23 Dekabr 2024, Bazar ertəsi

Oktyabrın 21-də “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Ordubad rayon filialı fəaliyyətə başlayıb.
Yeni ikimərtəbəli, müasir avadanlıqlarla təmin olunan binada fəaliyyət göstərəcək filialın yaradılmasında məqsəd “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən vətəndaşlara təklif olunan bank xidməti və məhsullarının istehlakçılara birbaşa onlar üçün daha yaxın xidmət mərkəzində çatdırılması, bank işinin səmərəli təşkilindən ibarətdir. Filialın yeni inzibati binasında qurulmuş infrastruktur istehlakçıların bank xidmətlərindən daha rahat şəkildə istifadəsinə imkan verəcək.
Filialla tanışlıq zamanı Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov bildirib ki, burada müasir avadanlıqlar quraşdırılıb, müştərilərə yüksək səviyyəli bank xidmətlərindən istifadə etmələri üçün hərtərəfli şərait yaradılıb. Bütün bank xidmətlərinin göstəriləcəyi filialda əhali, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarlar onlara təklif olunan maliyyə resurslarından yararlana biləcək, plastik kartlar, müxtəlif pul köçürmələri, vergi və rüsumların ödənişləri və digər bu kimi maliyyə əməliyyatlarından istifadə etmək imkanı əldə edəcəklər. Bundan əlavə, filial tərəfindən cari ildə Ordubadda yeni POS-terminalların quraşdırılması, bankomat şəbəkəsinin yaradılması, digər bank xidmətləri sahəsində nailiyyət əldə etmək əsas məqsəd kimi qarşıya qoyulub.

Bildirilib ki, yeni bank qurumlarının fəaliyyətə başlaması əhalinin bank-maliyyə xidmətlərinə daha rahat şəkildə çıxışını və müştərilərə yüksək səviyyədə xidmət göstərilməsini təmin edir. “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Ordubad rayon filialının yeni binada fəaliyyətə başlaması da bu sahədə görülən işlərin davamıdır. “Naxçıvanbank” tərəfindən ölkə üzrə ən aşağı faiz dərəcələri ilə təklif edilən əkinçilik, heyvandarlıq, sənaye, ticarət, istehlak və sair kredit məhsullarının daha əlçatan olması, çoxçeşidli elektron bank xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi əhalinin rifah səviyyəsinin yüksəldilməsinə xidmət edəcəkdir. Əvvəllər rayon əhalisi bu xidmətlərdən yararlanmaq üçün Culfa şəhərində fəaliyyət göstərən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin rayon filialına müraciət etməli olurdu. Bu da, öz növbəsində, vəsait, vaxt itkisi və məsafə baxımından müəyyən çətinliklər yaradırdı. Ancaq bundan sonra bu xidmətlər daha əlçatan olacaq və yerli əhalinin maliyyə resurslarına olan ehtiyaclarının daha adekvat ödənilməsinə imkan verəcəkdir. Bu, eyni zamanda elektron ödəniş xidmətlərinin daha geniş tətbiqinə və nağdsız hesablaşmaların artırılmasına, müraciət edənlərin daha yaxşı xidmət görməsinə və bu sahədə əhalinin daha ətraflı məlumat almasına öz müsbət təsirini göstərəcəkdir.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov yeni filialın fəaliyyətə başlamasını rayonun sosial-iqtisadi həyatında əlamətdar hadisə kimi qiymətləndirərək deyib ki, Naxçıvan Muxtar Respublikasında ötən illərdə həyata keçirilən davamlı islahatlar nəticəsində iqtisadiyyatın möhkəm təməli yaradılıb və sosial-iqtisadi inkişafın dinamikliyi təmin edilib. Bu inkişaf iqtisadiyyatın bütün sahələrini əhatə edir. Əldə edilmiş uğurların təməlində dayanan amillərdən biri də budur ki, muxtar respublikada inkişafa kompleks yanaşma mövcuddur. Ötən dövr ərzində istehsal sahələrinin inkişafı istiqamətində görülmüş işlər maliyyə və bank sektorunun inkişafı ilə paralel şəkildə aparılıb. Ordubad şəhərində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin filialının fəaliyyətə başlaması iqtisadiyyatın bütün sahələrində təkanverici rol oynayacaq, əhaliyə göstərilən bank xidmətlərinin keyfiyyəti yüksəldiləcək, nağdsız ödəniş sistemləri inkişaf etdiriləcək.
Məlumat üçün bildirək ki, hazırda “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin 5 filialı fəaliyyət göstərir.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR