23 Dekabr 2024, Bazar ertəsi

Beynəlxalq Standartlaşdırma Təşkilatının yarandığı gün – ok­tyabrın 14-ü hər il ölkəmizdə də “Beynəlxalq Standartlaşdırma Günü” kimi qeyd edilir.
Müasir dövrdə standartlaşdırma çoxşaxəli inkişafın tənzimlənməsi üçün istər ölkədaxili, istərsə də beynəlxalq aləmdə əsas meyar kimi qəbul olunur. Standartlaşdırmanın əsas məqsədləri istehsalın effektivliyinin artırılmasından, istehlakçılara çatdırılan məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsindən, insan sağlamlığının qorunması istiqamətində təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsindən, ətraf mühitin qorunmasından və ticarətdə texniki maneələrin aradan qaldırılmasından ibarətdir.
Ölkəmizdə standartlaşdırma sahəsinin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra bu sahəyə diqqət və qayğı daha da artırılmış, hüquqi baza möhkəmləndirilmiş, “Standartlaşdırma haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Yeyinti məhsulları haqqında” qanunlar və digər hüquqi sənədlər qəbul edilmişdir. Standartlaşdırma sahəsində həyata keçirilən islahatlar hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Azərbaycan Respublikasında standartlaşdırmanın inkişaf etdirilməsi, beynəlxalq standartlara harmonizasiya, beynəlxalq tələblərə cavab verən yeni milli standartların yaradılması və standartlar fondunun genişləndirilməsi, təkmilləşdirilməsi əsas məqsədlərdəndir. Azərbaycanda keyfiyyət infrastrukturunun inkişafı və tənzimlənməsi standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi fəaliyyət istiqamətləri vasitəsilə həyata keçirilməkdədir. Bu gün Azərbaycan Beynəlxalq Standartlaşdırma Təşkilatının, Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Avrasiya Standartlaşdırma Təşkilatının və Türkdilli Ölkələrin Bölgələrarası Standartlaşdırma Birliyinin üzvüdür.

Hazırda ölkəmizdə beynəlxalq standartların tətbiqi ilə bağlı mühüm proqramların qəbulu və icrası uğurla davam etdirilir. Ölkəmizdə milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması, müasir tələblərə uyğun yeni milli standartların qəbulu və tətbiqi prosesi də uğurla icra olunmaqdadır. Əsas hədəf ölkədə standartlaşdırmanın inkişaf etdirilməsi, beynəlxalq tələblərə cavab verən yeni milli standartların yaradılması və standartlar fondunun təkmilləşdirilməsindən ibarətdir. Çünki standartlaşdırmanın təkmilləşdirilməsi ölkə iqtisadiyyatının, sahibkarlığın inkişafında, istehlakçı hüquqlarının etibarlı qorunmasında, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsində başlıca amildir.
Naxçıvan Muxtar Respublikasında da keyfiyyətə nəzarət infra­strukturunun inkişafı və tənzimlənməsi standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət istiqamətləri vasitəsilə həyata keçirilir. Bu istiqamətlər üzrə fəaliyyətin davamlı dövlət qayğısı ilə əhatələnməsi səmərəliliyin artırılması üçün geniş imkanlar yaratmaqdadır. Məhz bu tədbirlərin davamı kimi hazırda Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üçün yeni inzibati bina inşa olunmaqdadır. Komitə üçün yeni binanın istifadəyə verilməsi əməkdaşların iş şəraitinin müasir tələblər əsasında qurulması ilə yanaşı, bu sahədə görülən işlərin keyfiyyətinə də müsbət təsir göstərəcəkdir. Eyni zamanda ötən dövr ərzində ölçmə vasitələrinin yoxlanılması üçün müasirtipli yeni avadanlıqların alınaraq muxtar respublikaya gətirilməsi komitə qarşısında qoyulan vəzifələrin yüksək səviyyədə icrasına imkan yaratmışdır.
Yeni, beynəlxalq tələblər səviyyəsində standartların tətbiqinə geniş imkan yaradan amillərdən biri də muxtar respublika iqtisadiyyatının sürətli inkişafı, istehsal müəssisələrinin müasir standartlara cavab verən maddi-texniki baza ilə təchiz olunmasıdır. Muxtar respublikada istehsal olunan məhsulların yüksəkkeyfiyyətli, rəqabətqabiliyyətli olması, görülən işlərin və göstərilən xidmətlərin müasir standartlara cavab verməsi qarşıda duran prioritet vəzifələrdəndir. Məqsəd istehlakçıların tələblərinə əsaslanan iqtisadiyyatın inkişafına nail olmaq, daxili, eləcə də xarici bazara keyfiyyətli məhsul çıxarılması prosesini sürətləndirməkdir. Bu isə standartlaşdırma sahəsində fəaliyyətin müasir tələblər əsasında qurulması ilə mümkündür.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi keyfiyyətə nəzarət infrastrukturunun və bu sahədə texniki tənzimləmə sisteminin qabaqcıl tələblərə uyğunlaşdırılmasını, istehlakçılara təklif olunan məhsulların keyfiyyətinin müasir standartların tələblərinə cavab verməsini və əhalinin etibarlı ərzaq məhsulları ilə təmin olunmasını fəaliyyətində əsas istiqamət kimi götürür. Cari ilin 9 ayı ərzində 24 milli standart, 1 sahə standartı və 2 texniki şərt komitənin standartlaşdırma fondunda qeydiyyata alınmışdır. Hazırda standartlaşdırma fondunda Azərbaycan Respublikasında qüvvədə olan 917 milli standart, 17 min 218 dövlətlərarası standart, 24 beynəlxalq standart, 30 Avropa standartı, 1 Rusiya standartı, 2 sahə standartı, 30 texniki şərt, 40 təsnifat, 1143 rəhbəredici sənəd, 173 metodiki sənəd, 2 təlimat olmaqla, ümumilikdə, 19 min 580 texniki normativ-hüquqi akt toplanmışdır.
Standartların təsərrüfat subyektlərinə çatdırılması və maarifləndirilməsi üzrə hüquqi və fiziki şəxslərlə 183 müqavilə bağlanmışdır. Muxtar respublikada fəaliyyət göstərən müəssisələrdə istehsal olunan məhsulların standartlara uyğun olaraq qablaşdırılması və etiketlərinin müasir dizayn və tərtibatda hazırlanmasına metodiki köməklik göstərilmiş, 79 müəssisədə istehsal olunan 129 məhsulun etiket layihəsi texniki normativ-hüquqi aktlara uyğun olaraq 3 dildə hazırlanmışdır. Almaniyanın “DQS UL Group” şirkətinin Azərbaycan təmsilçiliyinin rəhbəri tərəfindən muxtar respublikada fəaliyyət göstərən müəssisələrin rəhbərləri üçün “Peşə sağlamlığının və təhlükəsizliyinin idarə edilməsi” beynəlxalq standartı üzrə seminar keçirilmişdir. Komitənin standartlar fondunda mövcud olan standartların tələbləri ilə sahibkarları tanış etmək və bu sahədə maarifləndirmək məqsədilə 5 seminar keçirilmişdir.
Bu gün dünyada keyfiyyət standartlarının tətbiqi əsas meyar sayılır. Müəssisələrin gəlirlərindən, fəaliyyət sahəsindən, işinin həcmindən və bazardakı mövqeyindən asılı olmayaraq fəaliyyətlərinin ən səmərəli yolu beynəlxalq standartların tələblərinə uyğun idarəetmə sisteminin qurulmasıdır. Bu səbəbdən də muxtar respublikamızda əhalinin sağlamlığının və istehlakçıların hüquqlarının qorunması, ətraf mühitin mühafizəsi məqsədilə standartlaşdırma sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər bundan sonra da uğurla davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR