “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasında məqsəd muxtar respublikada yerli istehsalçıların fəaliyyətinin stimullaşdırılması, istehsal olunan məhsulların reklam və təşviqi, məhsulların keyfiyyətinin, rəqabətə davamlılığının, xarici bazarlara ixracının artırılması sahəsində infrastruktur təminatının yaxşılaşdırılması, yerli brendlərin yaradılması, Naxçıvan Muxtar Respublikasında dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşən müəssisə və təşkilatların ərzaq məhsulları ilə təchizatının həyata keçirilməsindən ibarətdir. Bu məqsədlə hələ 2015-ci ildə “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib, müəssisənin istehsal etdiyi bir sıra məhsullar alıcılar tərəfindən rəğbətlə qarşılanıb. Müəssisədə istifadəyə verilən makaron istehsalı, bal, pendir və yabanı tərəvəz məhsullarının qablaşdırılması sahələri muxtar respublikada fəaliyyət göstərən heyvandarlıq və arıçı­lıq təsərrüfatlarının məhsullarının emal prosesinə cəlb edilməsinə, kənd əhalisinin səmərəli məşğulluğuna stimul verir.

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır. Daxili bazarda idxal mənşəli məhsulların dövriyyəsinin yerli məhsullar hesabına azaldılması, Naxçıvan brendi ilə tanınan məhsullara üstünlük verilməsi həmişə prioritet məsələ olub. Oktyabrın 31-də “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün inşa olunmuş istehsal sahələri və anbarın istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə bu məsələnin əhəmiyyətinə diqqət çəkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri daxili bazarın və dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatların ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi, muxtar respublikada istehsal olunan məhsulların Naxçıvan brendi ilə xarici bazarlara çıxarılması və tanıdılması tapşırığını verib. Göründüyü kimi, müasir dövrdə ərzaq təhlükəsizliyi məsələləri dövlətin ali məqsədlərə xidmət edən vəzifələri arasında öz yerini saxlamaqdadır.
Müasir dövrdə naxçıvanlı iş adamları hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün də belə əlverişli iş imkanları yaradılıb. Belə ki, müəssisəyə öz fəaliyyətini genişləndirmək üçün Sahibkarlığa Kömək Fondu tərəfindən 511 min manat güzəştli kredit vəsaiti ayrılıb, tikinti-quraşdırma işlərinə 125 min manat, avadanlıqların və nəqliyyat vasitələrinin alınmasına 192 min manat vəsait sərf olunub. Burada Türkiyə Respublikasının istehsalı olan müasir avadanlıqlar quraşdırılıb ki, bu da yüksəkkeyfiyyətli məhsul istehsalına zəmin yaradır. Müəssisədə istifadədə olan istehsal sahələri ilə yanaşı, 2 ehtiyat istehsal sahəsi, 3 iş otağı və xidməti otaqlar yaradılıb. Təchizat və satış məqsədi üçün 5 yük avtomobili və 1 avtoyükləyici də alınıb. Hazırda burada 30 nəfər işlə təmin olunub və gələcəkdə iş yerlərinin sayının 50-yə çatdırılması nəzərdə tutulub. Burada orta aylıq əməkhaqqı 374 manat təşkil edir. Müəssisədə çalışan işçilər pulsuz nahar yeməyi, xüsusi geyim forması və nəqliyyat xidməti ilə təmin olunurlar.
Göstərilən diqqət və dövlət qayğısı onun ifadəsidir ki, “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin səmərəli fəaliyyəti üçün hər bir şərait yaradılıb. Müəssisənin hazırkı iş həcmi də belə deməyə əsas verir. Belə ki, artıq cəmiyyət tərəfindən 102-si təhsil müəssisələrində yerləşən iaşə obyektləri olmaqla, 151 idarə, müəssisə və təşkilatın ərzaq təchizatı həyata keçirilir.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR