– Qonşu, sabah sübhdən gedək, yoxsa ötən dəfəki kimi əliboş qayıdacağıq, – deyib Teyyub kişi ilə xudahafizləşdik.
Ertəsi gün telefonun səsinə yuxudan qalxıb saata baxdım ki, 6-ya işləyib. Dəstəyi götürdüm:
– Alo, sabahınız xeyir, qonşu yenə yatıb qalmısan? – deyən Teyyub kişi: – Tez gəl, qonşular yığışıb, gedirik.
Təqribən, 10-15 dəqiqədən sonra, o vaxtlar el arasında “57 bazarı” adlanan yerə gəldim. Qızğın söhbət gedirdi.
– Ay qardaş, belə də iş olar? Nə vaxta qədər 1-2 kiloqram ət almaq üçün Cəhriyə, ya da Nehrəmə gedəcəyik?
Hər kəs düşündüyü kimi ortaya atılan suala münasibət bildirirdi.
Elə söhbətə də Teyyub kişi yekun vurdu: – Pis günün ömrü az olar. Gəlin gedək.
– Hara? – deyə hamı Teyyub kişinin üzünə baxdı.
– Cəhriyə.
Təklifə narazılıq edənlər də oldu.
– Əşi, Cəhriyə dünən getmişdik də, əliboş qayıtdıq.
– Ay bala, sən yatıb saat 9-da gedəndə, əlbəttə, əliboş qayıdacaqsan. Bir də ki, atalar yaxşı deyib: “Danışıq dananı qurda verər”. Yolçu yolda gərək.
Yolyoldaşlarımızdan biri:
– Ay Zahir əmi, sən də bizim kimi Cəhriyə piyada gedəcəkdin, bir ətək pul verib o avtomobili niyə alırdın? – deyib onun üzünə baxdı.
– Ay oğul, mən hardan bilərdim ki, dünyada neft ölkəsi kimi tanınan Azərbaycanda benzin tapılmayacaq. Əgər siz benzin tapa bilirsinizsə, mən qulluğunuzdayam, – deyib dayandı.
Hər kəs bir ağızdan dedi: – Benzin tapmaq müşkül məsələdir, özümüzü yormayaq.
El arasında dördyol ayrımı adlanan yerə çatmışdıq ki, Zahir kişinin halı pisləşdi:
– Oğul, imkan olsa, mənə də 2 kiloqram ət alarsan, – deyib pulu mənə uzatdı.
Beləcə, pay-piyada getdik Cəhriyə. Sübh tezdən olmasına baxmayaraq, kəndin mərkəzində yerləşən meydanda, daha doğrusu, qəssabxananın qarşısında qələbəlik idi.
– Qardaş, hər adama 2 kiloqramdan artıq ət vermə. Qoy hamıya çatsın, – deyən bir ağsaqqal, necə deyərlər, burada qayda-qanun yaradırdı.
Hər birimiz 2 kiloqram “ət normamızı” aldıq. Ancaq mən narahat idim. Zahir kişiyə də ət alacağıma söz vermişdim. Növbəyə nəzarət edən ağsaqqal kişiyə yaxınlaşıb yolyoldaşımızın başına gələn əhvalatı ona danışdım. Dinlədi. Yaşarmış gözlərini silib dedi:
– Gör nə günlərə qaldıq.
Sonra da növbədə dayananlardan üzr istəyib:
– Bir nəfər ağır xəstəmiz var, icazə verirsinizsə, ona da 2 kiloqram ət göndərək, – dedi.
Heç kəs etiraz etmədi. Zahir kişinin də “ət normasını” mənə verdilər. Bəlkə də, ömrümdə ogünkü qədər sevinməmişdim. Növbədə dayananlara minnətdarlıq edib piyada döndük şəhərə. Zahir kişinin qapısını döydüm. Əti verdim.
– Oğul, oruc tutmasaydım, sizə bu əziyyəti verməzdim, – deyib minnətdarlıq etdi.
Beləcə, 1-2 kiloqram ət almaq üçün uzun-uzadı yol gedib, saatlarla vaxt itirmək bir neçə il davam etdi. Bu, 90-cı illərin əvvəlinə şahidlik edən hər kəsin gündəlik qayğısı, problemi idi. İnsanlar ərzaq qıtlığı ilə üz-üzə qalmışdılar. Bir təsərrüfatsızlıq hökm sürür, əkinçilik və heyvandarlıqla məşğul olan kəndli əsas məşğuliyyətindən uzaq düşmüşdü. Həmin dövrdə Naxçıvandan başlanan, sonra ölkəmizin digər regionlarında tətbiq edilən aqrar islahatlar öz bəhrəsini verdi, MDB məkanında belə, bu müsbət təcrübədən istifadə olundu. Ayrı-ayrı sahələrin inkişafı ilə bağlı dövlət proqramları qəbul edildi, icrası uğurla başa çatdırıldı.
Ötən müddət ərzində muxtar respublikamızda digər sahələrdə olduğu kimi, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib, daxili bazarın keyfiyyətli yerli ərzaq məhsulları ilə təminatında mühüm rol oynayan ətlik-südlük istiqamətli heyvandarlıq təsərrüfatlarının yaradılmasına və mövcud təsərrüfatların genişləndirilməsinə əlverişli şərait yaradılıb. Heyvanların cins tərkibi yaxşılaşdırılıb, muxtar respublikaya, ümumilikdə, 1937 baş damazlıq cins mal-qara gətirilərək lizinq yolu ilə satışı həyata keçirilib. Heyvanların cins tərkibinin yaxşılaşdırılması təkcə xaricdən alınıb gətirilən mal-qara ilə məhdudlaşmayıb. “Bərəkət” Məhdud Məsuliyyətli Cəmiyyətinin damazlıq təsərrüfatında yerli şəraitə uyğunlaşdırılmış damazlıq düyələr təsərrüfatlara verilib. Baytar texniklər süni mayalandırma avadanlıqları və texnika ilə təmin olunublar. Ətlik və südlük maldarlığın inkişafı istiqamətində 40 mindən yuxarı toxum preparatları gətirilərək yerli cins mal-qarada süni mayalanma aparılıb. Ümumilikdə, 2008-2015-ci illər ərzində muxtar respublikada 43 min 132 baş mal-qara mayalandırılıb və 28 min 760 baş sağlam bala alınıb. Bu dövrdə muxtar respublikada yeni yaradılan və genişləndirilən heyvandarlıq təsərrüfatlarının sayı 275-ə çatdırılıb. İri heyvandarlıq təsərrüfatları ilə yanaşı, fərdi təsərrüfatlarda da artım müşahidə olunub. Artıq – yemə çəkdiyim xərc çıxmır, – deyib heyvandarlıqdan uzaq düşən kəndlinin təsərrüfatında Almaniya, Avstriya, Türkiyə və İran İslam Respublikasından alınıb gətirilmiş ətlik, südlük cins mal-qara var. Həyata keçirilən tədbirlər nəticəsində 1 oktyabr 2016-cı il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 114 min 387 başa, qoyun və keçilərin sayı isə 702 min 316 başa çatdırılıb.
Muxtar respublikada ət, süd və digər ərzaq məhsulları istehsal edən müəssisələrin modernləşdirilməsi və bu sahədə yeni müəssisələrin yaradılması istiqamətində Sahibkarlığa Kömək Fondu tərəfindən müxtəlif investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət maliyyə dəstəyi göstərilir. “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən yaradılan, istehsal gücü saatda 3-3,5 ton və istehsal gücü saatda 10 ton olan 2 qarışıq qüvvəli yem istehsalı sahəsinin, Şərur rayonunda gündəlik istehsal gücü 10 ton olan qarışıq yem və Culfa rayonunda gündəlik istehsal gücü 500 kiloqram olan yem istehsalı sahələrinin fəaliyyətə başlaması heyvandarlıq təsərrüfatlarının inkişafında mühüm rol oynayıb.
Ətlik-südlük heyvandarlıq təsərrüfatlarının illik qüvvəli yemə tələbatı 50 min tondan çox olan muxtar respublikamızda bu müəssisələrin istifadəyə verilməsi ilə qüvvəli yemə olan tələbat 100 faiz ödənilib, idxaldan asılılıq tamamilə aradan qaldırılıb. Bu sahənin gələcək perspektiv inkişafı da diqqət mərkəzində saxlanılır. Hazırda “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən gündəlik istehsal gücü 10 ton olan qarışıq yem istehsalı sahəsinin yaradılması davam etdirilir.
Ümumilikdə, aqrar sahədə aparılan tədbirlər ərzaq zənbilimizin əsasını təşkil edən ət, süd və süd məhsullarının artımına da müsbət təsir göstərir. 2016-cı ilin yanvar-sentyabr aylarında muxtar respublikada diri çəkidə 17303,3 ton ət istehsal olunub.
Heyvandarlıq təsərrüfatlarını yerli şəraitə uyğunlaşdırılmış məhsuldar cins mal-qara ilə təmin edən “Bərəkət” Məhdud Məsuliyyətli Cəmiyyətinin damazlıq təsərrüfatı bu sahənin inkişafında mühüm rol oynayıb. Özəl bölməyə, sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnib, damazlıq istiqamətli heyvandarlıq təsərrüfatının yaradılması üçün Babək rayonunun ərazisində, Naxçıvan-Culfa magistral avtomobil yolunun kənarında torpaq sahəsi ayrılıb. Heyvandarlıq təsərrüfatında mal-qaranın bəslənilməsi üçün 6 bina inşa olunub. Həmin binalarda müasir texnoloji avadanlıqlar quraşdırılıb, binanın təmizlənməsi, mal-qaranın yemlənməsi və suvarılması üçün tam avtomatlaşdırılmış xətt istifadəyə verilib, havalandırma sistemi qurulub. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti vasitəsilə Almaniya, Avstriya, Türkiyə və İran İslam Respublikasından alınıb gətirilən damazlıq düyələr kompleksdə yerli şəraitə uyğunlaşdırıldıqdan sonra digər heyvandarlıq təsərrüfatlarına və fərdi sahibkarlara lizinq yolu ilə satılır.
Vaxtilə Naxçıvan bazarında özünə yer tutan, xaricdə istehsal edilən, mənşəyi məlum olmayan ət və süd məhsullarının yerini indi yüksək keyfiyyəti ilə seçilən Naxçıvan məhsulları tutub. Bir vaxtlar ət tapmaq müşkülə çevrilən Naxçıvanda bu məsələ, necə deyərlər, kökündən həll edilib. Nəinki Naxçıvan şəhərində, hətta ucqar dağ və sərhəd kəndlərində belə, tikilib istifadəyə verilən xidmət mərkəzlərində bu məhsulun satışı üçün nümunəvi şərait yaradılıb.
Onu da qeyd etmək yerinə düşər ki, Naxçıvanda istehsal olunan ət və ət məhsulları nəinki daxili bazarın tələbatını ödəyir, hətta Bakı bazarında, digər regionlarda satışa çıxarılır, xarici bazarlara ixrac olunur. Muxtar respublikamızdan kənarda yaşayan, Naxçıvan məhsullarının dad-tamına bələd olan, lakin məlum səbəblər üzündən bir vaxtlar bu məhsullara tamarzı qalan tanış-bilişin, qohum-əqrəbanın ağız dadı, “Naxçıvan payı” özünə qaytarılıb. İndi bazarlarda bolluqdur. Bu bolluq müstəqilliyimizin və bu illərdə həyata keçirilən ardıcıl və məqsədyönlü aqrar islahatların bəhrəsidir.
Kərəm Həsənov
Yazı “Naxçıvan: dünən və bu gün” yaradıcılıq
müsabiqəsinə təqdim olunmaq üçündür