Tarixən iqtisadiyyatı aqrar sektora bağlı olan Naxçıvan Muxtar Respublikasında quşçuluğun inkişaf etdirilməsi diqqət mərkəzində olub. Hələ keçmişdən ev təsərrüfatlarında mövcud olmuş quşçuluq inkişaf yolu keçərək kənd təsərrüfatının müstəqil sahəsi kimi formalaşıb. Müstəqilliyimizin bərpasından sonrakı dövrdə bu sahədə durğunluq yaşansa da, sonrakı illərdə sahibkarlığa göstərilən dövlət dəstəyi hesabına quşçuluq təsərrüfatlarının sayında artım müşahidə olunmaqdadır. Bunun nəticəsidir ki, hazırda muxtar respublikada quşçuluq təsərrüfatlarının fəaliyyəti genişləndirilir. Elə biz də bu maraqdan yola çıxaraq belə təsərrüfatlardan birində olduq və bu sahibkarlıq subyektinin qurulmasından bu günədək keçdiyi yol haqqında məlumatlar əldə etməyə çalışdıq. Sahibkarla söhbətimizi həm də maarifləndirici istiqamətdə qurduq ki, bu sahə ilə yeni məşğul olan və ya olmaq istəyən digərlərinə də töhfə verə bilək. Beləliklə, müsahibimiz Culfa rayonunun Gülüstan kəndindəki quşçuluq təsərrüfatının sahibi Bəhruz İsmayılovdur.
– İstərdik əvvəlcə özünüz haqqında oxucularımıza məlumat verəsiniz.
– 32 yaşım var, Culfa rayonunun Gülüstan kəndində yaşayıram. 3 ildən artıqdır ki, quşçuluq təsərrüfatının sahibiyəm və hazırda təsərrüfatda 1000 başdan yuxarı hindquşu saxlayıram.
– Necə oldu ki, quşçuluq təsərrüfatı yaratdınız?
– Əvvəlcə onu deyim ki, bu təsərrüfatı yaradanadək biz də digər kənd sakinləri kimi ailəmizin ehtiyaclarını ödəmək üçün bir-iki mal-heyvan saxlayırdıq. Ancaq kəndin yaxınlığında kifayət qədər sahələrimiz olduğundan fikirləşdik ki, burada yaxşı bir təsərrüfat qurmaq olar. Sonradan ailə üzvlərimizdən atam, qardaşım və mən ortaq fikrə gələrək bu təsərrüfatı quşçuluq istiqamətində qurmağa qərar verdik. Dövlətimizin sahibkarlara güzəştli kreditlər ayırması bizi xeyli həvəsləndirdi. Beləliklə, 2013-cü ildə Sahibkarlığa Kömək Fondundan 40 min manat güzəştli kredit aldıq və işə başladıq.
– Bu sahədə əvvəldən təcrübəniz var idimi? Çünki həyətyanı sahədə 5-10 toyuq-cücə saxlamaqla yüzlərlə baş hindquşuna baxmaq eyni deyil.
– Bu sahədə təcrübəmiz yox idi. Elə bu təcrübənin olmaması işin başlanğıcında itkilərimizə səbəb oldu. Həm də deyim ki, biz ilk dəfə bu işə toyuqçuluq istiqamətində başlamışdıq. Əvvəlcə 3 mindən çox aylıq cücə aldıq. Bunların saxlanması üçün yerləri də hazırlamışdıq. Lazımi şəraiti qurmuşduq, lakin saxlamaq üçün aldığımız cücələrə ilk gündən düzgün baytarlıq xidməti göstərilmədiyindən həmin sürünün, demək olar ki, hamısı tələf oldu.
– Başlanğıcda itkiləriniz olsa da, ruhdan düşməmisiniz və bu dəfə hindquşu saxlamağa qərar vermisiniz. Mənim üçün maraqlıdır, nəyə görə məhz hindquşu? Nəzərə alaq ki, hindquşları yumurta baxımından toyuqlar kimi o qədər də məhsuldar deyil. Məsələn, yumurta verimi yüksək olan toyuqlardan cinslərinə görə il ərzində 280-320 arasında yumurta alınırsa, hindquşlarında bu rəqəm 80-120 ədəd arası dəyişir. Eyni zamanda nəzərə alaq ki, hindquşlarının toyuqlara nisbətdə yemə tələbatı çox olduğundan sahibkara məsrəf baxımından karlı görünmür. Siz bu işin perspektivli olduğunu nədə görürdünüz? Çünki sahibkar üçün hər bir işin sonunda, təbii ki, qazanc durur.
– Əlbəttə, quşçuluqda qazanc, əsasən, iki istiqamətdə – yumurtalıq və ətlik sahəsində gözlənilir. Hazırda bizim təsərrüfatda saxladığımız hindquşları içərisində həm ətlik, həm də yumurtalıq quşlar var. Doğrudur, əldə etdiyimiz yumurtalar toyuqlara nisbətən az sayda olsa da, arada yaranan boşluğu ətlik quşların satışı ilə tarazlaşdırmağa çalışırıq. Çünki əldə etdiyimiz yumurtaları yeri gəldikcə həm satırıq, həm də yenidən bala əldə etmək üçün istifadə edirik. Bizdə avadanlıq olmadığı üçün hər il topladığımız yumurtaları yeni balalar almaq məqsədilə muxtar respublikadakı digər quşçuluq təsərrüfatlarına veririk.
– İndi isə hindquşlarının yemlənməsi məsələsinə toxunmaq istərdim. Sizin də bildiyiniz kimi, ev quşlarının yemlənməsində tərkibində proteini çox olan yemlərdən istifadə olunması qaçılmazdır. Bu həm yumurta verimində, həm də quşların çəkisinin artmasında mühüm şərtdir. Eyni zamanda bunu da etiraf etmək lazımdır ki, quş yemi baxımından bir müddət bizdə çətinliklər olub. Nəticədə, idxal yemə üstünlük vermişik ki, bu da, əsasən, özünü broyler yemində göstərib. Broyler tərzində bəslənən quşlarda isə təbiilik arxa plana keçir. Halbuki son bir neçə ildə dünyanın bir çox ölkələrində, elə yaxından tanıdığımız qonşu ölkələrdə də bu sistemdən nisbətən uzaqlaşma meyilləri var. Səbəb isə ondan ibarətdir ki, sağlam yaşamaq istəyiriksə, sağlam qidalara üstünlük verməliyik.
– Doğru qeyd etdiniz, quşçuluq təsərrüfatlarında yerli yem məhsullarına üstünlük vermək bizim üçün əsas şərtlərdəndir. Əvvəllər bu sahədə müəyyən çətinliklərimiz olub. Ancaq son illərdə muxtar respublikada kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi yerli yem məhsullarının da həcminin artmasına səbəb olub. Məsələn, bu il Şərur rayonunda xeyli sahədə qarğıdalı əkilib, yaxşı da məhsul verib. Şəxsən mən bir neçə gün bundan əvvəl yem üçün qarğıdalını oradan alıb gətirdim. Yonca sahələri də artıb, taxılçılığa olan marağı isə hamımız bilirik. Bu gün buğda, arpa, qarğıdalı kimi yemlik məhsulları yerli bazardan rahatlıqla alırıq. Eyni zamanda təsərrüfatımızda kiçik taxılüyüdən dəzgah da quraşdırmışıq ki, bu da quşlar üçün qarışıq yem kəpəyinin hazırlanmasında çox köməyimizə gəlir. Artıq taxılın üyüdülməsini özümüz həyata keçiririk ki, bu da məsrəfləri azaldır. Bundan başqa, 3 hektardan yuxarı sahəmiz var ki, həmin sahənin bir hissəsində yonca əkmişik. Qış boyu quru yoncanı da dəzgahda üyüdərək yemə qarışdırırıq ki, tərkibində protein zəngin olsun. Belə olan halda bəslədiyimiz hindquşlarının əti də təbii və tamlı olacaq.
– Bütün bu proseslərdən sonra sahibkar üçün əsas məqam – bazar gəlir. Yəni çəkdiyi zəhmətin pula çevrilmə zamanı. Bu gün istehlakçı hindquşuna necə maraq göstərir?
– Bazardan narazı deyilik. Bildiyiniz kimi, hər həftənin sonunda Naxçıvan şəhərində, eləcə də rayon mərkəzində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunur. Biz də bazara məhsul çıxarırıq. Rayonda fəaliyyət göstərən yeməkxanalardan da sifarişlərimiz olur. Və yaxud birbaşa təsərrüfata müraciət edib diri çəkidə quş əti alanlara da rast gəlirik. Lakin toyuq əti ilə müqayisədə hindquşunun alıcısı o qədər də çox deyil.
– Burada haşiyə çıxaraq bir neçə faktı oxucularımızın diqqətinə çatdırmaq istərdim. Hindquşu əti insan orqanizmi üçün çox faydalıdır. Ətinin tərkibini 24 faizədək protein təşkil edir. Xolestrola qarşı effektli təsir göstərir, həzm olunması yüngüldür. Təəssüflər olsun ki, istehlakçılar hindquşu ətindən toyuq qədər istifadə etmirlər. Doğrudur, toyuq ətinə nisbətən baha olan hindquşu əti eyni zamanda dana və qoyun ətindən ucuzdur. Lakin etiraf edək ki, hindquşu əti bizdə sanki bayramdan-bayrama yada düşür. Halbuki dünyanın ən böyük hindquşu əti istehsalçısı olan ABŞ-da bu ət növünün böyük alıcı kütləsi var. ABŞ eyni zamanda hindquşu yumurtası istehsalına və istehlakına görə də digər ölkələri qabaqlayır. Bu məlumatların ardından bir daha vurğulamaq istərdik ki, hindquşu əti orqanizm üçün xeyli faydalıdır.
Son sualımı vermək istərdim. Təsərrüfatın gələcək fəaliyyəti ilə bağlı hansı hədəfləriniz var?
– Sualınızın cavabına keçmədən əvvəl deyim ki, bu yaxınlarda bizim kəndimizdə yeni sosial obyektlər istifadəyə verildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri açılış mərasimindən sonra bizim təsərrüfata gəldi. Ali Məclis Sədrinin bura gəlişi, təsərrüfatla bağlı problemlərimizin olub-olmaması ilə maraqlanması, tövsiyələr verməsi bizi çox ruhlandırdı. İnanın ki, onun gəlişi biz sahibkarların arxasında necə böyük gücün dayandığını göstərdi. Buna görə də çalışacağıq ki, fəaliyyətimizi növbəti illərdə daha da genişləndirək, təsərrüfatımızda quşların baş sayını artıraq. Bir məsələni də qeyd etmək istərdim ki, bu gün muxtar respublikamızda sahibkarlığın inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir. Müsbət nəticəni isə o zaman əldə etmək mümkündür ki, göstərilən dəstəyi, verilən kreditləri lazımınca qiymətləndirə biləsən. Biz 3 il bundan əvvəl dövlətdən aldığımız güzəştli krediti aidiyyəti üzrə dəyərləndirdik. Bu dəstəyi təsərrüfat üçün sahənin əkilməsinə, binanın tikintisinə, yeni sürünün alınmasına və sair işlərə sərf etdik. Nəticədə, zəhmətimizin qazancını da gördük, kredit borclarımızı da ödədik. Onu da vurğulamağı lazım bilirəm ki, istənilən sahədə uğur qazanmaq üçün o işi sevməlisən. Əgər işinlə sevərək məşğul olmursansa, ona bağlanmırsansa, o sahədə müsbət nəticə də əldə etməyəcəksən. Hədəflərimizlə bağlı onu demək istəyirəm ki, hazırda qeyd etdiyim kimi, təsərrüfatımızda min başdan yuxarı hindquşu saxlayırıq. Ancaq çalışacağıq ki, gələcəkdə bu sayı beş minə, on minədək artıraq. Təbii ki, bu işin bir qismi bizdən, bir qismi də bazar tələbatından asılıdır. İnanırıq ki, yaradılmış şərait bunu reallaşdırmağımıza imkan verəcək. Çalışacağıq ki, bizə göstərilən etimadı, qayğını layiqincə doğruldaq, muxtar respublika sakinlərinin yerli məhsullara olan ehtiyacının ödənilməsinə öz töhfəmizi verək.
– Sağ olun, işlərinizdə uğurlar.
Səbuhi Həsənov