“Büllur saray”dan reportaj
Təbiət bu torpağa bir-birindən qiymətli, əvəzsiz nemətlər bəxş edib. Onlardan biri də duzdur. Bu diyarda duz çıxarılması insanların əsas məşğuliyyətlərindən biri olub. Araşdırmalar sübut edib ki, hələ Daş dövründən başlayaraq Naxçıvanda üstü qırmızı haşiyəli dağların altından ibtidai üsullarla duz çıxarılıb, ondan məişətdə, təsərrüfatda geniş istifadə edilib. Sonrakı dövrlərdə mədənlərdən çıxarılan duzun miqdarı artırılıb, bu nemət üçün dünyanın müxtəlif ölkələrindən Naxçıvana dəvə karvanları gəlib, tacirlər duz ticarətindən böyük var-dövlət əldə ediblər. Beləliklə, dağların bəyaz sərvəti bu torpağın insanlarının rifahında önəmli rol oynayıb.
Duzu çıxarmaq da, onu emal etmək də ağır işdir. Mətbəxdə duz qurtaranda mağazadan onu çox cüzi bir qiymətə əldə edə bilirik və təsəvvürümüzə belə gətirmirik ki, duzun süfrəmizə çatması üçün nə qədər insan zəhməti tələb olunur, nə qədər alın təri tökülür. Elə bir çoxları kimi mənim də mədənə gedənə qədər duzun hasilə gəlməsi haqqında təsəvvürüm çox az idi. Ancaq ötən günlərdə şaxtaya girdikdən, orada mədən ustaları ilə söhbət etdikdən sonra duz istehsalına nə qədər böyük əmək sərf edildiyinin, alın təri töküldüyünün və zəhmət çəkildiyinin şahidi oldum.
... Şaxtanın girişində məni mədən işçilərindən Nurəddin Məmmədov qarşılayır və bələdçilik edir. İçəri girəndə duz mədəninin özünəməxsus qoxusu ciyərlərimizə dolur və hava da hiss etdirir ki, biz artıq sonu görünməyən yerin təkindəyik. Biz hərəkət etdikcə narın duz dənələri ayaq altında xışıldamağa başlayır. Tavandan asılan, bayırda əsən xəfif mehin təsirilə aram-aram yellənən elektrik lampasının işığında duz layları işıqla kölgənin rəqsinin təsirindən daha əsrarəngiz, daha sirli, sehrli görünürdü. Bir az önə doğru getdikdən sonra mədənin dayaqlarla möhkəmləndirilmiş bölümü qarşımıza çıxır. Xüsusi qayda ilə tavana qədər düzülmüş ağac şpalları görəndə istər-istəməz bu dayaqların ağır tavana nə qədər dözümlü ola biləcəyini düşünüb, sözün düzü, bir az ehtiyat edirəm. Nurəddin usta dayaqlara çox diqqətlə baxdığımı görüb, bir az çəkindiyimi deyəsən hiss etmişdi:
– Çəkinməyə ehtiyac yoxdur. Bu şpallar və dayaqlar xüsusi növ ağaclardan düzəldilib. Çoxusu qara şamdır. Bu ağaclar rütubətə, nəmə və digər kənar təsirlərə qarşı çox davamlı olur. Onlar uçqun təhlükəsinin qarşısını almaq üçündür. Başımızın üstündəki laylardan hər hansı biri qopsa, bu qurğular onun yerə düşməsinin və hər hansı bir zərər verməsinin qarşısını alar. Onlar olmasa, şaxta insan həyatı üçün çox təhlükəli ola bilər. Çünki parçaların kənarları balta ağzı kimi iti olur. Ona görə də bu qurğuları quranlar işi çox məsuliyyətlə görür, bir balaca diqqətsizliyin nə ilə nəticələnəcəyini yaxşı bilirlər. Dünyanın başqa ölkələrindəki analoji mədənlərdən fərqli olaraq, bizdə məhsuldarlıqdan daha çox təhlükəsizliyə, insan amilinə böyük önəm verilir. Çünki söhbət insan həyatından, hər hansı bir ailənin taleyindən gedir.
Onun bu sahədə çox təcrübəli olduğunu görüb: – Neçə ildir burada işləyirsiz? – deyə soruşuram. Cavab çox qısa olur: – 1975-ci ildən.
Bu, məni çox heyrətləndirir. Nə az, nə çox. Düz 41 il. Görəsən, o, bu illər ərzində öz peşəsini dəyişməyi düşünübmü?
Onu bu sual qarşısında qoyanda səmimiyyətlə gülümsəyir. Deyir ki, artıq bu mədən, duz şaxtaları ona dünyanın istənilən yerindən doğmadır, əzizdir. Uzun illər elə alışıb ki, bir-iki gün şaxtadan kənarda qalanda özünü yaxşı hiss etmir.
Beləcə, söhbət edə-edə şaxtanın sonuna doğru irəliləyirik. Bir nəfər “Ehtiyatlı ol. Ayağın kiçik vaqonları çəkən kanatlara ilişə bilər”, – deyib məni kənara çəkir. Minnətdarlıq edib onunla tanış oluram. Mədənin təhlükəsizlik mühəndisi Zəfail İsmayılovdur. O, doqquz ildir ki, bu mədəndə işləyir. Şaxtanın hər qarışına yaxşı bələddir. Mənə qazma aparılan yerə qədər bələdçilik etməyi öz öhdəsinə götürür. Bir az getdikdən sonra mədən işçilərinin kənara çıxmadan istirahət edə bilmələri üçün yaradılan guşəyə çıxırıq. Burada, yerin altında yerin üstündəki bəzi çayxana və yeməkxanalara nümunə ola biləcək səliqə-sahman yaradılıb, stol və stullar qoyulub. Bir az öndə isə hər hansı bir qəza halında işçilərin daldalana biləcəyi guşə var. Zəfail usta deyir ki, şükür, hələ ki, bu guşədən istifadə etməmişik, ancaq ehtiyatı əldən vermək olmaz. Burada hər şey mövcud təlimatlara uyğun olmalıdır.
Çox keçmir ki, qazma aparılan yerə yaxınlaşırıq. Qazma ustası Ceyhun Hüseynov elektriklə işləyən ağır alətlə divarları deşib duz laylarını oradan qoparır, yerə düşən böyük layları parçalayıb daşınmağa hazır hala gətirir. Bu işi görmək böyük fiziki güc və dözüm tələb edir. Ancaq uzun müddətdir, bu işlə məşğul olduğundan ağır linglərlə işləmək Ceyhun üçün çətin deyil. O deyir ki, əvvəlcə divarlar deşilir, oraya müəyyən miqdarda partlayıcı qoyulur. Sonra uzaq məsafədən partladılır. Partlamadan sonra şaxtanın tavanında əsas laydan aralanmış duz qatları ola bilər. Linglərlə sonradan qopa biləcək qatları yoxlayıb yerə salırıq. Məhz bundan sonra şaxtada təhlükəsiz işləmək olar.
Mədən işinə nə az, nə çox, ömrünün düz 36 ilini sərf etmiş Fərrux Orucov deyir ki, şaxtaçı işi çətin olduğu kimi şərəfli bir peşədir. Duz çıxarılan əraziyə çatmaq üçün yerin altı ilə 1500 metr getməli olursan. Mədənçi işinə fiziki gücdən əlavə, güclü xarakter də lazımdır. Bunlar olmasa, burada işləmək çətin olar. Mədəndən çıxarılan duz kollektiv əməyin məhsuludur. Əgər 10 nəfər bir növbədə şaxtaya giribsə, demək, orada hamı bir-birinə hər çətinlikdə kömək olmalı, ağır yükün altına çiynini verməlidir. Fərdi düşünən insan şaxtaçı ola bilməz.
Bələdçim Nurəddin Məmmədov deyir ki, burada 4 şaxta fəaliyyətdə olub. Hazırda onlardan birində Duzdağ Fizioterapiya Mərkəzi fəaliyyət göstərir, əvvəllər insanların məşğuliyyətinə, sosial rifahına xidmət edən bu şaxta indi dünyanın dörd bir yerindən gələn adamlara sağlamlıq bəxş edir. Hazırda 1 nömrəli şaxtadan duz çıxarılır. Nə vaxtsa bu şaxta da bundan əvvəlki kimi şəfa ocağına çevriləcək. Sevinirəm ki, bunda bu günün şaxtaçılarının da əməyi olacaq, onlar hörmətlə yad ediləcəklər.
Mədəndən çıxarkən şaxtada işin gedişatı ilə maraqlanan “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Anar Əsədullayevlə qarşılaşırıq. O, bu mədənlərin qısa tarixçəsi haqda danışaraq deyir ki, qədimdə primitiv üsulla çıxarılan duz məişətdə istifadə olunmaqla yanaşı, mübadilə vasitəsi kimi Böyük İpək Yolu ilə Şərq və Qərb ölkələrinə aparılıb. Duzdağ yatağından sənaye üsulu ilə duz çıxarılmasına ilk dəfə 1927-ci ildə başlanılıb. Sovet dönəmində bu sənaye müəssisəsində istehsal edilən daşduz ittifaq respublikalarına göndərilib. 1988-ci ildən sonra bu sənaye müəssisəsinin fəaliyyəti tamamilə dayanıb, nəticədə, müəssisənin əmlakı dağıdılıb, təcrübəli mədənçilər işsiz qalıblar. Lakin ulu öndərimizin hakimiyyətə qayıdışından sonrakı dövrdə yeraltı və yerüstü sərvətlərlə zəngin olan muxtar respublikamızın təbii resurslarından, eləcə də duz mədənlərindən səmərəli istifadə olunub. Duz mədənində tikinti-quraşdırma, yenidənqurma, təmir-bərpa, abadlıq işləri aparılıb, istismarı dayanmış və uzunluğu 1700 metr olan 1 nömrəli şaxta, eləcə də mövcud 2 duz emalı sexi müasir texnoloji avadanlıqlarla təmin edilib, müəssisə yenidən qurularaq istifadəyə verilib. 2005-ci ildə isə istehsal gücü gündə 7 və 20 ton olan 2 yeni duz emalı sahəsi tikilərək istehsala başlanıb. Burada bütün istehsal prosesi avtomatlaşdırılıb, paketləyici avadanlıq quraşdırılıb. 2010-cu ildə 3 ədəd rəqəmsal yodvuran, 2 ədəd tarixvuran və 1 ədəd duzpaketləyən avadanlıq alınıb gətirilib. Beləliklə, əl əməyi yüngülləşdirilib, yüksəkkeyfiyyətli məhsul istehsalı ilə yanaşı, istehsal edilən məhsulun vaxtında sifarişçilərin ünvanlarına çatdırılması da təmin edilib. İstifadəyə verilən yeni istehsal sahələri Naxçıvanın duz yataqlarının istismarı tarixində qurulan ilk müasir istehsal sahələridir. Bu gün duz mədənində yeni texnoloji avadanlıqlarla təmin edilmiş 4 duz emalı sahəsi fəaliyyət göstərir, istehsal edilən məhsul “Duzdağ” əmtəə nişanı ilə satışa çıxarılır. Müəssisənin ixrac potensialı ildən-ilə genişləndirilir. Xammalın çıxarılmasından satışa göndərilməsinədək bütün texnoloji proseslərə, istehsal olunan duzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Burada laboratoriya da fəaliyyət göstərir. Çalışırıq ki, keyfiyyətli məhsul istehsal edib istehlakçılara çatdıraq.
...Hələ qədimdən insanlar duzun mistik gücünə, müsbət enerjisinə inanırdılar. Qədim polyak torpaqlarında, Efiopiyada (XIX əsrə qədər) duz tədavül vasitəsi kimi istifadə olunub. Səyyah Marko Polo xatirələrində yazır ki, Çində XIII əsrdə duzdan pullar hazırlanırdı. Rusiyada əziz qonaqları duz-çörək ilə qarşılayırlar, duzun tökülməsi pis əlamət sayılır. Şərq ölkələrində, o cümlədən də türkdilli xalqlarda da duza böyük dəyər verilir. Xalqımız tərəfindən də duz elin bərəkəti sayılan çörəyə bərabər tutulur, dost haqqında söhbət açılanda onunla “duz-çörək” kəsmişik deyilir. İnanclardan biri də insanların yaşadıqları evdə daşduz parçası saxlamalarıdır. Duz töküləndə evdə söz-söhbət olacağı ilə də bağlı inanclar mövcuddur. Sonuncu inanc, bəlkə də, ona görə yaranıb ki, duz ən əziz nemət kimi qorunsun, mühafizə edilsin. Dağlarımızın altından, bəyaz büllur saraylardan çıxarılan duzun qədir-qiymətini bilməli, sərvətimizin daha bir neçə min illərboyu xalqın rifahına xidmət etməsi üçün çalışmalıyıq.
Səbuhi Hüseynov