22 Dekabr 2024, Bazar

Çinli iş adamlarının muxtar respublikaya işgüzar səfəri bu qənaətə gəlməyə əsas verir

Dünən Çin Xalq Respublikasının iş adamlarından ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfərə gəlib.
Əvvəlcə qonaqlar Naxçıvan Biznes Mərkəzində təşkil edilən sərgidə muxtar respublikada istehsal olunan məhsullarla tanış olublar.
Naxçıvan Biznes Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov açıb.

Muxtar respublikanın coğrafi mövqeyi, sosial-iqtisadi göstəriciləri haqqında qonaqlara məlumat verən Famil Seyidov bildirib ki, 1995-ci ildən başlayaraq ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının muxtar respublikada uğurla davam etdirilməsi nəticəsində az bir zamanda sürətli inkişaf və ciddi nailiyyətlər əldə olunub. 1995-ci illə müqayisədə Ümumi Daxili Məhsul istehsalı 54,1 dəfə, sənaye məhsulunun həcmi 98,4 dəfə, əsas kapitala yönəldilən investisiyalar 362,3 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 9,3 dəfə, xarici ticarət dövriyyəsi isə 23,7 dəfə artıb. Naxçıvan Muxtar Respublikasında bu gün 450-yə yaxın istehsal müəssisəsi fəaliyyət göstərir ki, bu müəssisələrdə 344 növdə, 859 çeşiddə məhsul istehsal olunur. Muxtar respublikada ərzaq və tikinti materiallarına olan tələbatın əsas hissəsi artıq yerli istehsal hesabına ödənilməkdədir. 1995-2012-ci illərdə muxtar respublikada istifadəyə verilmiş sosial-infra­struktur obyektlərinin sayı 10 minə çatıb. 1995-ci ilədək muxtar respublikanın elektrik enerjisi tələbatının 90 faizdən çoxu idxal hesabına ödənilirdi. Yeni tikilmiş elektrik stansiyaları hesabına bu gün Naxçıvan artıq elektrik enerjisi ixracatçısına çevrilib. 
Qeyd olunub ki, muxtar respublikada sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasətin nəticəsində Ümumi Daxili Məhsul istehsalında özəl bölmənin payı 87 faizə çatıb. Sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə son illərdə 1100 layihənin maliyyələşdirilməsinə 114 milyon ABŞ dolları həcmində güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilib. Beynəlxalq təcrübənin öyrənilməsi və əlaqələrin daha da genişləndirilməsi istiqamətində dünyanın 42-dən çox ölkəsində keçirilmiş 150-dən artıq müxtəlif tədbirlərdə 850-yə yaxın sahibkarımızın iştirakı təmin edilib. 38 ölkə ilə ticarət əlaqələri qurulub və xarici ticarətdə müsbət saldo yaranıb. Xarici ticarət dövriyyəsində Çin Xalq Respublikasının payı 2011-ci ildə 24,2 faiz, 2012-ci ildə isə 8,35 faiz təşkil edib.
İqtisadi inkişaf naziri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası təbii sərvətlərlə zəngin bir regiondur. Muхtar respublika ərazisində 100-dən çoх filiz, 80-dən artıq qeyri-filiz yataqları və 250-dən çoх mineral su mənbəyi mövcuddur. Naxçıvanda xarici investorlar üçün əlverişli biznes mühiti yaradılıb. Yerli хammal əsasında qurula biləcək və iqtisadi cəhətdən səmərəli hesab edilən şüşə tara, хalça, balıq yemi, ipək sap və хam ipək parça, kafel və metlaх istehsalı, tullantıların qəbulu, emalı və digər sahələr üzrə investisiyaların cəlb edilməsi məqsədilə hər bir investor muxtar respublikamızda müəssisə yaratmaq üçün müraciət edə bilər. Bundan başqa, muxtar respublikada turizmin inkişafı istiqamətində də bir çox layihələr həyata keçirilməkdədir. Turizmin inkişafı ilə bağlı layihələrin reallaşdırılması istiqamətində də çinli iş adamlarının verəcəyi təkliflər dəyərləndiriləcək.
Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının sədr müavini Zhanq Vey çıxış edərək bildirib ki, təmsil etdiyi təşkilat ölkəsinin sənaye və ticarət sektorlarını təmsil edən şirkətlərin böyük bir hissəsini özündə cəmləşdirib. Bu təşkilat Çində xarici ticarəti təşviq edən qurumlardan biridir və Azərbaycan, eləcə də muxtar respublika ilə işgüzar əməkdaşlıq əlaqələri qurmağa maraqlıdır.
Bildirilib ki, Çin bu gün dünya ölkələrindən, əsasən, ərzaq məhsulları idxal edir. Biznes Mərkəzində təşkil edilən sərgi ilə tanışlıq isə göstərdi ki, Naxçıvan Muxtar Respublikasında yüksək keyfiyyətli məhsullar istehsal edilir və onlardan bir neçəsi beynəlxalq keyfiyyət standartı sertifikatı alıb. Bu da o deməkdir ki, həmin məhsullar Çin bazarında özünə asanlıqla yer tapa bilər. Bugünkü tədbirdə Çin iş adamlarının iştirakının məqsədi mövcud imkanların dəyərləndirilməsi, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsidir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını əks etdirən, ingilis dilində hazırlanan videoçarxa baxış olub, çinli və muxtar respublikadan olan iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
Çinli iş adamları işgüzar səfər çərçivəsində Duzdağ Fizioterapiya Mərkəzi, muxtar respublikada fəaliyyət göstərən bir neçə sənaye müəssisəsi – “Naxçıvan Sement Zavodu”, “Dizayn Sənaye Kompleksi”, “Gəmiqaya Mineral Sular”, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi”, “Naxçıvan Avtomobil Zavodu”, “Cahan Pen Plastik Məmulatları İstehsalı” Məhdud Məsuliyyətli cəmiyyətlərinin istehsal sahələri ilə tanış olublar.
İstehsal müəssisələri ilə tanışlıqdan sonra çinli iş adamı, “Changlin” kompaniyasının şöbə müdiri Yu Yonqjanq təəssüratlarını bizimlə bölüşərək qeyd etdi ki, təmsil etdiyi kompaniya tikinti üçün maşın və texnikanın, müxtəlif avadanlıqların istehsalı və satışı ilə məşğul olur. Onu ən çox heyrətləndirən Naxçıvan Sement Zavodunda yaradılan istehsal şəraiti və avadanlıqların müasirliyi olub. Onun dediklərindən: – Açığını deyim ki, Naxçıvanda bu qədər yüksək keyfiyyətə malik avadanlıqlarla təchiz olunmuş müəssisə görmək heç ağlıma belə gəlməzdi. Mən və yoldaşlarım bu zavodda yaradılan şəraitlə tanış olduqdan və istehsal prosesi, gündəlik məhsul istehsalının kəmiyyəti və keyfiyyəti haqqında məlumat aldıqdan sonra çox heyrətləndik. Həqiqətən də, böyük və təqdirəlayiq işlərdir. Muxtar respublikanın işgüzar mühiti haqqında çox zəngin təəssüratlarım var və öz ölkəmə qayıtdıqda bu təəssüratları həmkarlarımla bölüşəcəyəm.
Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasının sədr müavini Zhanq Veylə söhbətimiz zamanı dedi ki, Naxçıvan Muxtar Respublikasında birgünlük səfərdə olmasına baxmayaraq, muxtar respublikanın sosial-iqtisadi inkişafı haqqında zəngin məlumat toplayıb. Beynəlxalq ticarətdə əsas götürülən meyarlar siyasi və iqtisadi sabitlik, yüksək keyfiyyət, sənədləşmənin sürətlə həyata keçirilməsidir. Burada olarkən gördüm ki, Naxçıvanda bu amillər mövcuddur. Bu da onu deməyə əsas verir ki, yerli şirkətlər istehsal etdiyi məhsullar ilə dünya bazarında özünə layiqli yer tutmağa qadirdir. Digər bir məsələ isə Çin şirkətləri ilə Naxçıvan şirkətlərinin əməkdaşlıq səviyyəsidir. Düşünürəm ki, bizim bu işgüzar səfərdən sonra iqtisadi əlaqələr daha da möhkəmlənəcək, tarixi İpək Yolu üzərində yerləşən Çinin şirkətləri və Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasının iş adamları arasında əməkdaşlıq daha da genişləndiriləcəkdir.
Sonra Çin Xalq Respublikasının işgüzar dairələrinin nümayəndələri Naxçıvan Dövlət Xalça Muzeyi, “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksi, Açıq Səma Altında Muzey, Möminə xatın türbəsi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi ilə tanış olublar.
Çin Xalq Respublikasının iş adamlarından ibarət nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına işgüzar səfəri dünən başa çatıb.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR