Müasir dövr Naxçıvanda iqtisadiyyatın aparıcı sahəsi olan sənayenin inkişaf etdirilməsi dövrü kimi xarakterizə olunur. Muxtar respublikada həm yerli xammalla, həm də yüksək texnologiyanın tətbiqi ilə işləyən sənaye müəssisələrinin yaradılması işi bu gün davam etdirilir. Artıq muxtar respublikada yerli və idxal xammal əsasında işləyən çox sayda sənaye müəssisələri fəaliyyət göstərməkdədir. Bu müəssisələrin əksəriyyətinin Naxçıvan şəhərində olması muxtar respublikanın paytaxtının sənaye şəhəri adlandırılmasına əsas verir.
Naxçıvan şəhərində emal sənayesinin inkişafı ilə bağlı bu yazımız üçün aldığımız məlumatda muxtar respublikanın paytaxtı üzrə emal-istehsal fəaliyyəti ilə məşğul olan müəssisələrin sayının, təxminən, 100-ə yaxın olduğu bildirilir. Əlbəttə, şəhərimizdə bu qədər sayda istehsal müəssisəsinin olması çox yaxşı haldır. Belə ki, bunlar arasında plastmas qablardan avtomobillərə, polietilen torbalardan mebellərə, quş ətindən şirniyyat məhsullarına qədər çox geniş profildə məhsullar istehsal edən müəssisələr vardır. Ümumilikdə, Naxçıvan şəhərində 35-ə yaxın profil üzrə ixtisaslaşmış sənaye müəssisələrinin olduğunu görürük. Bu müəssisələrdə yaradılmış iş yerlərinin sayına gəldikdə isə kifayət qədər ciddi bir rəqəmlə qarşılaşırıq. İki min beş yüzdən çox insanın daimi işlə təmin olunduğu Naxçıvan şəhərindəki istehsal-emal müəssisələri arasında işçilərinin sayının bir neçə nəfərdən tutmuş 275 nəfərədək olan çox geniş sayda sahibkarlıq subyektləri vardır. Mövcud müəssisələrin istehsal gücünə baxdıqda görürük ki, onlardan bəziləri, məsələn, hazırda 260 nəfərdən çox adamın işlə təmin olunduğu “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu müəssisədə hazırda 4 növ undan 18 çeşiddə çörək, 2 çeşiddə lavaş, 11 çeşiddə süd məhsulları, onlarla çeşiddə şirniyyat və peçenye, əriştə kimi milli mətbəximizdə mühüm yer tutan ərzaq məhsulları istehsal edilir. Burada istehsal olunan məhsulların hamısının xammalı yerli istehsala əsaslandığından keyfiyyət və xammal çatışmazlığı problemi yoxdur.
“Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətində Azərbaycanın məşhur mineral su brendi “Badamlı” istehsal olunur. İstehsal prosesinin tam avtomatlaşdırıldığı bu müəssisədə hazırda 40-a yaxın işçi çalışmaqdadır. Müəssisədə geniş çeşiddə istehsal olunan qazlı və qazsız “Badamlı” suları təkcə Naxçıvanda deyil, ölkəmizin hər yerində, eləcə də xarici bazarlarda özünə alıcı tapır.
Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillərə tələbat böyükdür. Zavod yaradıldığı 2008-ci ildən bəri müxtəlif modellərdə 5000-ə yaxın minik avtomobili istehsal edib. Bu zavod muxtar respublikada nümunəvi taksi nəqliyyatının təşkili üçün lazım olan avtomobillərin istehsalı baxımından mühüm rol oynayır. Hazırda zavodun istehsal etdiyi avtomobillərə Naxçıvandan başqa, Bakıda da böyük tələbat vardır. Gələcəkdə isə Gəncə və Sumqayıt şəhərlərində satış və servis mərkəzlərinin yaradılması planlaşdırılır.
Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilən quruculuq işlərində “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin payı böyükdür. 2010-cu ildə yaradılmış bu müəssisə diyarımızın təbii sərvətlərindən daha səmərəli istifadə etməklə travertin və mərmər emalı üzrə ixtisaslaşıb. Müəssisə muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərində yerli tikinti materiallarına olan tələbatın ödənilməsində mühüm rol oynayır.
Hər bir quruculuq işi öz bəzəyini müasir mebellərlə tamamlayır. Müasir komfort tələbatlarını ödəyən mebellər həm məişətimizdə, həm də iş yerlərində insanların rahat yaşaması və fəaliyyət göstərməsi üçün çox vacibdir. Bu tələbatın ödənilməsində Naxçıvan şəhərində fəaliyyət göstərən mebel istehsalı müəssisələri mühüm rol oynayır. Onlardan ən böyüyü olan “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti 2010-cu ildə yaradılıb. Hazırda 250-yə yaxın işçinin çalışdığı bu müəssisədə qonaq otağı, yataq, mətbəx və ofis dəstlərinin hazırlanması üzrə böyük təcrübə əldə olunub. 45 çeşid və çox sayda model üzrə istehsal olunan mebellər muxtar respublikamızla yanaşı, ölkəmizin digər yerlərində, habelə Türkiyə və Gürcüstanda da özünə alıcı tapmaqdadır.
“Dizayn Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal olunan məhsullara da Naxçıvandakı quruculuq işlərinin həyata keçirilməsində böyük tələbat vardır. 2011-ci ildə yaradılmış bu müəssisədə hazırda 60 nəfər işlə təmin olunub. İstehsal olunan məhsulların çeşidi isə çoxdur. Burada müxtəlif formada dekorativ məmulatlar, quraşdırma və dizayn üçün hər ölçüdə metal boru və profillər istehsal edilir. Ayrıca bu müəssisə şəhərimizə yaraşıq verən reklam lövhələrinin hazırlanması işini də həyata keçirir.
“Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal olunan məhsulların reklama ehtiyacı yoxdur. Doğrudan da, bu müəssisənin istehsal etdiyi məhsullar 10 ildən artıqdır ki, süfrələrimizin bəzəyidir. 230 işçinin daimi işlə təmin olunduğu cəmiyyətin istehsal sahələrində 8 adda, 96 çeşiddə məhsul istehsal olunur. “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətində isə 2 adda 78 çeşiddə məhsul istehsal olunur və hal-hazırda burada 44 nəfər işlə təmin olunub. 48 nəfərin daimi işlə təmin olunduğu “Ləzzət Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətində isə istehsal olunan quş əti və yumurta muxtar respublikanın daxili bazarının tələbatının əksəriyyətini ödəyir.
Plastik məmulatların istehsalı və satışı üzrə ixtisaslaşmış “Cahan-Pen” Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə yaradılıb. 90-dan çox işçinin çalışdığı bu müəssisədə plastik qapı-pəncərə hazırlanması üçün ağ və rəngli PVC materiallar, 10 növdə və 2 çeşiddə olmaqla, polipropilen borular hazırlanır. Müəssisənin istehsal etdiyi məhsullara tələbat böyükdür. Yüksək təzyiqə, istiliyə və digər mexaniki təsirlərə qarşı davamlı olan bu məhsullar muxtar respublikamızla yanaşı, ölkəmizin başqa regionlarında da satışa çıxarılır.
“Prestij Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə yaradılıb. Bu müəssisə yaradılanadək muxtar respublikada istehlak olunan pivə tamamilə idxal hesabına ödənilirdi. Ötən dövrdə öz istehsal fəaliyyətini genişləndirən müəssisənin istehsal etdiyi məhsullar hesabına daxili bazarın tələbatının böyük bir hissəsi ödənilməyə başlanıb. Hazırda 54 nəfərin çalışdığı bu müəssisədə pivə və limonad olmaqla, 2 çeşiddə məhsul istehsal olunur.
Muxtar respublikamızda fəaliyyət göstərən mühüm istehsal müəssisələrindən biri də “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisə şirniyyat, cipsi, alma sirkəsi və quş əti istehsalı üzrə ixtisaslaşıb. Burada 30 nəfərdən çox adam daimi işlə təmin olunub. Müəssisənin istehsal etdiyi bir sıra məhsullar muxtar respublikamızda daxili tələbatın ödənilməsi baxımından çox vacibdir. Çünki bu müəssisə işə düşməmişdən əvvəl həmin məhsullara olan tələbat tamamilə idxal hesabına ödənilirdi.
Naxçıvan şəhərində fəaliyyət göstərən çox sayda digər istehsal-emal müəssisələrinin adlarını çəkmək olar. Ümumilikdə, onların fəaliyyətini təhlil etdikdə görürük ki, bu müəssisələrin əksəriyyəti muxtar respublikada daxili bazarın tələbatlarının ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Böyük bir hissəsi son 10-15 il ərzində işə salınmış bu müəssisələrin bəziləri keçmişdə mövcud olmuş təcrübə əsasında yenidən qurulub, əksəriyyəti isə tamamən yeni yaradılıb. Ancaq bu müəssisələrin hamısının ümumi bir cəhəti odur ki, onlar yeni dövrün tələbləri – yüksək texnologiyaların tətbiqi ilə müasir standartlar əsasında işləməklə istehlakçılar üçün çox faydalı olan məhsullar istehsaletmə gücünə malikdirlər. Həm də təkcə Naxçıvan Muxtar Respublikası üçün deyil, ölkəmizin və hətta dünya bazarının tələbatları üçün. Naxçıvan artıq bir sənaye şəhəridir.
Əli Cabbarov