Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu il İranın Qərbi Azərbaycan vilayətinə səfəri zamanı əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinin gündəlik iş saatı 10 saatdan 12 saata çatdırılıb. Oktyabr ayının 29-dan bu gömrük orqanları Bakı vaxtı ilə səhər saat 830-dan axşam saat 2030-dək fəaliyyət göstərəcək.
Bu barədə “Şərq qapısı” qəzetinə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib.
Məlumatda deyilir ki, iş vaxtının uzadılması vətəndaşların bu sərhəd-keçid məntəqəsindən istifadəsinin daha da yaxşılaşmasına, xarici ticarət dövriyyəsinin artmasına şərait yaradacaq.
Beynəlxalq statusa malik Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsində tətbiq olunan yeniliklərdən biri də yüklü nəqliyyat vasitələrinin buraxılışının təmin olunmasıdır. İran İslam Respublikasının Poldəşt gömrüyünün yenidən qurulması və iş prosesində elektron idarəetmə sisteminin tətbiqinə başlanılması imkan verir ki, muxtar respublikadan xarici ölkələrə və Azərbaycanın digər bölgələrinə gedən və əks istiqamətdə gələn yüklü nəqliyyat vasitələrinin buraxılışı həyata keçirilə bilsin. Bu isə, öz növbəsində, xarici ticarət əməliyyatları ilə bərabər Naxçıvanın tranzit potensialının artmasına da əlavə stimuldur.
Qeyd edək ki, 2007-ci ildə Araz çayı üzərində yeni Şahtaxtı-Poldəşt körpüsünün tikilib istifadəyə verilməsi, 2009-cu ildə Şahtaxtı Gömrük İdarəsi üçün müasir kompleksin qurulması, burada əlverişli iş şəraitinin yaradılması 185 ildən çox tarixi olan bu gömrük orqanının fəaliyyətinin artırılmasına və günün tələbləri səviyyəsində qurulmasına hesablanmış addımlar idi. Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının yaxın vilayətləri arasında bütün sahələrdə qarşılıqlı münasibətlərin ilbəil möhkəmlənməsi fonunda gömrük əlaqələrinin də inkişafı onu deməyə əsas verir ki, gələcəkdə Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsi maksimum gücüylə fəaliyyət göstərəcəkdir.
Xəbərlər şöbəsi