“Nati” əmtəə nişanı ilə buraxılan məhsullar İraq bazarına da çıxarılacaq
Naxçıvan Muxtar Respublikası dövlət müstəqilliyimizin son iyirmi ilində böyük bir inkişafa imza atıb. Bu inkişafda iqtisadiyyatı canlandırmağın əsas yolu olan sahibkarlıq xüsusi diqqət kəsb edib. Ulu öndər deyirdi: “Bizim yolumuz islahatlar yoludur. Yolumuz bazar iqtisadiyyatının inkişaf etdirilməsi yoludur. Yolumuz sahibkarlığın inkişaf etdirilməsi yoludur”. Ümummilli lider gənc respublikanın gənc sahibkarlarına tövsiyə edirdi: “Hər bir sahibkar, iş adamı unutmamalıdır ki, o həm öz mənafeyi, həm də ölkəmizin mənafeyi, ümumxalq mənafeyi üçün çalışmalıdır”.
Artıq bu gün muxtar respublikada kifayət qədər sahibkarlıq təcrübəsi qazanılıb, güclü sahibkarlar təbəqəsi formalaşıb. Onlar arasında sağlam rəqabət mövcuddur. Bu da keyfiyyətli məhsul istehsalında başlıca amillərdən biridir. Keyfiyyət amilinə diqqət isə Naxçıvan məhsullarının xarici bazarlara çıxışı deməkdir. Ali Məclisin Sədri cənab Vasif Talıbovun “Sahibkarlığı inkişaf etdirmədən, kiçik və orta sahibkarlıq subyektlərini hərəkətə gətirmədən davamlı inkişafa nail olmaq mümkün deyildir. Bu gün sahibkarlıq qayğı mərhələsindən istehsal olunan mal və xidmətlərə görə məsuliyyət mərhələsinə keçməlidir. Muxtar respublika sahibkarları kəmiyyətlə yanaşı, keyfiyyət amilinə də ciddi diqqət yetirməlidirlər” tövsiyəsi sahibkarların məsuliyyətini daha da artırıb.
Əlbəttə, müasir texnoloji avadanlıqlar quraşdırılmadan və istehsal prosesində texniki standartlara əməl olunmadan keyfiyyətli məhsul istehsal etmək mümkün deyildir. Odur ki, Sahibkarlığa Kömək Fondunun dəstəyi ilə 2011-ci ildə fəaliyyətə başlayan “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti elə ilk gündən keyfiyyət amilini əsas götürüb. Bu günlərdə həmin müəssisədə olduq. Cəmiyyətin direktoru Emin Rzayev bildirdi ki, 2005 kvadratmetrlik sahədə yaradılan istehsal sahəsində müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb. Belə ki, Türkiyənin “Pek makina”, “Forma makina LTD”, “Ar-Can”, “Alper” və “Makrev” firmalarının istehsalı olan həmin avadanlıqlar saatda 300 kiloqram vafli istehsalı gücünə malikdir. Müəssisədə vanilli, çiyələkli, bananlı, kakaolu, südlü tərkibdə “Tıq-tıq xanım”, “Şokolay” adları ilə 25 çeşiddə vafli bişirilir. Burada 2013-cü ildə qurabiyə və peçenye istehsalı sahəsi də yaradılıb. Bu istehsal sahəsində də saatda 300 kiloqram məhsul istehsal etmək olur. Burada “Naxçıvan”, “Məktəbli”, “Çay vaxtı”, “Möminə xatın”, “Yubiley” və sair adlarda 16 çeşiddə istehsal edilən peçenye və biskvit 35 qramdan 5 kiloqramadək nəfis tərtibatla bəzədilmiş taralarda qablaşdırılır.
Bir məqamı xüsusi vurğulamaq lazımdır. Bu da muxtar respublikamızdakı ərzaq məhsullarının istehsalında, yeyinti sənayesində yüksək dərəcədə gigiyenik qaydalara əməl olunmasıdır. Ona görə ki, insanların sağlamlığına verilən dəyər həm də gələcəyimizə göstərilən qayğıdır. İstehsal sahəsinin girişindən – dəyirmandan, xəmiryoğuran avadanlıqlardan başlamış anbaradək hər yerdə bütün gigiyenik qaydalara əməl olunması təqdirolunası haldır. Öyrəndik ki, müəssisədə Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlarla təmin edilmiş laboratoriya fəaliyyət göstərir. Laboratoriya vasitəsilə xammal və hazır məhsulların keyfiyyətinə ciddi nəzarət edilir. Müəssisəyə məxsus maşınlarla Naxçıvan şəhərində, digər şəhər və kənd yaşayış məntəqələrimizdə fəaliyyət göstərən ticarət obyektlərinə paylanılan məhsullar istehlakçılar tərəfindən razılıqla qarşılanır. Odur ki, müəssisənin istehsalı ildən-ilə artır. İstehsal edilən məhsulların yüksəkkeyfiyyətli olması həm də ölkəmizdə və ya xarici ölkələrdə keçirilən biznes forumlarda, sərgilərdə sahibkarların iştirakının təmin olunmasının, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən sahibkarların təcrübəsindən bəhrələnməyin nəticəsidir. Bu, bir tərəfdən əlaqələrin daha da genişləndirilməsinə, digər tərəfdən isə məhsulların Azərbaycanın digər regionlarında və xarici ölkələrdə alıcı tapmasına imkan verir. Bir vaxtlar Rusiya və Ukraynadan peçenye və vafli gözləyən Naxçıvan alıcılarının indi yüksək dad və keyfiyyətə malik yerli məhsullarla təmin olunmaları bu sahəyə dövlət qayğısının ifadəsi deyilmi? Bu məhsullar “Nati” tanıtım nişanı ilə Gürcüstan bazarına da ixrac edilir. Artıq İraq bazarına da çıxmağı qarşısına məqsəd qoyan müəssisə bu yöndə fəaliyyətini gücləndirir.
Bu gün sahibkarlığın inkişafı daxili bazarın keyfiyyətli yerli məhsullarla təmin olunmasına əlverişli şərait yaratdığı kimi, yeni iş yerlərinin yaradılması da həyata keçirilən iqtisadi siyasətə xidmət edir. “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti bu sahədə mühüm əhəmiyyət kəsb edir. Müəssisə yaradılanda burada 20 nəfər çalışırdısa, bu gün istehsal sahəsində 50 nəfərə yaxın insanın əməyindən istifadə edilir. Hər bir istehsal sahəsinin, sahibkarlıq obyektinin fəaliyyətə başlamasını eşidəndə dünənki qıtlıq günləri gözlərimiz önündə canlanır: işsiz insanlar, onların qayğılı baxışları, iş tapmaq, ailəyə çörək gətirmək ümidi ilə başqa yerlərə axın edən gənclər. Bu gün isə qürurverici günlər yaşayırıq, ona görə ki, hərtərəfli inkişaf insanların yaşayışının, firavan həyatının təmin olunmasına imkan verib.
Hafizə Əliyeva