22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda aqrar inkişaf strategiyası hələ ulu öndərimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzfəsində çalışarkən hazırlanmışdır və bu gün də davam etdirilir. Ötən illər ərzində qəbul edilən bir sıra mühüm qərarlar və Dövlət proqramlarının icrası nəticəsində Naxçıvan Muxtar Respublikası özünün ərzaq məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilməsində xeyli irəliləyişə nail olmuşdur.
Ərzaq probleminin həll edilməsi sahəsində mühüm istiqamətlərdən biri də meyvə-tərəvəzçiliyin inkişaf etdirilməsidir. Çünki meyvə-tərəvəzçilik iqtisadi baxımdan əhəmiyyətlidir və bölgədə yerli iqlim və relyefə uyğun tezyetişən meyvə sortlarının becərilməsi üçün əlverişli ekoloji mühit vardır.
Ona görə də meyvəçilik və tərəvəzçiliyin inkişaf etdirilməsi bu gün də mühüm məsələ kimi qarşıda durur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın məqsədi də regionda bu sahələrin davamlı inkişafını təmin etməkdir. Çünki hələ qədim zamanlardan ulu diyarımız özünə məxsus keyfiyyətli yerli məhsulları ilə tanınmışdır. Bir vaxtlar mövcud olmuş qiymətli meyvə sortlarının yenidən bərpası, əkilib-becərilməsi, intensiv texnologiyalara əsaslanan yüksək keyfiyyətli və məhsuldar sortlardan ibarət meyvə bağlarının salınması, tərəvəz məhsullarının əkin sahələrinin genişləndirilməsi, yabanı meyvə-tərəvəz bitkilərindən istifadə imkanlarının müəyyənləşdirilməsi, daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılmasının proqramda nəzərdə tutulması adıçəkilən dövlət sənədinin yüksək əhəmiyyətə malik olduğunu göstərir. Bundan başqa, Dövlət Pro­qramının icrası meyvə-tərəvəzçiliyin inkişafı yolu ilə kənd əhalisinin məşğulluğunun artırılması, onların maddi-rifah halının yaxşılaşdırılması üçün də əlavə imkanlar açmışdır.

Bu sahələrə marağın ilbəil artmasının nəticəsidir ki, ötən il muxtar respublikada 4235 hektar meyvə bağından 41 min 995 tondan çox məhsul yığılmışdır. Bu da 2011-ci illə müqayisədə 1686 tondan çox məhsul deməkdir. Dövlət Proqramında meyvə istehsalının həcminin 50 min tona çatdırılması bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Həmin məqsədə çatmaq üçün sututarlara yaxın ərazilərin və çay vadilərində istifadə olunmayan torpaq sahələrinin əkin dövriyyəsinə daxil olunması təmin edilməli, məhsuldar meyvə bağları salınmalıdır. Bütün bu işlərin 2016-cı ilədək başa çatdırılması nəzərdə tutulmuşdur. 
Ötən il muxtar respublikamızda 6093 hektar tərəvəz bitkiləri əkini sahələrindən 65809,2 ton məhsul istehsal edilmişdir. Hər hektarın məhsuldarlığı 108 sentner olmuşdur. İnsanların sağlamlığının qorunmasında muxtar respublikada önəmli yer tutan mədəni bitkilərdən kartofun, pomidorun tez, orta və gecyetişən sortları, badımcan, bibər, soğan, sarımsaq və başqa tərəvəz növlərinin çoxlu sortları yayılmışdır. Buna görə müasir sənaye texnologiyasının tələblərinə cavab verən yeni sortların yaradılması, müasir kənd təsərrüfatı maşın və mexanizmlərindən istifadə olunması, suvarılmanın və növbəli əkinin tətbiqi, torpaqların münbitliyinin artırılması, istixana komplekslərinin yaradılması və digər tədbirlərin həyata keçirilməsi Dövlət Proqramının əsas istiqamətlərindəndir.
Bu gün muxtar respublika əhalisini qış aylarında faraş tərəvəzlə təmin etmək məqsədilə 9 istixana kompleksi fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasında meyvəçilik və tərəvəzçiliyin inkişaf etdirilməsi ilə əlaqədar Dövlət Pro­qramının tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssisləri tərəfindən təhlillər aparılmışdır. Aparılan təhlillər nəticəsində Ordubad rayonunun Dəstə, Gilançay, Dizə, Kələki, Gənzə, Aza, Kəngərli rayonunun Xok, Qarabağlar, Şahtaxtı, Böyükdüz, Yeni Kərki, Şahbuz rayonunun Şahbuzkənd, Nursu, Ağbulaq, Biçənək, Külüs, Kükü, Badamlı kənd­lərində bələdiyyələrin ehtiyat fonduna daxil olan kənd təsərrüfatına az yararlı olan torpaq sahələrinə baxış keçirilərək planaalma işləri aparılmış və bu sahələrin əkin dövriyyəsinə daxil edilməsi tövsiyə olunmuşdur.
Artıq yaz əkinlərinə başlanılıb. Bol məhsulun əsası bu günlərdə qoyulur. Torpaq mülkiyyətçilərinin zəhmətkeşliyi, dövlətin onlara ardıcıl qayğısı belə qənaət yaradır ki, bu il də muxtar respublikamızda məhsul bolluğu olacaq.

Tural HAQVERDİYEV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR