23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı üzrə həyata keçirilən ardıcıl tədbirlər cari ilin ötən dövrü ərzində də davam etdirilmiş, yüksək nəticələr əldə olunmuşdur.
2016-cı ilin yanvar-sentyabr aylarında ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 831 milyon 84 min manatdan artıq olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 0,8 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artaraq 4103 manatı ötmüşdür. Ümumi daxili məhsulun tərkibində ilk yeri 29,7 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 58,2 faiz təşkil etmişdir.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-sentyabr aylarında sənaye məhsulunun həcmi 2,5 faiz, əsas kapitala yönəldilən investisiyalar 7 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,1 faiz, nəqliyyat sektorunda yük daşınması 1,7 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 3,6 faiz, o cümlədən mobil rabitə xidməti 1,7 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,8 faiz, əhaliyə göstərilən pullu xidmətlər 4,1 faiz, ixracın həcmi 1,9 faiz, əhalinin gəlirləri 1,3 faiz, hər bir nəfərə düşən gəlirlər 0,2 faiz artmışdır.

 Makroiqtisadi göstəricilər

 

Sənaye

Son dövrlər muxtar respublikada uğurlu sənayeləşmə prosesi və yeni məhsul növlərinin istehsalının təmini bu sahənin dinamik inkişafını sürətləndirmişdir.
2016-cı ilin yanvar-sentyabr aylarında muxtar respublikada 763 milyon 323 min manat həcmində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 2,5 faiz üstələmişdir.
Sənaye məhsulu istehsalının 96,1 faizi malların, 3,9 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 29 milyon 86 min 500 manatlıq, qeyri-dövlət sektorunda isə 734 milyon 236 min 500 manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 96,2 faizi özəl sektorun payına düşmüşdür.

Sənaye məhsulu istehsalının dinamikası, min manat

 2016-cı ilin ötən dövrü ərzində muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 35 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 25 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması hazırda davam etdirilir. 

Sənaye sahəsinin inkişafı istiqamətində bank və kredit təşkilatları tərəfindən 2016-cı ilin yanvar-sentyabr ayları ərzində təsərrüfat subyektlərinə 872 min manat həcmində kreditin verilməsi təmin olunmuşdur.
Sənayedə istehsalın genişlənməsi ixracın da həcminə müsbət təsir göstərmiş, cari ilin doqquz ayı ərzində 218 milyon 375 min 800 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.

Hərbi quruculuq

Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.
2016-cı ilin yanvar-sentyabr aylarında Naxçıvan şəhərində doqquz zabit ailəsinə xidməti mənzillər verilmiş, hərbi şəhərcikdə istirahət parkı yaradılmışdır.
Naxçıvan şəhərində mərkəzi hərbi xəstəxananın, təlim-tədris mərkəzinin, əsgər yataqxanasının, əsgər yeməkxanasının, anqarın, mini stadionun tikintisi, uşaq bağçasının yenidən qurulması davam etdirilmişdir.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında infra­struktur obyektlərinin və avtomobil yolunun tikintisi davam etdirilmişdir.
Kəngərli rayonunda anbarın tikintisi başa çatdırılmış, Şərur rayonunda “N” hərbi hissədə infrastruktur obyektlərinin, Culfa rayonunda yardımçı binanın, Babək, Kəngərli və Şahbuz rayonlarının hər birində bir anqarın tikintisi davam etdirilmişdir.

Tikinti-quruculuq və su təchizatı tədbirləri

Muxtar respublikanın dinamik inkişafının təmin edilməsi istiqamətində cari ilin yanvar-sentyabr ayları ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 761 milyon 856 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da bir il öncəki müvafiq göstəricidən 7 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 705 milyon 974 min 700 manatı və ya 92,7 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir.
2016-cı ilin doqquz ayında muxtar respublikada 159 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 139 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri hazırda davam etdirilir.
Cari ilin ötən dövrü ərzində yaşayış məntəqələrində kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması məqsədilə muxtar respublikaya 4 ədəd sanitar-kommunal xidmət avtomobili və 120 ədəd konteyner gətirilmişdir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi üzrə tədbirlər cari ilin doqquz ayı ərzində də davam etdirilmiş, 8 kənd mərkəzi istifadəyə verilmiş, 8 kənd mərkəzinin inşası davam etdirilmişdir.
Muxtar respublikada bir yaşayış binasının tikintisi, bir yaşayış binasının yenidən qurulması, iki yaşayış binasının əsaslı təmiri başa çatdırılmış, bir yaşayış binasının tikintisi, beş yaşayış binasının yenidən qurulması, iki yaşayış binasının əsaslı təmiri davam etdirilir. Bundan əlavə, Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksinin tikintisi davam etdirilməkdədir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmişdir. 2016-cı ilin doqquz ayı ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 364 min 300 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 1,2 faiz çoxdur.
Ötən dövr ərzində Naxçıvan şəhərində çirkab sutəmizləyici qurğunun, Tumbul, Qaraçuq, Bulqan, Qaraxanbəyli kəndlərində içməli su və kanalizasiya xətlərinin tikintisi davam etdirilmişdir.
Şərur, Babək, Ordubad, Kəngərli və Sədərək rayonlarında içməli su və kanalizasiya xətlərinin tikintisi hazırda davam etdirilir.

Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri

Muxtar respublikada əhalinin ərzaq məhsullarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.
2016-cı ilin məhsulu üçün muxtar respublikada 61 min 526 hektar sahədə əkin aparılmışdır ki, bu da 2015-ci ilin məhsulu üçün əkilmiş sahədən 112 hektar çoxdur.

Cəmi əkin sahəsi, hektarla

Muxtar respublikada məhsuldar və keyfiyyətli toxum növləri istehsalının stimullaşdırılması məqsədilə toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Naxçıvan şəhərində toxumçuluq təsərrüfatı üçün yeni kompleks inşa olunur. Muxtar respublikanın əsas toxumçuluq bazası olacaq bu kompleksdə taxılla yanaşı, digər bitki toxumlarının satışının da həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.
Ötən dövr ərzində muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılmış və 2016-cı ilin məhsulu üçün 31579 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 26792 hektarı payızlıq, 4787 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 26795 hektarında buğda, 4784 hektarında isə arpa əkilmişdir. Cari ildə taxıl zəmilərindən 94 min 117 ton məhsul toplanmışdır.
Taxılla yanaşı qarğıdalı əkini üzrə də maarifləndirici tədbirlər həyata keçirilmiş, məhsulun vaxtında toplanılması üçün müvafiq texnikalar alınaraq muxtar respublikaya gətirilmişdir. 2016-cı ilin məhsulu üçün muxtar respublikada 1758 hektar sahədə qarğıdalı əkini aparılmışdır ki, bu da bir il öncəki göstəricidən 676 hektar çoxdur. 1 oktyabr 2016-cı il tarixə 1372 hektar qarğıdalı zəmilərindən 10451 ton məhsul yığılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Hazırda məhsul yığımı davam edir.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılmışdır. 2016-cı ildə 3053 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2015-ci ildə əkilmiş sahədən 86 hektar çoxdur. 1 oktyabr 2016-cı il tarixə 3007 hektar sahədən 45711 ton kartof yığılmışdır ki, bu da bir il öncəki göstəricini 1,7 faiz üstələyir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası da muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaradır. Meyvəçiliyin inkişafını stimullaşdırmaq məqsədilə ilk dəfə 2016-cı ildə muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində Göycə festivalı keçirilmişdir. 2016-cı ilin yanvar-sentyabr aylarında meyvə istehsalının həcmi bir il öncəyə nisbətən 1 faiz, tərəvəz istehsalı isə 0,6 faiz artmışdır. Hazırda meyvə və tərəvəz yığımı davam edir.
Muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə cari ilin ötən dövrü ərzində tutumu 1000 ton olan 4 soyuducu anbar, 1 istixana təsərrüfatı yaradılmış, 1 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılmışdır. Hazırda 1 istixana təsərrüfatının genişləndirilməsi davam etdirilir.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılmaqdadır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 57 ədədi 2016-cı ilin yanvar-sentyabr aylarında olmaqla, cəmi 1742 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq muxtar respublikaya gətirilmişdir. 2016-cı ilin ötən dövrü ərzində 91 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq güzəştli şərtlərlə lizinq yolu ilə məhsul istehsalçılarına verilmiş, 11 ədədi isə nağd yolla satılmışdır. Bu dövr ərzində məhsul istehsalçıları 4905,3 ton mineral gübrə ilə təmin olunmuşdur.
1 oktyabr 2016-cı il tarixə 100768 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 725,5 ton dən üçün günəbaxan, 71704 ton tərəvəz, 36271 ton ərzaq üçün bostan məhsulları, 37680 ton meyvə, 9625 ton üzüm toplanmışdır. Hazırda bir neçə məhsul növü üzrə yığım davam edir.
Cari ilin ötən dövrü ərzində kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafı istiqamətində tədbirlər davam etdirilmiş, 6 heyvandarlıq təsərrüfatı yaradılmışdır. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən cari ilin ötən dövrü ərzində bu sahəyə 7 milyon 29 min 600 manat həcmində kreditlərin verilməsi təmin olunmuşdur.
Heyvandarlıq təsərrüfatlarında 6554 baş inək, düyə və camış süni yolla mayalandırılmış, əvvəlki dövrdə mayalandırılmış inək, düyə və camışlardan 2781 baş sağlam bala alınmışdır.
1 oktyabr 2016-cı il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 114 min 387 baş, qoyun və keçilərin sayı 702 min 316 baş olmuşdur ki, bu da 1 oktyabr 2015-ci il tarixə olan göstəriciləri müvafiq olaraq 1,6 və 1,8 faiz üstələyir.
2016-cı ilin yanvar-sentyabr aylarında muxtar respublikada diri çəkidə 17303,3 ton ət, 68463,3 ton süd istehsal olunmuşdur ki, bu da 2015-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə müvafiq olaraq 1,6 və 1,4 faiz çoxdur.
Daxili bazarda tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə 1 balıqçılıq təsərrüfatı yaradılmış, 2 quşçuluq təsərrüfatının yaradılması hazırda davam etdirilir.
Cari ilin ötən dövrü ərzində kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 8 milyon 229 min 400 manat məbləğində kreditlərin verilməsi təmin olunmuşdur.
2016-cı ilin yanvar-sentyabr aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən 6,1 faiz çox, yəni 317 milyon 545 min 700 manat həcmində kənd təsərrüfatı məhsulları istehsal edilmişdir.

Kənd təsərrüfatının ümumi məhsulu, min manat

Etibarlı ərzaq təminatı sisteminin qurulması daxili bazarda tələbatın ödənilməsi ilə yanaşı, ixrac potensialını da gücləndirmiş, cari ilin ötən dövrü ərzində muxtar respublikadan kənara 83 milyon ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları, xüsusilə də meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.
Cari ilin ötən dövrü ərzində meliorasiya-irriqasiya sistemlərinin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılmış, Babək rayonunun Kültəpə və Kərimbəyli kəndlərini əhatə edən yeni suvarma şəbəkəsi istifadəyə verilmişdir. Yeni suvarma sisteminin qurulması nəticəsində Kültəpə və Kərimbəyli kəndlərinin 565 hektar torpaq sahəsində suvarma işləri yaxşılaşdırılmışdır ki, bunun da 217 hektarı yeni əkin dövriyyəsinə qatılmış torpaqlardır.
Babək rayonunun Badaşqan kəndində yeni nasos stansiyasının, Nəcəfəlidizə kəndində açıq drenaj kanalının, Kültəpə kəndində kanalın tikintisi, Nehrəm kəndində kollektorun təmizlənməsi başa çatdırılmış, Şərur rayonunda kollektor-drenaj şəbəkələrinin, Naxçıvan şəhərinin Qaraçuq, Babək rayonunun Çeşməbasar kəndlərində kollektorların təmizlənməsi davam etdirilir.
Şərur rayonunun Ələkli kəndində suvarma xəttinin, Babək rayonunun Sirab kəndində qapalı suvarma xəttinin çəkilişi başa çatdırılmış, Kəngərli rayonunun Böyükdüz və Xok kəndləri ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi hazırda davam etdirilir.
Araz çayında sahilbərkitmə işləri başa çatdırılmışdır. Babək rayonunun Vayxır kəndi ərazisində, “Qahab” selovunda, Naxçıvançayda, Şərur rayonunda Arpaçayda və Culfa rayonunda Əlincəçayda istiqamətləndirici bəndlərin tikintisi davam etdirilir.
Babək rayonunda Uzunoba Su Anbarına sugətirici kanalın təmiri, Sədərək rayonunda kollektor və drenajların bərpası, Araz çayından sugətirici kanalın təmizlənməsi hazırda davam etdirilir.
Muxtar respublikada 4 subartezian quyusunun tikintisi, 4 subartezian quyusunun bərpası, 10 kəhrizin təmiri başa çatdırılmış, 6 kəhrizin təmiri isə hazırda davam etdirilir.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni meşəliklərin salınması istiqamətində ilin əvvəlindən 246,2 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 216 mindən artıq ağac və bəzək kolları əkilmişdir.

Nəqliyyat, informasiya və rabitə, energetika

Muxtar respublikada artan əhali tələbatına uyğun olaraq müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində tədbirlər davam etdirilməkdədir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 may tarixli Sərəncamına əsasən, Babək rayonunda Şəkər­abad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunda yenidənqurma işləri davam etdirilir.
Cari ilin doqquz ayı ərzində Şərur rayonunun Oğlanqala, Babək rayonunun Xəlilli, Yarımca və Məzrə, Culfa rayonunun Saltaq və Xanəgah kəndlərində avtomobil yolları yenidən qurulmuşdur. Şərur rayonunun Arbatan, Babək rayonunun Gərməçataq, Ordubad rayonunun Baş Dizə, Kəngərli rayonunun Qarabağlar kəndlərində avtomobil yollarının yenidən qurulması davam etdirilir.
Naxçıvan-Ordubad magistralı-Culfa şəhər və Gülüstan kənd avtomobil yolunun yenidən qurulması davam etdirilmişdir.
Culfa rayonunun Saltaq kəndində körpünün yenidən qurulması başa çatdırılmış, Babək rayonunun Gərməçataq və Culfa rayonunun Gülüstan kəndlərinin hər birində bir körpünün tikintisi, Culfa şəhərində bir körpünün yenidən qurulması davam etdirilmişdir.
Şahbuz rayonunda Kiçikoba-Daylaqlı kənd avtomobil yolunun yenidən qurulması başa çatdırılmışdır. Şərur rayonunda Babəki-Çəmənli kənd avtomobil yolunun yenidən qurulması davam etdirilir.
Naxçıvan şəhərində 5-ci məhəllədə avtomobil yolunun və Ordubad şəhərində daxili avtomobil yolunun yenidən qurulması davam etdirilir.
Şahbuz rayonunun Yuxarı Qışlaq və Külüs kəndlərinin avtomobil yollarında istinad divarlarının tikintisi başa çatdırılmış, Ordubad rayonunun Çənnəb kəndində istinad divarının tikintisi davam etdirilir.
Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilməkdədir.
Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə cari ilin ötən dövrü ərzində Naxçıvan-Batumi-Naxçıvan beynəlxalq avtobus marşrutu fəaliyyətə başlamışdır.
Ordubad dəmir yolu sərnişin vağzalı binasının, Ordubad Yol Sahəsinin inzibati binasının və 4 saylı yol məntəqəsi binasının tikintisi, Ordubad Stansiya İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilmişdir.
Cari ilin ötən dövrü ərzində Naxçıvan Beynəlxalq Hava Limanının “Qərb Terminalı” istifadəyə verilmişdir. Yenidənqurma işlərindən sonra hava limanının illik sərnişin və yükdaşıma dövriyyəsi xeyli artmış, aerovağzal binasından istifadə edən sərnişinlərin sayı saatda 600 nəfərə çatdırılmışdır.
2016-cı ilin yanvar-sentyabr aylarında muxtar respublikada nəqliyyat sektorunda 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,7 faiz, sərnişin daşınması 2,5 faiz artmışdır. Yük və sərnişin daşınmasından, bütövlükdə, 40 milyon 388 min 500 manat gəlir əldə edilmişdir ki, bu da bir il öncəki müvafiq göstəricidən 11,3 faiz çoxdur.
Muxtar respublikada informasiya və rabitə sahəsində yeni texnologiyaların tətbiqi bu sahə üzrə göstərilən xidmətlərin əhatə dairəsini genişləndirmişdir.
Cari ilin ötən dövrü ərzində muxtar respublikada Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri istifadəyə verilmişdir. Hər iki sistem üçün proqram təminatı hazırlanmış, server və digər avadanlıqlar quraşdırılmışdır ki, bu da vətəndaşlarla dövlət qurumları arasında münasibətlərin sadələşdirilməsinə, vaxt itkisinə yol verilmədən daxil olan müraciətlərə baxılmasına və cavablandırılmasına, mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında elektron sənəd dövriyyəsinin daha operativ təşkil olunmasına imkan yaratmışdır.
Muxtar respublikada telekommunikasiya və poçt xidmətlərinin çeşidinin və keyfiyyətinin artırılması istiqamətində “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin kompüter şəbəkəsinin Azərbaycan Respublikası Mərkəzi Bankının Hökumət Ödəniş Portalına qoşulması prosesi başa çatdırılmışdır ki, bu da poçt məntəqələrində əhaliyə yeni xidmətlərin göstərilməsinə şərait yaratmışdır.
Şərur rayonunun Oğlanqala, Babək rayonunun Xəlilli, Culfa rayonunun Saltaq və Xanəgah, Kəngərli rayonunun Yurdçu, Şahbuz rayonunun Daylaqlı kəndlərində yeni poçt bölmələri istifadəyə verilmiş, Babək rayonunun Məzrə kəndində mövcud poçt bölməsi yeni binaya köçürülmüşdür.
Naxçıvan şəhərində üç, Şərur rayonunun Cəlilkənd, Dizə və Qorçulu, Babək rayonunun Nehrəm, Şəkərabad və Xəlilli kəndlərində və Babək qəsəbəsində hər birində bir karel tipli avtomat telefon stansiyası yeni nəsil avtomat telefon stansiyaları ilə əvəz olunmuşdur.
Şərur rayonunun Axaməd və Yuxarı Yaycı, Culfa rayonunun Saltaq, Babək rayonunun Xal-xal, Gərməçataq və Məzrə, Ordubad rayonunun Kotam və Kəngərli rayonunun Yurdçu kəndlərində yeni avtomat telefon stansiyaları qurulmuşdur.
Naxçıvan şəhərinin mərkəzi avtomat telefon stansiyasında 4 ədəd, Ordubad rayonunun mərkəzi avtomat telefon stansiyasında və Dəstə kəndindəki avtomat telefon stansiyasında hər birində 2 ədəd, Şərur rayonunun Qarxun, Mahmudkənd, Yuxarı Yaycı və Xanlıqlar, Babək rayonunun Zeynəddin, Sirab və Yarımca, Ordubad rayonunun Kotam, Dəstə, Bist, Nəsirvaz, Gilançay, Ələhi, Xurs, Vənənd və Aşağı Əylis, Culfa rayonunun Saltaq kəndlərindəki avtomat telefon stansiyalarının hər birində 1 ədəd DSLAM avadanlığı quraşdırılaraq əhalinin genişzolaqlı internet xidmətindən istifadəsi təmin edilmişdir.
Muxtar respublikada “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 4-cü nəsil LTE şəbəkə sisteminin yaradılması başa çatdırılmışdır.
Naxçıvan şəhərində “Evədək optika” layihəsinin icrası istiqamətində 55 fərdi mənzilə fiber-optik kabel xətti çəkilmişdir. Ümumilikdə, hesabat dövründə muxtar respublikada 94,2 kilometr məsafədə fiber-optik kabel xətti çəkilmişdir.
Muxtar respublika üzrə 2217 ədəd yeni telefon şəbəkəyə qoşulmuş, 1 oktyabr 2016-cı il tarixə hər yüz ailəyə düşən telefon aparatlarının sayı 73-ə çatmışdır. Bu dövr ərzində hər yüz nəfərə düşən mobil telefonların sayı isə 104 ədəd təşkil etmişdir.
2016-cı ilin yanvar-sentyabr aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 2015-ci ilin müvafiq dövründəki göstəricini 3,6 faiz üstələyərək 37 milyon 770 min 300 manat olmuşdur. Ümumi xidmətlərin 83,1 faizi mobil rabitə xidmətinin payına düşmüşdür. Mobil rabitə xidmətlərinin həcmi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz artmışdır.
Elektroenergetika sektorunda davamlı olaraq yeni güclərin yaradılması, infrastrukturun müasir standartlar səviyyəsində yenilənməsi istiqamətində Ordubad rayonunda Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir.
Muxtar respublikada 38 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətləri çəkilmiş, 28 ədəd müxtəlif güclü transformator yarımstansiyası quraşdırılmışdır.
1 oktyabr 2016-cı il tarixə muxtar respublikada 84 min 778 əhali abonenti mavi yanacaqla təmin olunmuşdur.
Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz sayğaclarının quraşdırılması davam etdirilir.

Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri və məşğulluq məsələləri

Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
Cari ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 14 milyon 827 min 900 manat təşkil etmişdir. Bu kreditlərdən 10 milyon 927 min 400 manatı fərdi sahibkarlığın inkişafına, 3 milyon 900 min 500 manatı isə yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə sərf olunmuşdur. Ümumilikdə, ötən dövr ərzində muxtar respublikada bank və kredit təşkilatları tərəfindən 26 milyon 49 min 900 manat həcmində kreditlərin verilməsi təmin edilmişdir.
2016-cı ilin ötən dövründə muxtar respublikada 21 hüquqi və 1619 fiziki şəxs qeydiyyata alınmışdır.
Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 366 növdə məhsul istehsal olunur. Bu məhsulların 120 növü ərzaq, 246 növü qeyri-ərzaq məhsullarıdır. 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
Muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətən 1,3 faiz artaraq 1 milyard 315 milyon 940 min 200 manata, onun hər bir nəfərə düşən həcmi isə 0,2 faizlik artımla 2949,2 manata çatmışdır. Cari ilin yanvar-avqust ayları ərzində orta aylıq əməkhaqqının məbləği 409,8 manat təşkil etmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 4,2 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmaqdadır.
2016-cı ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada 2268 yeni iş yeri yaradılmışdır ki, bunun da 2211-i və ya 97,5 faizi daimi iş yerləridir. Əmək bazarının tələblərinə uyğun olaraq cari ilin ötən dövrü ərzində Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti, traktorçu-maşınçı, xalçaçı, aşpaz köməkçisi peşələri və digər peşələr olmaqla, ümumilikdə, 276 nəfər peşə kurslarına, 64 nəfər isə ixtisasartırma kurslarına cəlb edilmişdir. Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində 12 məhkum qazanxana maşinisti, 12 məhkum bərbər, 10 məhkum isə daş üzərində oyma peşələri üzrə kurslara cəlb olunmuşdur. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində cari ilin ötən dövrü ərzində 1925 nəfər müxtəlif peşələrə yiyələnmişdir.

İstehlak bazarı

Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
2016-cı ilin yanvar-sentyabr aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 200 milyon 204 min 300 manat həcmində istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çoxdur.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan şəhərində Avtomobil və Ehtiyat Hissələrinin Satış Mərkəzi və yeraltı qaraj istifadəyə verilmişdir.
Şərur rayonunun Oğlanqala, Babək rayonunun Xəlilli, Yarımca və Məzrə, Culfa rayonunun Saltaq, Kəngərli rayonunun Yurdçu, Şahbuz rayonunun Kiçikoba kəndlərində xidmət mərkəzlərinin tikintisi, Daylaqlı kəndində xidmət mərkəzinin yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərinin Bulqan və Tumbul, Şərur rayonunun Arpaçay, Arbatan və Çəmənli, Babək rayonunun Hacıvar və Badaşqan, Ordubad rayonunun Baş Dizə, Culfa rayonunun Gülüstan kəndlərində xidmət mərkəzlərinin tikintisi davam etdirilmişdir.

Xarici ticarət, bank işi və sığorta fəaliyyəti

Muxtar respublikanın dinamik inkişafı, ən əsası yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmışdır.
2016-cı ilin yanvar-sentyabr aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcmi 332 milyon 998 min ABŞ dolları təşkil etmişdir. Bir il öncəyə nisbətdə ixracın həcmi 1,9 faiz artaraq 302 milyon 100 min ABŞ dolları, idxalın həcmi 31,6 faiz azalaraq 30 milyon 898 min ABŞ dolları təşkil etmiş, 271 milyon 202 min ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.
Bank sektorunun inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilməkdədir. 1 oktyabr 2016-cı il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1171-ə çatdırılmışdır ki, bu da vəsaitlərin dövriyyəsinin sürətləndirilməsinə, nağd pulların daşınması, saxlanması və təsərrüfat əməliyyatları xərclərinin azaldılmasına müsbət təsir göstərmişdir.
1 oktyabr 2016-cı il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 56268-ə çatmışdır ki, bunun da 48839-u və ya 86,8 faizi aktiv hesablardır. 2016-cı ilin yanvar-sentyabr aylarında 12078 bank hesabı açılmışdır ki, bunun da 12077-si aktiv hesablar olmuşdur.
Səmərəli sığorta sisteminin formalaşdırılması istiqamətində tədbirlər davam etdirilməkdədir. 2016-cı ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 4 milyon 507 min 400 manat olmuşdur ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çoxdur.

Elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm

Muxtar respublikada elmin inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir, alim və tədqiqatçılar üçün hərtərəfli iş şəraiti yaradılır. Bu istiqamətdə cari ilin ötən dövrü ərzində muxtar respublika ərazisində seysmoloji dəyişiklikləri qeydə almaq və təhlil etmək məqsədilə ən müasir avadanlıqlar alınmış, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Seysmoloji Xidmət Mərkəzi yaradılmışdır.
Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri çərçivəsində ötən dövr ərzində Ordubad Texniki Peşə və Sürücülük Məktəb kompleksi, Naxçıvan Dövlət Texniki Kolleci üçün binaların yenidən qurulması başa çatdırılmış, Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsi və Naxçıvan Müəllimlər İnstitutu üçün korpusların tikintisi davam etdirilir.
Muxtar respublikada təhsilin səviyyəsinin daha da yüksəldilməsi, texniki fənlər üzrə şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə yaradılmış Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey kompleksi istifadəyə verilmişdir.
Babək rayonunun Xəlilli kəndində 144 şagird yerlik, Məzrə kəndində 270 şagird yerlik, Culfa rayonunun Saltaq kəndində 306 şagird yerlik, Şahbuz rayonunun Daylaqlı kəndində 168 şagird yerlik tam orta məktəb binalarının tikintisi, Şərur rayonunun Oğlanqala kəndində 576 şagird yerlik, Babək rayonunun Yarımca kəndində 342 şagird yerlik, Culfa rayonunun Xanəgah kəndində 198 şagird yerlik, Kəngərli rayonunun Yurdçu kəndində 270 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması başa çatdırılmışdır.
Naxçıvan şəhərinin Tumbul, Şərur rayonunun Çəmənli, Ordubad rayonunun Baş Dizə, Culfa rayonunun Gülüstan, Şahbuz rayonunun Kolanı kəndlərində məktəb binalarının və Şərur şəhərində 2 nömrəli məktəb binasının tikintisi, Naxçıvan şəhərində 3 nömrəli və Şərur rayonunun Arbatan kəndində məktəb binalarının yenidən qurulması, Kəngərli rayonunun Qıvraq qəsəbəsində və Şahtaxtı kəndində məktəb binalarının əsaslı təmiri davam etdirilmişdir.
Kəngərli rayonunun Qıvraq qəsəbəsində uşaq bağçası binasının tikintisi davam etdirilir.
Hazırda muxtar respublikanın bütün təhsil müəssisələrində ən müasir kompüter avadanlıqlarından istifadə olunur. Muxtar respublikanın ümumtəhsil məktəblərində 3800-dən artıq kompüter dəsti quraşdırılmış, hər 12 şagird bir dəst kompüterlə təmin olunmuşdur. Ümumtəhsil məktəblərində tədrisin daha keyfiyyətli aparılması məqsədilə 600-dən çox elektron lövhə quraşdırılmışdır.
Həyata keçirilən tədbirlər təhsildə keyfiyyət göstəricilərinin artmasına səbəb olmuşdur. Belə ki, ali təhsil müəssisələrinə qəbul üçün keçirilən imtahanlarda iştirak edən 2016-cı ilin məzunlarından 1538-i ali təhsil müəssisələrinə qəbul olmuşdur ki, bu da sənəd verənlərin 62 faizini təşkil edir. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 199-u ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olmuşdur. Bütövlükdə, ali hərbi məktəblərə və Azərbaycan Respublikasının digər ali məktəblərinə 1737 məzun qəbul olmuşdur. Ali məktəblərə qəbul olan məzunların 338-i 500-700 arası bal toplamışdır ki, bu da bir il öncəki göstəricidən çoxdur.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Babək rayonunun Xəlilli və Məzrə, Şahbuz rayonunun Daylaqlı və Kiçikoba kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Kəngərli rayonunun Yurdçu kəndində feldşer-mama məntəqəsinin yenidən qurulması başa çatdırılmışdır.
Babək rayonunun Yarımca və Culfa rayonunun Xanəgah kəndlərində həkim ambulatoriyaları üçün binalar tikilmiş, Şərur rayonunun Oğlanqala, Culfa rayonunun Saltaq kəndlərində həkim ambulatoriyası binaları yenidən qurulmuşdur.
Sosial layihələr çərçivəsində cari ilin doqquz ayında yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 252 cərrahi əməliyyat, o cümlədən 65 nəfər xəstədə açıq ürək, 6 nəfər xəstədə göz, 181 nəfər xəstədə digər müxtəlif əməliyyatlar aparılmışdır.
2016-cı ilin yanvar-sentyabr ayları ərzində muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 2 milyon 113 min 598 manat həcmində ünvanlı dövlət sosial yardımı ödənilmişdir.
Bu dövr ərzində 460 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində sosial-məişət xidmətləri göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 222 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə 273 uşağın müalicəsi təşkil edilmişdir. Sağlamlıq imkanları məhdud 270 nəfər sanatoriya və müalicə pansionatlarına yollayışlarla təmin edilmiş, 254 nəfərə protez-ortopedik xidməti göstərilmiş, 194 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunmuşdur.
Sağlamlıq imkanları məhdud 11 nəfərin xaricdə, 41 nəfərin ölkə daxilində müalicəsinə, 57 nəfərin isə sosial-məişət şəraitinin yaxşılaşdırılmasına köməklik göstərilmişdir.
Sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası və asudə vaxtlarının səmərəli təşkili məqsədilə boccia idman növü üzrə bölmə fəaliyyətə başlamış, 6 uşaq məşğələlərə cəlb edilmişdir. Bu dövr ərzində sağlamlıq imkanları məhdud və aztəminatlı ailələri təmsil edən 90 uşağın, habelə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının 90 üzvü daxil olmaqla, ümumilikdə, 180 nəfərin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təmin olunmuşdur.
Sosial qayğıya ehtiyacı olan 4 şəhid ailəsinə və 6 sağlamlıq imkanı məhdud şəxsə yeni mənzillər, 2 şəxsə isə minik avtomobili verilmişdir.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, bir il öncəyə nisbətdə doğulanların sayı 0,5 faiz artmış, ölənlərin sayı isə 3 faiz azalmışdır. Muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 4,9 min nəfər artaraq 1 sentyabr 2016-cı il tarixə 447,6 min nəfərə çatmışdır.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2016-cı ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərin ödənilməsinə bir il öncəyə nisbətdə 9 faiz çox, yəni 93 milyon 157 min manatdan artıq vəsait yönəldilmişdir.
Muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilmiş, bu sahədə infra­strukturun yenilənməsi istiqamətində Şərur rayonunun Mahmudkənd və Aşağı Yaycı, Culfa rayonunun Bənəniyar kənd­lərinin hər birində bir stadionun yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin idman zalının tikintisi davam etdirilir.
Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi diqqətdə saxlanılmış, Şərur rayonunun Xanlıqlar kəndində İmamzadə tarixi abidəsi, Culfa rayonunda Əlincəqala tarixi abidəsi, Xanəgah Abidə Kompleksi və Gülüstan türbəsi bərpa olunmuşdur.
“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində təmir-bərpa işləri aparılmışdır. Naxçıvan şəhərində məscidin tikintisi, Kəngərli rayonunda Qarabağlar Türbə Kompleksinin bərpası, Sədərək rayonunda mədəniyyət evinin yenidən qurulması hazırda davam etdirilir.
Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının tikintisi başa çatdırılmış, “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalı keçirilmişdir.
Muxtar respublikada kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların fəaliyyətinin səmərəli təşkili diqqətdə saxlanılmış, Naxçıvan televiziyası internetdə canlı yayıma başlamışdır.
Turizmin kompleks şəkildə inkişafını təmin etmək məqsədilə həyata keçirilən mühüm tədbirlər cari ilin ötən dövrü ərzində də davam etdirilmiş, dünya əhəmiyyətli tarixi abidələrimiz bərpa olunmuş, Naxçıvan şəhərdaxili turist marşrutu fəaliyyətə başlamışdır. 2016-cı ilin yanvar-sentyabr aylarında muxtar respublikamıza ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 320 mindən artıq turist gəlmişdir ki, bu da 2015-ci ilin müvafiq dövründəki göstəricidən 4,7 faiz çoxdur.

Hüquq-mühafizə orqanları ilə iş

Muxtar respublikada hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının və bu sahədə çalışanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər görülür.
Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin zabitləri üçün yataqxana binasının tikintisi davam etdirilir.
Aparılan təhlillər deməyə əsas verir ki, bu gün bütün sahələrdə əldə olunmuş nailiyyətlər, həyata keçirilən mühüm tədbirlər gələcək inkişafımızın daha uğurlu olacağına, əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsinə geniş imkanlar yaratmaqdadır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR