Şərur şəhərinin Heydər Əliyev prospektində rayon İcra Hakimiyyəti üçün yeni inzibati bina ucaldılıb. Artıq “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları obyektdə son tamamlama işləri görürlər.
500 kvadratmetr ərazini əhatə edən bina zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarətdir. Zirzəmidə qazanxana və 7 otaq yerləşir. Burada təsərrüfat işçiləri üçün otaqlar, əlavə 2 yardımçı otaq, arxiv və anbar mövcuddur. Birinci mərtəbədə sahəsi 108 kvadratmetr olan 130 yerlik iclas zalı, 7 iş otağı, ikinci mərtəbədə 12, üçüncü mərtəbədə 13 iş otağı və geniş foye vardır. Binanın mansardtipli sonuncu mərtəbəsi müasir Avropa memarlıq ənənələrinin vəhdətində inşa olunub. Burada 7 otaq yaradılıb.
Binanın dam örtüyü vurulub, qapı və pəncərələr salınıb, su, kanalizasiya, istilik, elektrik və rabitə xətləri çəkilib, divarlar suvanıb və boyanıb. Fasad hissəyə cilalanmış travertin üzlüklər döşənib, milli naxışlar vurulub. Üzlüklər birinci və dördüncü mərtəbələrdə mexaniki üsulla, ikinci və üçüncü mərtəbələrdə isə xüsusi yapışdırıcı vasitə ilə bərkidilib.
Artıq binanın həyətində abadlıq işlərinə başlanılıb. Burada bəzək ağacları və gül kolları əkiləcəkdir.
Xəbərlər şöbəsi