23 Dekabr 2024, Bazar ertəsi

Bazar iqtisadiyyatı şəraitində bank və digər bank olmayan kredit təşkilatlarının böyük əhəmiyyəti vardır. Banklar təkcə kreditləşmə işində deyil, həm də sadə vətəndaşdan tutmuş iri firmalaradək bütün iqtisadi subyektlərin mənafelərinin təmin olunmasında və dövlətin maraqlarının qorunmasında ən vacib maliyyə strukturlarıdır.
Bu baxımdan Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar qarşısında regionda özəl sektorun dəstəklənməsi, onlara maliyyə dəstəyinin göstərilməsi, yeni layihələrin həyata keçirilməsi, əhali əmanətlərinin banklara cəlb olunması və elektron bankçılıq sahəsində işlərin genişləndirilməsi vəzifələri qoyulub. Bankların həyata keçirdiyi kredit qoyuluşları kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artması və yeni iş yerlərinin yaranmasında da mühüm şərtdir. Buna görə də muxtar respublikamızda fəaliyyət göstərən 16 bank qurumu tərəfindən aparılan kreditləşmənin əsas yönü aqrar sektorun inkişafı, ixraca yardım və daxili bazarın qorunması, kiçik və orta sahibkarlığın inkişafı istiqamətindədir.

Dünya iqtisadiyyatındakı qeyri-müəyyənliyə və mürəkkəb iqtisadi şəraitə baxmayaraq, cari ilin ötən dövrü Naxçıvan Muxtar Respublikasının bank-kredit təşkilatları üçün uğurlu olub. Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumatda bildirilir ki, bank və kredit təşkilatları tərəfindən 2016-cı ilin ilk 9 ayı ərzində 26 milyon 50 min manat kredit verilib. Bunun da 8 milyon 238 min manatı qısamüddətli, 17 milyon 811 min manatı isə uzunmüddətli kreditlərdir. Verilmiş kreditlərin 8 milyon 229 min manatı kənd təsərrüfatı, 872 min manatı sənaye, 250 min manatı tikinti, 2 milyon 698 min manatı kommersiya, 3 milyon 617 min manatı nəqliyyat, 9 milyon 550 min manatı digər kommunal, sosial və istehlak kreditlərinin verilməsi kimi sahələrə yönəldilib. Verilmiş kreditlərin 47 faizini kiçikhəcmli kreditlər təşkil edir. 2016-cı ilin ilk 9 ayı ərzində banklara 43 milyon 384 min manat kredit borcu qaytarılıb. Vaxtı keçmiş kredit borclarının yığılması işi sürətləndirilərək cari ilin ilk doqquz ayı ərzində Sahibkarlığa Kömək Fondu vəsaitlərindən 6 milyon 268 min manat vaxtı keçmiş kredit borcları yığılıb.
Bu dövrdə muxtar respublikada nağdsız ödənişlərə də diqqət xeyli artırılıb. “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Pro­qram”a uyğun olaraq nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, elektron ödəniş xidmətlərindən istifadə aktivliyinin artırılması üçün müvafiq tədbirlər həyata keçirilib, dövlət təşkilatlarında əhaliyə göstərilən xidmətlər üzrə rüsum və xidmət haqlarının nağdsız ödəniş alətləri vasitəsilə ödənilməsi imkanları artırılıb. Artıq muxtar respublika sakinləri ödəniş kartları vasitəsilə vergi və rüsumları, Dövlət Yol Polisi, pasport və şəxsiyyət vəsiqəsi alınması üçün rüsumları, gömrük rüsumlarını, Dövlət Sosial Müdafiə Fondu və onun yerli şöbələrinə sosial sığorta haqlarını, mobil və stasionar telefonların abunə və danışıq xərclərinin ödənilməsini elektron ödəniş formasında apara bilirlər. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agent­liyi və “Naxçıvanqaz” İstehsalat Birliyi, “Naxçıvan Su-Kanalizasiya” Açıq Səhmdar Cəmiyyəti tərəfindən vətəndaşların kommunal ödənişlərini POS-terminallarla yanaşı, ödəniş kartlarından istifadə etməklə internet üzərindən həyata keçirmələri də təmin olunub.
Ötən dövrdə muxtar respublikada əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi məqsədilə POS-terminalların quraşdırılması diqqət mərkəzində saxlanılıb. Belə ki, cari ilin 9 ayında 127 ədəd POS-terminal quraşdırılaraq onların sayı 1 oktyabr 2016-cı il tarixə 1171 ədədə çatdırılıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 152 ədəd çoxdur. Bu da, öz növbəsində, aparılan nağdsız ödənişlərin həcminin artmasına səbəb olub. Belə ki, 2016-cı ilin 9 ayı ərzində muxtar respublikada POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliy­yatların həcmi 20 milyon 592 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 94 min manat çoxdur.
Muxtar respublikada fəaliyyət göstərən banklar pulköçürmə əməliy­yatlarında da aktivlik edirlər. Belə ki, qeyd olunan dövr ərzində təcili pul köçürmələri vasitəsilə dünyanın 40-dan çox ölkəsindən və ölkəmizin digər bölgələrindən muxtar respublika sakinlərinin adına 4 milyon 181 min ABŞ dolları məbləğində pul köçürülüb və banklar vasitəsilə ödənilməsi həyata keçirilib.
Bunlardan əlavə, ötən dövr ərzində muxtar respublika bankları əhali əmanətlərinin cəlbi və maarifləndirmə sahəsində də xeyli işlər görüblər. Belə ki, 1 oktyabr 2016-cı il tarixə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 6 milyon 497 min manat, o cümlədən xarici valyuta ilə 3 milyon 630 min manat təşkil edib. Hazırda banklara qoyulan əmanətlər üçün müddətindən və növündən asılı olaraq 2 faizdən 15 faizədək illik faiz ödənilir. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 27 iyul 2015-ci il tarixli Sərəncamına əsasən, Naxçıvan Dövlət Texniki Kollecinin Bank işi ixtisası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən hamiliyə götürülüb, “Naxçıvan” Universiteti və Naxçıvan Dövlət Texniki Kollecində yaradılmış “Bank işi” kabinələri müxtəlif bank vəsaitləri ilə təmin edilib. Bu tapşırığın icrası ilə əlaqədar Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşları tərəfindən 2016-cı ilin 9 ayında hər iki təhsil ocağının tələbələri ilə görüşlər keçirilərək “Ailə büdcəsinin formalaşdırılması”, “Maliyyə resurslarının idarə olunması”, “Nağdsız ödənişlərin üstünlükləri və iqtisadi artımda rolu” və sair mövzularda seminar-məşğələlərin keçirilməsi davam etdirilib.
Göründüyü kimi, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün bank qurumları elektron ödəniş məkanının formalaşdırılması, nağd pul kütləsinin bank dövriyyəsinə cəlb edilməsi, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, pul dövriyyəsinin təşkilinin daha da müasirləşdirilməsi, nağdsız hesablaşmaların miqyasının artırılması, yeni bank xidmətlərinin yaradılması işində xeyli uğurlar əldə ediblər.

 Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR