Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəri müasir şəhərsalma prinsipləri əsasında qurulur.
İstifadəyə verilən sosial obyektlər, inzibati və ictimai yaşayış binaları şəhərin memarlıq quruluşuna yeni görkəm verir. Qədim və müasir memarlıq elementlərinin sintezi əsasında aparılan kompleks quruculuq işləri şəhərin görkəmini tamamilə dəyişib. Son illərdə Naxçıvan şəhərində onlarla yaşayış binası əsaslı şəkildə təmir olunaraq və ya yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Bu istiqamətdə işlər cari ildə də davam etdirilir.
Belə ki, Əziz Əliyev küçəsindəki 41 nömrəli yaşayış binasında son tamamlama işləri görülür. “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən 5 mərtəbəli yaşayış binasının pəncərələri dəyişdirilib, dam örtüyü, kommunikasiya xətləri yenilənib. Bundan əlavə, binanın zirzəmisi təmir olunub, fasad hissə üzlük daşla üzlənib. Hazırda binanın ətrafında abadlıq işləri görülür, yerə kilid daş döşənir, arxa və ön hissələrdə gülkarlıqlar üçün ərazilər hazırlanır.
Naxçıvan şəhərinin “İstiqlal” küçəsindəki yaşayış binalarına da son illərin quruculuq tədbirlərindən pay düşüb. Burada 99 nömrəli yaşayış binasının sakinlərin istifadəsinə verilməsindən sonra 111 nömrəli yaşayış binasının yenidən qurulmasına başlanılıb. “Dizayn İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən yenidən qurulan binada işlərə cari ilin sentyabr ayından başlanılıb. İlkin olaraq qəzalı vəziyyətdə olan eyvanlar və sonradan artırılan hissələr sökülüb, sonrakı mərhələdə binanın ətrafı beton sütunlarla möhkəmləndirilib. Hazırda sütunların ucaldılması məqsədilə beton-qəlib işləri davam etdirilir. Bununla yanaşı, yaşayış binası arxaya doğru 3 metrlik məsafəyədək artırılıb ki, bu da sakinlərin mənzil sahəsinin genişlənməsinə imkan verəcək. Zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan binanın daxilində suvaq işləri, elektrik və istilik xətlərinin yenilənməsi davam etdirilir. 36 mənzilli yaşayış binasının yenidən qurulması sakinlərin rahatlığını tam təmin edəcək.
Naxçıvan şəhərinin “Atabəylər” məhəlləsində isə 2 nömrəli yaşayış binasının yenidən qurulmasına başlanılıb. Qısa müddətdə “Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən yenidən qurulan binada dam örtüyü vurulub, kommunikasiya xətləri dəyişdirilib. Hazırda yaşayış binasının daxilində pilləkənlərə daş döşənir, suvaq işləri görülür. Binanın fasad hissəsinin birinci mərtəbəyədək üzlük daşla üzlənilməsinə başlanılıb.
Yuxarıda adıçəkilən yaşayış binalarının yenidən qurulması sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdıracaq, Naxçıvan şəhərinə əlavə gözəllik verəcək.
Xəbərlər şöbəsi