Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamına əsasən hər il oktyabrın 20-si ölkəmizdə energetika sahəsində çalışanların peşə bayramı günü kimi qeyd olunur.
Azərbaycanda elektroenergetikanın inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsi, ölkədə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində gərgin fəaliyyət göstərmişdir. Ümummilli liderin səyləri və təşkilatçılığı sayəsində hər birinin gücü 300 meqavatlıq 8 blokdan ibarət olan Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının tikintisinə başlanıldı və istifadəyə verilən bu stansiya sayəsində Azərbaycan enerji sistemi bölgənin aparıcı sisteminə çevrildi. Həmin dövrdə İran İslam Respublikası ilə birgə tikilən 22 meqavatlıq Araz SES, 330 kilovoltluq Mingəçevir-Abşeron hava elektrik verilişi xətləri, yeni transformator yarımstansiyaları istismara verilmişdir. Müstəqillik illərində də ümummilli liderimiz ölkəmizdə enerji təhlükəsizliyinin təmin olunmasını diqqət mərkəzində saxlamış, bu sahənin maddi-texniki təchizatı xeyli gücləndirilmişdir.
Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkə iqtisadiyyatının digər sahələri kimi, elektrik enerjisi üzrə də proqramlar hazırlanaraq uğurla icra edilir. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının həyata keçirilməsi iqtisadiyyatın hərəkətverici qüvvəsi olan elektrik enerjisi sistemində də inkişafı təmin etmişdir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində blokada şəraitində yaşayan Naxçıvan ciddi enerji böhranı ilə üzləşən zaman ulu öndərin apardığı danışıqlar nəticəsində 1993-cü ildə İran İslam Respublikasından 42 meqavat, Türkiyə Respublikasından isə 63 meqavat elektrik enerjisi nəqlinə başlanılmışdır. Bu dövrdən başlayaraq muxtar respublikada müxtəlif gücə malik olan transformator yarımstansiyaları quraşdırılmış, yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilmiş, idxal olunan elektrik enerjisinin itkisiz paylanması, avadanlıqların yüklənməsinin qarşısını almaq və enerji təchizatının etibarlılığını yüksəltmək məqsədilə ardıcıl tədbirlər görülmüşdür.
2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qaz ilə işləmə rejiminə keçirilmiş, 220 kilovoltluq “Babək” yarımstansiyasında yenidənqurma işləri aparılmışdır. Həmin il ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası və Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası istismara verilmişdir. 2010-cu ildə isə 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyasının, 2014-cü ildə Arpaçay Su Anbarı üzərində 20,5 və 1,4 meqavat gücündə 2 su elektrik stansiyasının, 2015-ci ildə 20 meqavat gücündə Günəş elektrik stansiyasının tikilib istifadəyə verilməsi Naxçıvanın etibarlı enerji təminatına səbəb olmuşdur. Bütün bunların nəticəsidir ki, bir zamanlar yalnız idxal hesabına elektrik enerjisinə olan tələbatını qismən ödəyən Naxçıvanda bu gün daxili istehsal hesabına ən ucqar dağ kəndi belə, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunur. Belə ki, muxtar respublikanın elektrik enerjisi tələbatı isti yay günlərində 80-85 meqavat, qalan dövrlərdə 50-55 meqavatdır. Hazırda muxtar respublikadakı 8 elektrik stansiyasının ümumi gücü 237,4 meqavat təşkil edir. Görülən işlərin nəticəsidir ki, Naxçıvanda alternativ və bərpa olunan elektrik stansiyalarında istehsal olunan enerji ümumi istehsalın 61,1 faizini təşkil edir.
Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər əhalinin tələbatını ödəməklə yanaşı, həm də Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın davamlı inkişafını təmin etmişdir. Buna görə də enerji təchizatının yaxşılaşdırılması və müasirləşdirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada mövcud elektrik stansiyalarının, yarımstansiya və elektrik verilişi avadanlıqlarının təmiri ilə yanaşı, yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi sahəsində də mühüm işlər görülür. Hazırda Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Culfa rayonunda isə gələcəkdə külək elektrik stansiyası tikintisinin texniki-iqtisadi əsaslandırılması üçün ölçmə işləri aparılır. Həmçinin gücü 14 meqavat olan Tivi Su Elektrik Stansiyasının və 3,5 meqavat olan Qazançı Su Elektrik Stansiyası tikintisinin texniki-iqtisadi əsaslandırılması hazırlanır.
Muxtar respublikada istehsal olunan elektrik enerjisinin istehlakçılara fasiləsiz və keyfiyyətli çatdırılması məqsədilə yeni transformator yarımstansiyaları tikilir, mövcud olanlar yenidən qurulur. Son illər “Xal-xal”, “Koroğlu”, “Xalçaçılıq”, “Şərur”, “Naxçıvan”, “Ordubad” və “Qıvraq” transformator yarımstansiyaları müasir şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda Şahbuz Rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati idarə binası və yeni 35/10 kilovoltluq transformator yarımstansiyasının tikintisi aparılır. Ümumiyyətlə, 2016-cı ilin ötən dövründə muxtar respublikanın şəhər və kəndlərində 28 yeni transformator qoyulmuş, 38 kilometr uzunluğunda elektrik verilişi xətləri çəkilmişdir.
Bu gün elektroenergetika sahəsində ixtisaslı kadr hazırlığına da xüsusi diqqət yetirilir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada elektrik stansiyalarının tikintisi və yenidən qurulması, elektrik təchizatı avadanlıqlarının quraşdırılması, bütövlükdə, yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı bu sahədə mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradır. Gənclərin istehsal və iş sahələrinə cəlbi onların təcrübi biliklərinin möhkəmləndirilməsinə və peşəkar kadr kimi yetişməsinə imkan verir.
Muxtar respublikanın energetikləri elektrik enerjisindən səmərəli istifadə olunması, enerji itkisinin minimum səviyyədə saxlanılması və sərfiyyata uyğun enerji dəyərinin ödənişinin təmin olunmasında səylə çalışırlar. Bütün işlədicilərin istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün rəqəmsal elektron sayğaclar qoyulur, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilir. Hazırda Naxçıvan şəhərində smart-karttipli sayğacların quraşdırılması davam etdirilir. Həmçinin əməkdaşlar tərəfindən elektrik enerjisindən səmərəli istifadə edilməsi, israfçılığın, elektrik enerjisindən qanunsuz və sayğacdankənar istifadə edilməsinin qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin və onun yerli strukturlarının kollektivləri yaşayış məntəqələrinin, istehsal və xidmət sahələrinin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchizatını daim diqqət mərkəzində saxlayırlar. Energetika işçiləri bundan sonra da muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfələrini verəcəklər.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika
Agentliyinin mətbuat xidməti