Bu sahənin inkişafına hərtərəfli şərait yaradılıb
Sağlam qidalanmada meyvə əsas şərtdir. Zəngin vitamini insanlar məhz bu ləziz nemətlərdən alır. Bəşəriyyətdə baş verən müharibələr, aclıq, səfalət zamanlarında meyvələr bəzi insanlara bu ağır dönəmi keçməyə kömək edib. Meyvəçilik muxtar respublikamızda həmişə insanların sevdiyi, onların məşğulluğunu təmin edən bir sahə olub. Bu sahədə bağlar diyarı kimi tanınan Ordubad rayonu xüsusilə seçilib. Özü də, əsasən, bu bölgə ərik bağları ilə məşhurlaşıb. Bu bağlarda yetişdirilən müxtəlif növ əriklər dünyada yetişdirilən ərik növləri içərisində birinci yerdə dayanıb.
“Naxçıvan tarixi” çoxcildliyində verilən bir məlumatda oxuyuruq: “Hər il orta hesabla Ordubaddan Tiflisə, oradan isə Ağstafa dəmir yolu vasitəsilə Rusiyanın mərkəzi şəhərlərinə 150 min pud quru ərik daşınırdı”. Tək elə bu fakt Ordubad əriyinin dadından-tamından, alıcı bolluğundan xəbər verir.
Meyvəçiliyin çox gəlir gətirən sahə olduğunu o dövrün statistikası da təsdiq edir. A.X.Pollovun hesablamalarında göstərilir ki, ərik ağacları əkilmiş hər desyatin torpaq sahəsində 200 ortayaşlı ağac olurdu və bunların hərəsindən 600 pud məhsul götürülürdü. Ərik qurusunun hər pudu həmin ərazidə 50 qəpiyə satılırdı. Hər desyatin ərik bağından sahibkarlar 280 manat təmiz gəlir götürə bilirdilər...
Bu barədə rayonun yaşlı sakini İbrahim Əliyevlə həmsöhbət olub öyrəndik ki, Ordubadda boş qalmış torpaq sahəsi olmayıb. Buranın torpağı meyvəçilik üçün gəlirli olduğundan bağbanlar həvəslə bu sahəni inkişaf etdiriblər. Deyir ki, vaxtilə Ordubadda 40 növdə ərik yetişdirilib. Bu sahədə Xanağa, Dəstə, Vənənd, Ağrı, Dizə, Düylün kəndləri xüsusilə seçilib. Bu kəndlərdəki bağlarda öz dadı və ətri ilə seçilən əbutalibi, haqverdi, şalax, göycənabat, ağcanabat, badam-ərik, kəri-kəri, növrəstə, balyarım, həbalı, hədci, gilərik kimi ərik növləri daha çox yetişdirilirdi.
O dövrün meyvəçilik tarixindən söz açan həmsöhbətim bildirir ki, Karteliyada və İrəvan quberniyasında keçirilən meyvəçilik sərgilərində Ordubad əriyi ən yüksək yerdə dayanıb. Əbutalibi əriyi 1898-ci ildə Kaliforniyada təşkil olunmuş meyvəçilik sərgisində birinci yerə layiq görülüb. Həmçinin dünyanın müxtəlif ölkələrində keçirilmiş sərgilərdə Ordubad meyvələri qızıl medallar qazanıb. 1866-cı ildə Ordubad şəhərindən 2 min pud əriyin bazara çıxarılması faktı da Ordubadda insanların meyvəçiliyə göstərdikləri marağı təsdiq edir.
Öyrəndik ki, bu sahə indi yenidən dirçəldilməkdədir. İcrası uğurla başa çatdırılan “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” rayonun meyvəçilik ənənələrinin inkişafına münbit şərait yaradıb. Naxçıvan Muxtar Rеspublikasında əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində, emal müəssisələrinin xammalla təchiz olunmasında və məşğulluğun təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən həmin proqramın davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” qəbul olunub. Dövlət proqramının qarşıya qoyduğu vəzifələrlə bağlı Ordubadda yeni bağların salınması, yerli meyvə sortlarının inkişafı və yeni sortların gətirilərək əraziyə uyğunlaşdırılması istiqamətində işlər getdikcə daha geniş vüsət alır. Rayon Statistika İdarəsindən aldığımız məlumat da bunu təsdiq edir. 2012-ci ildən bu yana Ordubadda meyvəçiliyin inkişafı istiqamətində görülən işlərə nəzər salanda aydın olur ki, həmin ildə bu bölgədə 673,31 hektar bağ olduğu halda, hazırda Ordubadda 705 hektar bağ mövcuddur. Həmin il barverən bağlar 524,94 hektar təşkil edib və bu bağlardan 2640,6 ton məhsul götürülüb. Bu gün Ordubad bağlarının 598 hektarı bar verir və bu bağlardan hələlik 14 ton məhsul götürülüb. Bu illərdə Sahibkarlığa Kömək Fondundan meyvəçilik üçün 7 nəfərə 98 min manat kredit verilib. 2012-ci ildə Dəstə kəndində 0,3 hektar sahədə tinglik, Xanağa, Gilançay, Biləv, Düylün və Dəstə kəndlərində, ümumilikdə, 11 hektar bağ salınıb. 2013-cü ildə bu iş Ordubad şəhəri, Tivi, Aşağı Əylis, Dəstə kəndlərində həyata keçirilərək 10 hektarda reallaşdırılıb. Sonrakı ildə rayonun müxtəlif kəndlərində, ümumilikdə, 13,4 hektar sahədə yeni meyvə bağı salınıb.
Ötən il meyvəçilikdə görülən işlər daha da genişləndirilib. Belə ki, rayonun Dəstə kəndi ərazisində 3,5, Düylündə 2 hektar, Əylisdə 15 hektar, həmçinin iməciliklər yolu ilə 5,5 hektar sahədə yeni ağaclar əkilib, 5 hektarda bərpa işi aparılıb. Ötən ilin payızında isə Dəstə kəndi ərazisində 5 hektar sahədə ərik bağı salınıb.
Rayonda meyvəçiliyin digər sahələri də inkişaf etdirilir. Cari ilin yazında Dəstə kəndində 1 hektar sahədə alma bağı, Gilançay vadisində 1 hektar sahədə cəviz bağı, Aşağı Əylis kəndində 9,5 hektar sahədə müxtəlif meyvələrdən ibarət yeni bağlar salınıb.
Güclü təsərrüfatçılıq ənənələri, qabaqcıl meyvəçilik təcrübəsi yaradılmış Ordubad rayonunda tarixən yetişdirilən, ölkəmizin müxtəlif bölgələrinə yayılan, dünya sərgilərində iştirak edən ərik sortlarının bərpası, yaşadılması bu gün vətənpərvərlik işinə çevrilib. Bu sahə ilə məşğul olanlardan biri də Ordubad şəhər sakini Əbdül Haşımovdur. Təcrübəli bağbanla söhbətimizdə öyrənirik ki, hər bir ordubadlı meyvəçilikdə genetik fondun qorunub saxlanmasını özünün vətəndaşlıq borcu sayır. Vurğulayır ki, muxtar respublikanın torpaq, iqlim və relyef xüsusiyyətlərinə asan uyğunlaşan meyvə sortlarından ibarət tingçilik sahələrinin yaradılması da bizim üzərimizə düşür və bu istiqamətdə hər bir bağban səy göstərməlidir.
Onun sözlərinə görə, çox qədim zamanlardan Təbriz bazarında Ordubadın əbutalibi əriyi, mərəs alçası və sarı albuxarası çox satılıb. İndi o mərəs alçanın kökü kəsilmək üzrədir.
Deyir ki, Ordubadda cəviz ağacları da yaxşı məhsul verib. Və bildirir ki, bizim cəviz sortlarını Kaliforniyaya aparıb seleksiyasını çıxarıblar. Limon əriyi, heyva, albuxara növlərini ermənilər ötən əsrin 50-ci illərində Amerikaya aparıblar. Ordubadın qədim əsgərabad əriyinin, göy əriyin kökü kəsilmişdi. Onları gedib İranın uzaq əyalətindən tapıb gətirmişəm. Bundan başqa, 7-8 növ şaftalı gətirmişəm.
Bəli, Əbdül Haşımov Ordubadın gəlirli sahəsi olan meyvəçiliyin inkişafı ilə məşğuldur. Yaratdığı tingçilik təsərrüfatında həm yerli meyvə sortlarını çoxaldıb satır, həm də başqa yerlərdən gətirdiyi meyvə sortlarını yerli şəraitə uyğunlaşdırıb çoxaldır. Təcrübəli bağban 50 calaq növündən istifadə edir. Azərbaycanın müxtəlif bölgələrinə onun tingləri aparılır. Amma bildirir ki, Naxçıvanın havası, suyu, torpağı burdakı meyvələrə daha yüksək təam verir. Odur ki, gənclər bu sahəyə maraq göstərib təhsil alsalar, becərməni biliklə yerinə yetirsələr, meyvəçilik daha yaxşı inkişaf etdirilər, yaxşı gəlir gətirər. Çünki torpaqda bağ salınmamışdan becərmə aparılmalı, ağacların inkişafına, məhsuldarlığına elmi şəkildə nəzarət olunmalıdır.
Deyir ki, bu bölgənin ərikləri şirinliyi ilə seçilir. Qurusı da, hazırlanan müxtəlif konserv məmulatları da yaxşı qazanc gətirir. Əgər ağ növrəstə əriyinin bir ağacından 175-200 kiloqram, haqverdi əriyinin bir ağacından 150-200 kiloqram məhsul götürmək olursa, ağcanabatdan şəkərsiz cem bişirilirsə, XIII əsrdən bağlarımızda becərilən badamı əriyinin bir ağacından 120-150 kiloqram, bir meyvəsinin çəkisi 60-65 qram olan hampa əriyinin bir ağacından 175-200 kiloqram, balyarım əriyinin bir ağacından 70-100 kiloqram məhsul götürülməsi mümkündürsə, niyə çoxaldılmasın?
Ordubad rayonunda iki soyuducu anbar da tikilib təsərrüfatçıların istifadəsinə verilib. Birinin tutumu 250, digərinin tutumu 100 ton olan bu anbarlarda bağların məhsullarını təptəzə saxlamaq imkanı var. Həmçinin Ordubad və Naxçıvan şəhərlərində təşkil olunan satış-yarmarkalarında ordubadlı təsərrüfatçılar bağlarının ətirli meyvələrini satışa çıxarıb qazanc əldə edirlər.
Bir sözlə, Ordubadın qədim meyvəçilik tarixi var. Meyvəçiliyin inkişafında, onun şöhrətinin geri qaytarılmasında, əhalinin daha yaxşı gəlir sahibi olmasında, insanların məşğulluğunda mühüm əhəmiyyət kəsb edən meyvəçiliyin inkişafına hərtərəfli şərait yaradılıb. Ona görə də inanırıq ki, Ordubad bundan sonra da barlı-bəhrəli meyvə bağları ilə buraya gələnləri məftun edəcəkdir.
Hafizə Əliyeva