Şərur rayonu muxtar respublikamızın kənd təsərrüfatı ilə məşğul olan ən iri bölgələrindən biridir. Rayonun iqtisadiyyatında heyvandarlıq, taxılçılıq, kartofçuluq, bostan-tərəvəzçilik, meyvəçilik aparıcı rol oynayır. Cari ildə bölgədə 17 min 115 hektar sahədə əkin aparılıb ki, onun da 7 min 637 hektarını taxıl, 760 hektarını kartof, 1578 hektarını tərəvəz, 1120 hektarını qarğıdalı, 491 hektarını paxlalı bitkilər, 31 hektarını günəbaxan, 474 hektarını bostan bitkiləri və sair təşkil edib. Rayonda taxıl biçini optimal müddətdə başa çatdırılıb, sahələrdən 24 min 117 ton məhsul toplanmaqla, hər hektarın məhsuldarlığı 31,6 sentnerə yüksəlib. Rayonda növbəti payızlıq taxıl əkininə start verilib.
Yeri gəlmişkən onu da deyək ki, bu ilin yazında 1324 nəfər torpaq mülkiyyətçisinə 664 min 600 manat yardım edilib və 1487 ton mineral gübrə paylanılıb. Bununla yanaşı, kənd təsərrüfatı ilə məşğul olan istehsalçılara “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 25 ədəd müxtəlif kənd təsərrüfatı texnikaları lizinq yolu ilə satılıb.
Rayonun torpaq mülkiyyətçilərinin kartof istehsalı və tədarükü sahəsində də yaxşı ənənələri var. Son illər rayonda kartofçuluğa marağın daha da artması müşahidə olunur. Torpaq adamları çalışırlar ki, aqrotexniki qaydalara əməl etməklə yüksək məhsuldarlığa nail olsunlar. Artıq kartof yığımı başa çatıb, 10 min 266 ton məhsul tədarük edilib. Bu il rayonda digər kənd təsərrüfatı məhsullarının istehsalında da məhsuldarlığın yüksək olacağı gözlənilir. Tərəvəz yığımı davam etdirilir, hələlik tarlalardan 16 min tona yaxın məhsul yığılıb. Bostançıların da üzü gülür, onlar da bol məhsul hasilə gətirə biliblər. İndiyədək 5 min 300 tondan artıq bostan məhsulları tədarük olunub. Hələlik 1500 tondan artıq paxlalı bitkilər, 7 min 400 tondan artıq qarğıdalı istehsal edilib. Rayonda kənd təsərrüfatı məhsullarının tədarükü səngimir. Məhsul yığımı payızın son aylarınadək davam edəcəkdir.
“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” rayonda meyvəçiliyin inkişafına təkan verib. Bu il barverən meyvə bağlarından indiyədək 15 min tondan çox meyvə satışa çıxarılıb. Hələ bağlarda məhsul boldur. Bu günlər rayonda şaftalı, alma, armud yığımının qızğın çağıdır. Heyva və nar da yetişmək üzrədir. Rayonda 2 min tondan artıq tutumu olan 10 soyuducu anbar vardır. Əhalinin payız-qış mövsümündə də meyvə və tərəvəz məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə tələbatdan artıq istehsal olunmuş belə məhsulların soyuducu anbarlara qəbulu və onların standartlara uyğun şəkildə saxlanılması təmin edilir.
Bəllidir ki, kənd təsərrüfatı məhsullarının istehsalının intensiv surətdə artırılması başqa mühüm amillərlə yanaşı, suvarma işinin düzgün təşkilindən də çox asılıdır. Rayonda hazırda 27 min hektardan artıq sahə suvarılır. Rayon Suvarma Sistemləri İdarəsi torpaq mülkiyyətçilərinə 321,6 kilometr uzunluğunda kanallar və arxlar vasitəsi ilə xidmət göstərir. Bundan əlavə, Araz çayı və Arpaçay sahillərində quraşdırılmış nasos stansiyalarının, subartezian quyularının gücündən də istifadə edilir. Bu il də Arpaçay dəryaçasında suyun bol olması əkinlərin vaxtında suvarılmasını təmin edib, su nasos stansiyalarında və kanallarda əsaslı və cari təmir işləri aparılıb, maşın və mexanizmlərin gücü ilə arx və kanallarda lildən təmizləmə işləri, subartezian quyularının əsaslı və cari təmir işləri davam etdirilib.
Hazırda rayonun təsərrüfatlarında 36 min 198 min baş qaramal, 131 min 512 baş davar mövcuddur. Bölgə iqtisadiyyatında heyvandarlıq mühüm əhəmiyyət kəsb etdiyindən bütün növ heyvanlar arasında aparılan diaqnostik tədbirlər, eləcə də qarayara, brusellyoz, çiçək, dabaq və sair xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər yerinə yetirilib, görülmüş işlər nəticəsində rayonda iri və xırdabuynuzlu heyvanlar arasında heç bir infeksion xəstəlik qeydə alınmayıb, heyvanların baş sayı artıb, məhsuldarlıq yüksəlib. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır.
2016-cı ilin ötən dövrü ərzində rayonda diri çəkidə ət, həmçinin süd, yun, yumurta istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artıb.
Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı və tədarükü sahəsində əldə edilən uğurlar bir tərəfdən bu sahədə çalışanların zəhməti hesabına mümkün olubsa, digər başlıca amil hərtərəfli və davamlı dövlət qayğısı bu prosesdə mühüm rol oynayıb. Rayonun torpaq mülkiyyətçiləri və fermerləri dövlətimizin onlara göstərdiyi qayğıdan ruhlanaraq bu uğurları daha da artırmaq əzmindədirlər.
Bu, təkzibolunmaz faktdır ki, ölkə başçısı cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında regionların inkişafı üçün həyata keçirilən siyasət respublikamızın kəndlərində, həqiqətən, öz gözəl bəhrəsini verir. Bir tərəfdən məhsul istehsalı artır, yeni infrastrukturlar qurulur, o biri tərəfdən də insanların rifahı yaxşılaşır. Şərurda olduğu kimi…
Elman MƏMMƏDOV