İqtisadi aktivliyin yüksəldilməsi məqsədilə sahibkarlara güzəştli şərtlərlə maliyyə dəstəyinin göstərilməsi öz bəhrəsini verib, idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən emal və sənaye müəssisələri həyata vəsiqə alıb, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı artaraq 87 faizi ötüb. Özəl bölmənin inkişafı əhalinin tələbatının yerli istehsal hesabına yüksəkkeyfiyyətli məhsullarla təmin olunmasına da əlverişli şərait yaradıb.
Daxili bazarı yüksəkkeyfiyyətli yerli ərzaq məhsulları ilə təmin edən müəssisələrdən biri də 2011-ci ilin noyabr ayında yaradılmış “Ləzzət Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Özəl bölməyə, sahibkarlıq fəaliyyətinə göstərilən dövlət qayğısından bu müəssisə də bəhrələnib, Sahibkarlığa Kömək Fondundan 2012-ci ilin may ayında 400 min manat, dekabr ayında isə 650 min manat dövlət maliyyə dəstəyi göstərilib. Ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması üçün Babək rayonunun Kərimbəyli kəndində 20 min 674 kvadratmetr, kəsim və paketləmə istehsalı sahəsi üçün isə Hacıvar kəndində 5013 kvadratmetr torpaq sahəsi ayrılıb. Quşçuluq təsərrüfatında quşların bəslənilməsi üçün hər biri 15 min baş quş tutumuna malik 5 bina inşa olunub.
Həmin binalarda Türkiyənin “Tavsan” firmasının istehsalı olan, kompüterlə idarəetmə mərkəzi ilə təmin olunmuş müasir texnoloji avadanlıqlar quraşdırılıb, quşların yemlənməsi və suvarılması üçün tam avtomatlaşdırılmış xətt istifadəyə verilib, isitmə və soyutma sistemi yaradılıb. Onu da qeyd edək ki, quşçuluq təsərrüfatları əvvəllər qarışıq qüvvəli yemi və inkubator cücələrini xaricdən alıb əlavə daşınma xərci çəkir, vaxt itkisi ilə üzləşirdilərsə, artıq muxtar respublikamızda yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması ilə bu problem aradan qaldırılıb. Quşların bəslənməsi üçün qarışıq qüvvəli yem “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının qarışıq qüvvəli yem istehsalı müəssisəsindən, inkubator cücələri isə “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınır. Quşlar müəyyən olunmuş temperaturda 45-50 gün müddətində qapalı şəraitdə bəslənilir, onlara baytar həkim tərəfindən nəzarət edilir.
Quşların kəsimi və paketlənməsi üçün Hacıvar kəndində ayrılmış ərazidə istehsal sahələri, müxtəlif temperatura malik ayrı-ayrı soyuducu anbarlar tikilib istifadəyə verilib. İstehsal sahəsində Türkiyənin “Alberk” firmasından alınmış, istehsal gücü saatda 1500 baş quş olan tam avtomatlaşdırılmış xətt, soyuducu anbarlarda isə Türkiyə və Almaniya istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılıb. Kərimbəyli kəndindəki quşçuluq təsərrüfatının tikintisinə 569 min 883 manat, avadanlıqların alınmasına 174 min 861 manat, Hacıvar kəndində fəaliyyət göstərən kəsim və paketləmə istehsalı sahəsinin tikintisinə 543 min 568 manat, avadanlıqların alınmasına 675 min manat vəsait sərf olunub. Ümumilikdə, müəssisənin tikintisinə və texnoloji avadanlıqların alınmasına 1 milyon 963 min manatdan çox vəsait sərf olunub ki, bunun da 1 milyon 50 min manatı Sahibkarlığa Kömək Fondundan, 913 min manatı isə daxili imkanlar hesabına ödənilib.
Sanitar-gigiyenik qaydalara və texnoloji proseslərə ciddi əməl olunan müəssisədə quşların bəslənilməsindən tutmuş satışa çıxarılmasınadək bütün texniki normalara ciddi riayət olunur. Quşların kəsilməsi əl ilə aparılır, 6 mərhələdə təmizləmədən sonra 14 çeşiddə quş əti müxtəlif çəkilərdə “Ləzzət Broyler” tanıtım nişanı vurulmuş xüsusi paketlərə yığılır. Hər bir paketin üzərində toyuq ətinin çəkisi, istehsal tarixi, saxlanma şəraiti və istifadə müddəti göstərilir. Sonrakı mərhələdə isə məhsul hər birinin tutumu 5 ton olan 2 ədəd xüsusi soyuducuda 8 saat müddətində mənfi 35 dərəcə temperaturda dondurulur və hər birinin tutumu 40 ton olan 3 ədəd soyuducuda 18 dərəcə temperaturda saxlanılır. Buradan isə soyuducu kameralarla təmin olunmuş xüsusi avtomaşınlarla sifarişə uyğun olaraq ayrı-ayrı ticarət obyektlərinə göndərilir.
“Ləzzət Broyler” Məhdud Məsuliyyətli Cəmiyyəti quş əti istehsalına görə bazarda özünəməxsus yer tutub, rəqabətqabiliyyətli müəssisəyə çevrilib. Daxili bazarın tələbatından artıq istehsal olunan quş ətinin paytaxt Bakı bazarında və ölkəmizin digər regionlarında satışa çıxarılması nəzərdə tutulur.
Kərəm Həsənov