23 Dekabr 2024, Bazar ertəsi

Əvvəllər ucqar dağ və sərhəd kəndlərinə ərzaq məhsulları ticarətçi tərəfindən alınıb sərnişin avtobuslarında aparılır, heç bir şəraiti olmayan binalarda satılırdısa, artıq son illər aparılan kompleks quruculuq tədbirləri nəticəsində bu problem də aradan qaldırılıb. Ayrı-ayrı yaşayış məntəqələrində müasir tələblərə cavab verən, memarlıq üslubu ilə gözoxşayan sosial binalar, o cümlədən xidmət mərkəzləri tikilib istifadəyə verilib. Özü də həmin xidmət mərkəzlərində, bufetlərdə alıcılara təqdim olunan məhsullar da, necə deyərlər, gətirilib qapının ağzında təhvil verilir. Gətirilən ərzaq məhsullarının hamısı Naxçıvan məhsullarıdır ki, onların da münasib qiymətinə, keyfiyyətinə, dad-tamına söz ola bilməz.
Şənbə günü idi. Culfa rayonunun Ləkətağ kəndinə gedirdik. Son illərin qurucu­luq ərməğanlarından olan Çeşməbasar-Boyəhməd avtomobil yolu ilə şütüyən, üstündə ərzaq məhsullarının rəsmi çəkilmiş maşını göstərən nəvəm:
– Baba, bu maşın necə gözəl bəzədilib? Bəlkə, biz də maşınımızın üzərinə o rəsmlərdən çəkdirək, – deyib üzümə baxdı.

– Yox, bu maşınlar adi maşın deyil. Ayrı-ayrı şirkətlərə məxsus soyuducu kamera ilə təmin edilmiş bu maşınlar ucqar dağ və sərhəd kəndlərində yerləşən xidmət mərkəzlərinə, sənin kimi balacaların təhsil aldığı məktəblərdə yerləşən bufetlərə ərzaq məhsulları daşıyırlar.
– Bu məhsulları niyə soyuducuya qoyublar?
– Ona görə ki, bəzi ərzaq məhsulları müəyyən olunmuş temperaturda daşınmasa, sənin kimi balaca uşaqlar yeyib xəstələnər və xəstəxanaya düşərlər.
– Hə... Bəs bu maşınların üstündə niyə “Bərəkət” yazılıb?
– Bu maşınlar hansı şirkətin məhsullarını daşıyırsa, elə həmin şirkətin də adını yazıb, məhsullarının rəsmini çəkib reklam edirlər.
Beləcə, söhbətləşə-söhbətləşə çatdıq kəndə. Bizdən öndə dayanan maşını görən uşaqlar:
– Ay Akif əmi, “Bərəkət” gəlib, – deyə qışqıra-qışqıra qaçdılar xidmət mərkəzinə.
Bir azdan Akif də balaca dostları ilə birlikdə gəldi. Sifariş verdiyi məhsulları təhvil aldı.
– Necədir, xidmətdən razısınızmı? – deyə soruşdum.
– Əlbəttə, bundan yaxşı nə ola bilər. Hər nə lazımdırsa, elə gətirib qapıda təhvil verirlər. Özü də şəhərdəki qiymətə. Əvvəllər kimsə qiymət fərqi ilə əlaqədar bazarlığını şəhərdən edirdisə, artıq buna ehtiyac yoxdur. Satışa çıxarılan məhsullar elə şəhərdəki qiymətə satılır. Daşınma xərci isə istehsalçı şirkət tərəfindən qarşılanır. Bu həm istehsalçı, həm istehlakçı, həm də ticarətçi üçün olduqca əlverişlidir. Çünki istehsalçı məhsulun satışına, istehlakçı keyfiyyətli və münasib qiymətə məhsul almağa, ticarətçi isə əlavə daşınma xərci çəkməməyə maraqlıdır. Elə buradaca söhbətləşdiyimiz hər kəs xidmətdən razılığını bildirdi, yaradılan şəraitə görə minnətdarlıq etdi.
Biz də nümunəvi xidməti ilə seçilən “Gəmiqaya Bərəkət Bazarlama” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti barədə oxucularımıza ətraflı məlumat vermək üçün üz tutduq həmin müəssisəyə. Cəmiyyətin direktoru Ramal Salmanovun dediklərindən:
– “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının müxtəlif istehsal sahələrində istehsal edilən, “Badamlı”, “Bərəkət”, “Mirvari” və “Qızıl damla” tanıtım nişanları ilə satışa çıxarılan kaqor, kəmşirin, ağ və qırmızı süfrə şərabları, “Badamlı” təbii mineral süfrə suyu, meyvə nektarları, halva, un, müxtəlif çeşiddə çörək, makaron, ət və süd, eləcə də şirniyyat kimi sənaye məhsulları keyfiyyət göstəriciləri ilə seçilir, alıcılar tərəfindən rəğbətlə qarşılanır. Bazar iqtisadiyyatının tələblərinə uyğun keyfiyyətli məhsul istehsal etmək işin bir vacib sahəsidirsə, istehsal edilən məhsulların tələb olunan şəraitdə saxlanılması və ayrı-ayrı xidmət obyektlərinə vaxtında və keyfiyyətlə çatdırılması, istehlakçılara təqdim olunması isə işin bir-birini tamamlayan digər mühüm əhəmiyyətli sahəsidir. Bu mühüm əhəmiyyətli sahə diqqət mərkəzində saxlanılıb, 2010-cu ilin mart ayında “Gəmiqaya Bərəkət Bazarlama” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlayıb.
Marketinq və satış şöbələrinin fəaliyyət göstərdiyi müəssisəyə xaricdə təhsil almış və təcrübə keçmiş gənc mütəxəssislər cəlb olunublar. Həmin mütəxəssislər daxili bazarın tələbatını öyrənir, yerli məhsulların tanıdılması məqsədilə təbliğat işləri aparırlar. Qida məhsullarının satış qiymətlərində endirim edilir, daha çox yerli məhsul alan müştərilərə hədiyyələr verilir. Turizm imkanları geniş olan muxtar respublikamıza gələn qonaqların sayının ilbəil artdığını nəzərə alaraq gediş-gəliş çox olan ərazilərdə yerli məhsullardan ibarət səyyari sərgilər təşkil olunur.
“Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının qida qrupuna daxil olan sənaye müəssisələrində istehsal edilən yerli məhsulların keyfiyyətlə saxlanılması və ticarət obyektlərinə çatdırılmasına da əlverişli şərait yaradılıb. Naxçıvan şəhərində qida məhsullarını mənfi 15 dərəcəyədək saxlamaq imkanı olan soyuducu anbar istifadəyə verilib, ayrı-ayrı rayonlarda satış bazaları yaradılıb. Müəssisənin Naxçıvan şəhərində fəaliyyət göstərən mərkəzi bazasına daxil olan qida məhsulları yük avtomobilləri ilə rayon mərkəzlərində yerləşən satış bazalarına daşınıb həftəlik ehtiyat yaradılır. “Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi müxtəlif çeşiddə çörəklər isə gündəlik olaraq Naxçıvan şəhərindən, ayrı-ayrı rayon mərkəzlərindən başlayaraq ucqar dağ və sərhəd kəndlərinədək bütün yaşayış məntəqələrində fəaliyyət göstərən ticarət obyektlərinə çatdırılır. Qida məhsullarının müəyyən olunmuş şəraitdə saxlanması üçün həmin ticarət obyektləri soyuducularla təmin edilib, qida məhsullarının soyuducularda saxlanmasına və düzülüşünə nəzarət məqsədilə xüsusi dizaynerlər qrupu yaradılıb.
Müəssisədə fəaliyyət göstərən satış şöbəsində də xidmət günün tələbləri səviyyəsində qurulub, muxtar respublikamızın şəhər və rayonları yerləşdiyi əraziyə uyğun olaraq 3 qrup üzrə komplektləşdirilib. Naxçıvan-Babək-Şahbuz, Kəngərli-Şərur-Sədərək, Ordubad-Culfa bölgələri üzrə ticarət nümayəndələri təyin olunub ki, onlar da həmin rayonlar üzrə tələbatı öyrənib müəssisəyə sifarişlər verirlər. Qida məhsulları rayon bazaları vasitəsilə bütün ticarət obyektlərinə vaxtında çatdırılır.

 Kərəm Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR